Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ucar rayon Komitəsinin sədri Təbriz Hüseynov 1959-cu ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. Elə həmin il təyinatla boya-başa çatdığı Qazıqumlaq kənd orta məktəbinə göndərilib və kənd məktəbində pedaqiji fəaliyyətə başlayıb. 1998-ci ildə məktəbə direktor təyin edilib. 2008-ci ildən isə TİAHİ Ucar rayon komitəsinin sədridir.
Həmkarlar İttifaqı haqqında məlumat verən Təbriz müəllim qeyd etdi ki, Həmkarlar İttifaqı Komitəsi əmək prosesində işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qorumalı olan, öz üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır. Rayon təhsil şöbəsi daxilində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı Komitəsi yarandığı gündən öz vəzifəsinə sadiq qalmış, təhsil işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasında, maddi və mədəni səviyyəsinin yüksəldilməsində önəmli rol oynamış, təhsil işçilərinin əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görmüşdür. TİAHİ Ucar rayon komitəsi öz fəaliyyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nizamnamələrini əsas götürmüşdür.
Qeyd edək ki, hazırda komitənin 2 min 548 üzvü vardır. Komitə sosial vəziyyəti aşağı səviyyədə olan bir neçə ailəni himayəyə götürüb. Burada təqaüdə çıxan təhsil işçilərinin ad günü yubileylərinin keçirilməsi artıq bir ənənə halını alıb. Bu zaman yubilyarlara qiymətli hədiyyələr də təqdim edilir.
Təbriz müəllim xüsusi olaraq vurguladı ki, komitə üçün insanların sağlamlığı daha əhəmiyyətlidir. Odur ki, hər il müəyyən sayda təhsil işçisi putyovka ilə müxtəlif istirahət müəssisələrinə göndərilir. Ötən il komitəyə ərizə ilə müraciət edən 40 yaxın təhsil işçisi müxtəlif sanatoriyalara göndərilib. Komitə tərəfindən həmçinin xəstə olan və müəyyən sosial çətinliyə məruz qalan insanlara da maddi yardım olunur. Ən əsası isə bu ictimai birlik ən xoş və ən ağrılı günlərdə insanının insana gərəkliyini təsdiqləyən bir qurumdur. Odur ki, komitə təhsil işçilərini – öz üzvlərini yalnız sosial yardımlarla deyil, həm də mənəvi dəstəklə təmin etməyə çalışır. Çünki insan amili heç nə ilə müqayisə oluna bilməz. Dəyər verməyi, qiymətləndirməyi hər kəs bacarmaladır. Vaxtında və məqamında göstərilən diqqətin dəyəri isə daha böyükdür.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.01.2020 » Oxundu: 1536
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!