Tofiq Vəliyev Lerik rayonunun adlı-sanlı həkimlərindəndir. Nəinki Lerikdə, ətraf rayonlarda da hər kəs onu bacarıqlı bir həkim-terapevt kimi tanıyır.
Tofiq Həkim 1956-cı ildə Lerik rayonunun Babagil kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 1981-ci ildə universiteti terapevt ixtisası üzrə bitirib. Həkimlik fəaliyyətinə Bakı şəhər 5 saylı xəstəxanasında başlayıb. 1983-1985-ci illərdə Lerik RMX-da işləyib. Daha sonra rayonun Peştətük kənd xəstəxanasında çalışıb. Hazırda mövsümi olaraq Lerik rayon «Meşəbəyi» sanatoriya-kurort mərkəzində işləyir.
Tofiq həkim dəfələrlə Almaniyada ixtisasartırma və ixtisasdəyişmə kurslarında olub. O, məhz Almaniyada antomotoksik ixtisasına yiyələnib. Hazırda ostopatiya kursunu başa vurmaq üzrədir. Tofiq həkim, həmçinin dayaq-hərəkət sistemi xəstəlikləri üzrə ixtisaslaşıb.
Tofiq həkimin həyat yoldaşı da tibb işçisidir. Övladları isə Türkiyədə ali təhsil alıblar.
Dövlətimizin səhiyyəyə olan qayğısından söz açan Tofiq həkim qeyd etdi ki, ölkəmizin səhiyyə sistemi geniş və çoxşaxəlidir. Dövlətimiz insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş yüzlərlə səhiyyə müəssisəsi əhalinin istifadəsindədir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinə yüksək qiymət verərək demişdir: «Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik».
Bu gün yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Bu isə sonucda xalqımıza, insanların sağlamlığına olan diqqət və qayğıdır.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 02.05.2019 » Oxundu: 1874
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!