Mənim üçün mətbəədən yenicə çıxmış, müəllifi olduğum, ya mənə bilavasitə hansısa aidiyyəti olan kitabı əlimdə tutmaqdan artıq sevinc yoxdur.
Bu, yeni bir insanın dünyaya gəlişi kimidir.
Kitab yaranır və çevrilib olur tarixin bir parçası.
Əlbəttə, söhbət dəyərli, yaşamaq haqqı olan kitablardan gedir.
Bu gün – oktyabrın 10-da günorta saatlarında Özbəkstandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mənə Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tam tərcüməsinin mətbəədən elə həmin dəqiqələrdə götürdüyü, hələ heç tam qurumamış, sıxac altından yenicə çıxarılmış, səhifələrindən mətbəənin tanış qoxusu gələn 5 cildini gətirdi.
Özü də çox sevinirdi, məni də bu sovqatı ilə bəxtiyar etdi.
Həm də ikiqat!
Özünü ürəkdən fərəhlənmək haqqı ona görə vardı ki, uzun aylar boyu həmin layihənin ardınca olmuşdu, qısa zaman kəsiyində tarixi bir işin yerinə yetirlməsinin bütün təşkilati çətinliklərini adlayaraq məqsədinə yetmişdi.
Nizami “Xəmsə”si ilk dəfə başdan sona özbək şairi Camal Kamalın birbaşa orijinaldan tərcüməsində ortada idi.
Mən də ona görə ikiqat sevinirdim ki, əvvələn bu Nizaminin Günümüzə, ədəbi gerçəkliyimizə yeni böyük qayıdşıdır, tək Nizamişünaslığın, Azərbaycan və özbək ədəbiyyatlarının deyil, bütövlükdə mədəniyyətin, türk dünyasının mənəvi gerçəkliyinin son dərəcə qüruroyadıcı, əlamətdar hadisəsidir.
İkincisi də həmin cildlərdən birinə, Nizaminin “Həft peykər”inə – “Yeddi gözəl”inə önsözü mən yazmışam.
O müqəddimdən öz dilimizdə olan 1-2 parçanı, yeni doğulmuş cildlərin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində keçirdiyimiz MÜBARƏKLƏMƏ mərasimdən çəkilmiş fotolarla birgə diqqətinizə yetirirəm.
Nizaminin qocalmayan gözəlləri
Hər dahi sönməyən işıq deməkdir və nadir zəka sahiblərini ulduzlara bənzədənlər, əlbəttə ki, haqlıdırlar.
Nizami Gəncəvi (1141-1209) ilə bugünün insanını 9 əsrə yaxın zaman ayırır.
Bu müddət boyunca dünyaya milyardlarla insanlar gəlib-gedib, saysız-hesabsız ocaqlar yanıb-sönüb. Söz yox, bu əsrlər boyunca ömrünü ədəbiyyata həsr edən minlərlə şairlər də olub və onların əksəriyyəti də zamanın küləkləri kimi uçub gedib, adları belə yaddaşlardan silinib.
Onuncu əsrdən iyirminci yüzilliyə qədər yaranmış ərəb, fars, türkdilli təzkirələrdə – Yaxın və Orta Şərqin ənənəvi ədəbi şəxsiyyətlər ensiklopediyası adlandırıla biləcək 1000-ə yaxın mənbədə adı keçən ədiblərin ümumi sayı 1500 civarındadır. Həm də onların heç də hamısı hələ ən məşhurlar deyil. Ən məşhurları sayacaq olsaq, bu rəqəm aşağı-yuxarı 100 hüdudunda olar. Həmin 100-ün içərisindəki dahilərsə barmaqla sayılacaq miqdarda.
Nizami Gəncəvi məhz həmin ən seçilmişlərdən biridir!
Nizaminin doğulduğu, bütün həyatını yaşadığı Gəncədə möhtəşəm tikililərin, əzəmətli sarayların olduğunu tarixi mənbələr təsdiqləyir. Lakin vaxt onları da heç bir iz saxlamadan öz girdabına sovurub.
Tarixin ələyindən keçərək gələcəkdə yaşamaq, daim diri qalmaq səadəti yalnız tək-tək zirvə şəxsiyyətlərə nəsib olur.
