Bir dilçi alim kimi Nəriman müəllimin yaradıcılığına hələ universitetdə oxuduğum illərdə bələd olsam da, sonradan tale elə gətirdi 2012-ci ilin aprel ayından hazırda çalışdığım AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsində birgə işlədik. Bir dilçi kimi yaradıcılığına tədqiqatçılar, ziyalı insanlarımız kifayət qədər bələd olduqlarından ürək sözlərimi ifadə edəcək bu kiçik yazımda Nəriman müəllimin böyük insani keyfiyyətlərindən danışmaq istərdim. Belə ki, işə başladığım ilk günlərdən Nəriman müəllim haqqında onu tanıyanlardan – fəlsəfə doktorluğu işimdə elmi rəhbərim olmuş, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü Rəhilə xanım Məhərrəmova (Allah rəhmət etsin!), universitetdə müəllimim olmuş BDU-nun dosenti İslam Vəliyev, yaxın dostum filologiya üzrə fəlsəfə doktoru, dosent Elman Mirzəyev və başqa insanlardan eşitdiyim xoş təəssüratların artıq özüm də əyani şahidi olmağa başladım. Deyirlər, adın insanın taleyində böyük rolu var. Görünür, adın insan həyatında kəsb etdiyi mühüm rol Nəriman müəllimdən də yan keçməmişdir. Bunu əbəs yerə söyləmədim. Çünki Nəriman müəllim vaxtilə həm də institutun arxivinə rəhbərlik edirdi və o burada xalqımızın böyük ziyalısı Nəriman Nərimanovun böyük portretini xüsusi bir guşədə saxlayırdı. Artıq o zaman belə bir məntiqi nəticə çıxarmışdım ki, atası Fərman kişi oğluna məhz dahi Nəriman Nərimanovun şərəfinə o adı qoymuşdur. Bir insan üçün valideyni tərəfindən adlar içərisində gözəl bir adın seçilib qoyulmasından böyük xoşbəxtlik nə ola bilər. Məhz ona görədir ki, Nəriman müəllim istənilən məsələyə hər zaman özünün xoş prizmasından yanaşır, düzgün qərar verir. Nəriman müəllim bir müddət bundan öncə institutun müdafiə şurasının elmi katibi olan zaman da ona pənah gətirmiş yardım istəyən hər bir iddiaçıya xüsusi həssaslıqla yanaşaraq köməyini əsirgəmirdi.
Nəriman müəllim dostluqda çox sadiq və vəfalı insandır. O, eyni zamanda qarşısındakı insanın daşıdığı vəzifəsinə, rütbəsinə deyil, insani xüsusiyyətlərinə önəm verir. Onunla qəlbinin sirlərini bölüşən insanı ata məhəbbətilə dinləməklə yanaşı, həm də dəyərli məsləhətlərini də verir. Bir sözlə Nəriman müəllimin bir insan kimi yaşadığı müddətdə insanlığın ali zirvəsinə ucalmışdır desək, heç də yanılmarıq. Artıq bir saata yaxındır ki, Nəriman müəllim 70 yaşına qədəm qoymuşdur. Onu yaxından tanıyan bir insan kimi mən də gözəl və qayğıkeş insan, yaş fərqimiz olsa da, yaxın dostum, sirdaşım əziz Nəriman müəllimə Uca Yaradandan yalnız və yalnız can sağlığı, ailəsi ilə birgə sağlıq dolu bir ömür arzulayıram. Gün o gün olsun ki, biz onu sevən insanlar onunla birgə qarşıdakı illərdə 80, 90, 100 illik yubileylərini qeyd edək. Əzizim Nəriman müəllim, bir daha sizi anadan olmağınızın 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. YAŞAYIN, YARADIN, VAR OLUN!

Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Tətbiqi Dilçilik şöbəsinin aparıcı elmi işçisi

Daxil olundu: 05.03.2020 » Oxundu: 1859
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!