2014-cü ildə fəaliyyətə başlayan «MEDİCAN HOSPİTAL» özəl tibb mərkəzinin peşəkar mütəxəssislərindən biri də həkim-nevroloq Elpay Şükürovdur. O, 1978-ci il 27 avqustda Astara rayonunun Pensər kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 2001-ci ildə universiteti bitirib və 2002-2005-ci illərdə ordu xidmətində olub. 4 ay Türkiyədə kurs keçib və təyinatla Lənkəran Müalicə Diaqnostika Mərkəzinə göndərilərək həkimlik fəaliyyətinə başlayıb. 2016-cı ildən isə Lənkəran «MEDİKAN HOSPİTAL»da həkim-nevroloq işləyir.
Redaksiyamıza daxil olan məktublara əsasən deyə bilərik ki, Elpay Şükürovun qəbuluna düşmək üçün xəstələrin, ən azı, 15-30 gün qabaqcadan qəbula yazılmaları lazımdır. Xəstəxanada olarkən də şahidi olduq ki, növbədə duranların sayı çoxdur. Qısa vaxtda özünü bacarıqlı bir həkim kimi göstərən Elpay həkimə nəinki Lənkərandan, hətta ətraf rayonlardan olan Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və s. rayonlardan müraciət edənlər də vardır. Bu pasiyentlər növbə məsələsini isə telefonla həll etməli olurlar.
Elpay həkim son illərdə nevroloji xəstəliklərin artmasının səbəbini daha çox informasiya bolluğunda görür. Son dövrlərdə həyat tərzinin dəyişməsi, fiziki əmək tələb edən işlərin avtomatlaşdırılması insanlarda artıq çəki, yuxusuzluq yaradır ki, bu da beyin damarlarının tutulmasına, genetik xəstəliklərin aşkara çıxmasına və s. səbəb olar, – deyir Elpay həkim.
Xəstəxananın iş rejimi haqqında danışıan Elpay həkim dedi: «MEDİCAN HOSPİTAL tibb mərkəzinin fəaliyyətinin əsas istiqaməti əhaliyə qabaqcıl diaqnostik laborator xidmətlər göstərməkdir. Klinikamızın tibb xidmətləri sektorunda özünəməxsus yeri var. Biz hazırda pasiyentlərə dəqiq diaqnoz qoymaq və onların müalicəsində yaxşı nəticə əldə etmək istəyən həkimlərə kömək üçün geniş spektrdə müxtəlif laborator testlər və şərh üçün asan başa düşülən nəticə blankları hazırlayırıq. Bizim klinikamızda laborator diaqnostika ilə yanaşı müxtəlif elmi dərəcələri olan yüksək ixtisaslı mütəxəssislər çalışırlar. Təcrübəli əməkdaşlarla yanaşı, öz təcrübəsini daima artıran gənc həkimlər, laborantlar və texniki işçilər də çalışırlar. Bizim mərkəzdə əsas istiqamət sayılan laborator diaqnostika ilə yanaşı müxtəlif müalicəvi və diaqnostik prosedurlar (Rentgen, USM, EKQ, EXOKQ, EEQ, plazmaferez, ozonoterapiya) aparılır. Mərkəzimiz urologiya, ginekologiya, dermatologiya, qastoenterologiya, endokrinologiya, kardiologiya, manual terapiya və müxtəlif vacib sahələri əhatə edir. Klinikamızda qiymətlər bütün sosial təbəqələrə əlverişlidir, həmçinin daima güzəştlər və aksiya tədbirləri reallaşdırmaqdayıq».

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 05.12.2019 » Oxundu: 4372
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!