Kimin işığı nə qədər gurdursa, onun çöhrəsi də gələcək içərisində o qədər aydın görünür. Bəzilərinin sadəcə adı qalır, hansı şairinsə bir, yaxud bir neçə beyti, hansı seçilmişlərinsə bütöv “Divan”ları, məsnəviləri, sıra-sıra mənzumələri yaşayır.
Lakin bir zirvələr zümrəsi də var ki, elə bil, onlar başqa zaman qatında mövcuddurlar. Adi təqvimlərin, dəyişən fəsillərin, ötən illərin, dönən əsrlərin sanki onlara aidiyyəti yoxdur. Hər yeni dövrlə, hər gələn yeni nəsillərlə onlar müasir ola bilirlər, hər təzə əsrdə onların köhnəlməz sözü yeni zamanın ruhuna uyğun səslənir.
Nizami hələ öz sağlığında sözünün böyük gücünə inanır, ən azı 1 əsr sonra da şeirlərinin oxunacağına, adının unudulmayacağına ümid bəsləyirdi və yazırdı ki, “100 il sonra “Nizami hardadır” soruşsan, hər beyti “Burdadır, burdadır” deyəcək”. Lakin Nizaminin yaşayıb-yaratdığı çağlardan səkkiz əsr ötüb, doqquzuncu əsr tamamlanmaq üzrədir və onun adı da, şeirləri də XII əsrdə hansı parlaqlıqda idisə, indi də o cür bərq vurur, 5 məsnəvidən ibarət “Xəmsə”si yenə ömrünü davam etdirməkdədir, gəncəli şeyxin məsnəvilərinin hər biri hər beyti ilə Nizaminin diri olduğunu təsdiqləməkdədir.
Lakin Nizami Gəncəvinin ömrü təkcə özünün bu gün də oxunan əsərləri ilə davam etmir. Nizami ədəbi məktəbinin saysız-hesabsız təmsilçilərinin yaşayan irsi də Nizaminin ədəbi və əbədi diriliyinə daha bir zəmin yaradır.
Nizami Gəncəvi Azərbaycanın yüksək iqtisadi və mədəni tərəqqi yaşadığı XII əsrdə, əsas mərkəzlərindən biri Gəncə şəhəri olan Atabəylər dövləti zamanlarında ədəbi meydana atılmışdı. Mənbələrin verdiyi məlumatlar və şairin əsərlərinə səpilmiş ayrı-ayrı soraqlar açıqca göstərir ki, Nizami Gəncəvi ensiklopedik zəkaya malik, müxtəlif elm sahələrində dərin biliklərə sahib olan bir mütəfəkkir imiş.
Şərq intibahının ən müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaratmış bütün şairləri ilə müqayisə edəndə belə bir müstəsnalığı aydın olur ki, heç bir qələm sahibi özündənsonrakı ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməmişdir.
XIII əsrdən, Əmir Xosrov Dəhləvinin Nizami “Xəmsə”sinə cavab yazmasından sonra bu, bir ənənəyə çevrilmiş, orta əsrlərin müsəlman Şəqri ədəbi düşüncəsində Nizaminin bütöv “Xəmsə”sinə, yaxud ən azı onun beşliyindəki məsnəvilərdən birinə layiqli nəzirə yaza bilmək ali şairlik imtahanı sayılmışdır.
Bu imtahandan keçənlər, yazdıqları nəzirələr, ədəbi mühitdə təqdirlə qarşılananlar sanki elə böyük ədəbiyyata da vəsiqə almışlar.
Dünya ədəbiyyatında əsərlərinə ən müxtəlif xalqların şair və yazıçıları arasında Nizamiyə olan qədər cavablar yazılan ikinci bir sənətkar yoxdur.
Həm də Nizaminin vəfatından az “Xəmsə”sinə cavablar yalnız ədəbiyyatda deyil, yeni dövrün sifarişi ilə digər yaradıcılıq sahələrində də meydana gəlməkdədir.
Nizami ədəbi məktəbi Şərq xalqlarının ədəbiyyatlarında aparıcı mövqe tutmaqla yanaşı, musiqidə, rəssamlıqda, teatrda, kinoda, incəsənətin digər sahələrində də müşahidə edilməkdədir.
...Mahmud Kaşqarinin (1029-1102) türk dillərinin tarixində xidmətləri nə qədər müstəsnadırsa, türk dilinin və türkdilli ədəbiyyatın boynunda söz və fikir nəhəngi Əlişir Nəvainin də haqqı o qədər böyükdür.
Nizami Gəncəvini türk dünyası ilə bütün zənginliyi, dərinliyi və parlaqlığı ilə açmaqda onun gəncəli ustada cavab yazdığı “Xəmsə”sinin nə qədər əhəmiyyəti varsa, Nizami ədəbi ənənələrinin türkdilli xalqların ədəbiyyatında oturuşmasında da Nəvai irsi və şəxsiyyətinin əvəzsiz təsiri olmuşdur.
Tarixin sınaqlarından çıxmış həmin nəcib ənənələrin nəticəsidir ki, Nizami bu gün Azərbaycanda olduğu qədər Özbəkistanda da əziz tutulmaqda, sevilməkdədir.
Nizami şeirlərini İrəm bağında, Cənnət bağçasında açılan çiçəklərə bənzər tutan Nəvai gəncəli söz tilsimçisinin və onun ardınca hind bülbülü Əmir Xosrov Dəhləvinin farsca yazdığı məsnəvilərdən fars dilində oxuyub anlayanların zövq aldığını yazaraq mühüm bir mətləb üzərinə gəlirdi.
Bir böyük vətənpərvər, türklüyün təəsübkeşi kimi qürurla səsini ucaldan Əlişir Nəvai ana dilində yazmaqla başlıca məqsədinin türk insanını sevindirmək, sözün gözəlliyi ilə onları feyziyab etmək olduğunu bildirirdi.
Millətpərvər, yurdsevər şairin məramı bu idi ki, məsnəviləri farsca oxuyub sonacan anlayan, o səbəbdən də könül dolusu həzz alanlar kimi qoy mənim türküm də bu inciləri öz dilində oxuyaraq farscada mütaliə edərkən qədərincə ala bilmədiyi ləzzəti bütünlüyü, genişliyi ilə duysun:
Min kim bu tərəf güzar qıldım,
Bu rəncini ixtiyar qıldım.
Əvvəldə küb eylədim təəmmül,
Ta könlümə girdi bu təxəyyül.
Kim Gəncədə gənclər yaşurğan,
Hər gəncinə kim yasadı qurğan
...Çün farsi irdi nüktə şövqi,
Azrağ idi anda türk zövqi.
Ul til bilə nəzm buldi məlfuz,
Kim farsi anlar, oldi məhzuz.
Min türkcə başlaban rəvayət,
Qıldım bu fəsanəni hekayət.
Kim şöhrəti çün cəhanğa tulğay,
Türki elinə dəxi bəhrə bulğay.
Nizaminin hər qitəsinin, hər qəzəlinin, hər qitəsinin, hər rübaisinin, hər məsnəvisinin çağdaş özbək dilinə çevrilməsi mahiyyəti etibarı ilə vaxtilə Nəvainin tutduğu yola sədaqət göstərmək, onun vəsiyyətinə əməl etməkdir.
Qardaş özbək ellərində azərbaycanlı Nizaminin abidəsi ucalır, adı neçə ünvanda əbədiləşib, ən mühümü isə budur ki, Nizami hər gün şirin özbək dilində danışmaqdadır.
Nizami “Xəmsə”sinin əbədi yaşıl budaqlarından biri olan “Həft peykər”in qocalmayan gözəlləri füsunkar özbək dilinin qanadlarında şeir üfüqlərində yeni uçuşuna başlayır.
XII yüzilin Nizamisi XXI əsrin Özbəkistanında yenidən doğulur.
“Həft peykər” sonu olmayan varlığının yeni mərhələsinə qədəm basır.
Azərbaycanın Ulu Şairi köhnəlməz sözü ilə özbək insanının düşüncələrinə, duyğularına və ruhuna bir az da yaxın, bir qədər də doğma olmaq üçün təzə və bitməz səfərini başlayır.

Rafael Hüseynov
Akademik, Azərbaycan Respublikası Milli Məclisinin
Mədəniyyət Komitəsinin sədri, Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru

Daxil olundu: 11.10.2019 » Oxundu: 206
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!