Azərbaycan və Türkiyə türklərinin formalaşmasında əsaslı rol oynayan qədim oğuz tayfalarının folkloru olduqca zəngin və çoxcəhətlidir. Oğuzların hörmətlə əldən-ələ gəzdirdikləri “Dədə Qorqud kitabı”yla atbaşı gedən, təxminən iki min atalar sözü və məsəldən ibarət olan “Oğuznamə” toplusu Qərb oğuzcalarının tarixinin öyrənilməsinə xidmət edə biləcək qiymətsiz bir xəzinədir.
Tarixi faktlar göstərir ki, Azərbaycan Respublikasının qərb regionu hələ ta qədimdən türk tayfalarının məskəni olmuşdur. Qorqudşünaslar İç Oğuzun-Kürlə Araz qovşağında (Aranda) yerləşən torpaqları əhatə etdiyini göstərmişlər. Azərbaycan dilinin qərb şivələrinin (ədəbi dildən daha çox) bir çox xüsusiyyətlərinə görə (dodaq ahənginin olması, qalınlaşma hadisəsi, velyar η səsinin saxlanması və s.) digər oğuz dilləri ilə yaxından səsləşməsi təsadüfi deyildir. Bu regionda olan toponimik adlar (Qarapapaq (Qazax), Afşar (Qərbi Azərbaycan) və s.) da bunun göstəricisidir.
“Oğuznamə” toplusunun dil xüsusiyyətləri (fonetik, leksik, qrammatik) həm olduğu kimi, həm də dəyişikliyə uğramış şəkildə Azərbaycan dilinin qərb şivələrində qorunub saxlanılmışdır. Bir neçə nümunəyə nəzər salaq:
d<t səs əvəzlənməsinə qərb şivələrində təsadüf edilir. Məs.: tix´, tustax, tukan, tıfar//tuxar və s. Bu hal “Oğuznamə”nin dilində geniş şəkildə müşahidə olunur. Məs: Açın könlü toyarsa, gözi toymaz; Ərənlər tağa yürü demiş, yürüməmiş, kəndüləri yürümiş və s.
b<p əvəzlənməsinə qərb şivələrində söz əvvəlində tez-tez rast gəlmək mümkündür. Məs.: piter, putax, pirqədir, pıçax, pişmiş və s. “Oğuznamə”nin dilində rast gəlinir. Məs.: Bal tutan parmağın yalar; Çiğ bişincə pişmiş həqqə irər və s.
Qalınlaşma qərb şivələrində əsas fonetik hadisə kimi qeyd oluna bilər. Məs.: vatan, xavar, Zeynaf, Hasan, xarc, tasdıx, ciyar, surat və s.
Dilçilik ədəbiyyatında Azərbaycan dili incələşməyə meylli bir dil kimi səciyyələndirilir. E.Əzizov göstərmişdir ki, “ekstralinqvistik amillər (dil xüsusiyyətlərinin qarışıq təbiəti, yad dillərlə təmas) türk dillərindən biri kimi Azərbaycan dilində qalınlıq ahəngindən incəlik ahənginə inkişaf meylini dilin mövcud potensial imkanını müəyyən dərəcədə fəallaşdırır”.
Azərbaycan dilinin incələşməyə meyliliyi onu digər oğuz qrupu dillərindən (türk, türkmən) fərqləndirən başlıca cəhətlərdəndir. Maraqlıdır ki, qərb şivələrinə məxsus qalınlaşma xüsusiyyəti onları Azərbaycan dilindən fərqləndirərək digər oğuz qrupu dilləri ilə yaxınlaşdırır. Qərb şivələrini səciyyələndirən bu xüsusiyyət digər oğuz qrupu dillərində ədəbi dil səviyyəsindədir. M.Ergin bunu iki dilin materialları zəminində belə izah edir, “Azəri və Osmanlı türkcələri arasındakı bir fonetik fərq də alınma kəlimələrin tələffüzü ilə bağlıdır. Osmanlı sahəsində qalın olaraq söylənən alınma kəlimələr Azəri türkcəsində incə şəkildə söylənilir”. Analoji hadisəni geniş şəkildə Azərbaycan dilinin qərb şivələrində müşahidə etmək olar. Məs.: şarayıt, zayıf, icaza, baxadafar, tuşman (Tov.), Ismandıyar<İsfəndiyar, zulum, umut və s.
Qalınlaşma “Oğuznamə”nin dilində də bəzi hallarda müşahidə olunur. Məs.: Atalar “düşman gəldi demişlər, al atlu alnında saqaru qılınclaşsun” demiş; Ölmüş evin rızğı öləcək evə qoyulur və s.
Yarandığı dövrün dil mənzərəsini əks etdirən “Oğuznamə”nin leksikası türk dilləri və onların şivələrində qorunub saxlanılmışdır. Böyük zaman kəsiyinə baxmayaraq, bu gün də Qərb-Oğuz ədəbi ləhcəsinə daxil olan Azərbaycan və türk dilləri eposun dili ilə səsləşir. Ədəbi dildə işləkliyini itirən sözlər isə bu dillərin şivələrində mühafizə edilmişdir. Azərbaycan dilinin qərb şivələrində yetərincə “Oğuznamə”dən miras qalan sözlər istifadə edilir:
Azıx- yol azuqəsi. Bu dialektizm Qazax şivəsində qeydə alınmışdı.
Kaşğarinin lüğətində bu vahid “azuk” şəklində qeydə alınaraq mənası “azuqə” kimi izah edilmişdir. Burada nümunə olaraq bir məsəl də verilmişdir: ”Sartnınq azukı arığ bolsa, yol üzrə yer=satıcının malı təzə olsa, elə yoldaca yeyər”. Bu söz doğruçul və mötəbər olduğunu iddia edən, lakin sözünü isbat edə bilməyən adam haqqında deyilir. Lüğətdə tərkibində “azuk” sözündən əmələ gələn başqa sözlər də qeydə alınmışdır (azukluğ, azuklandı və s.).“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Üç günlüg azığla getmək gərək.
Bazlamac-sacda bişirilən fətir. Qərb şivələrində bozzamas (Şəmkir), bazdamaş (Kəlbəcər) şəklində qeydə alınmışdır. Bu da a>o sait dəyişməsi və l>d, l>z, ş>s, c>ş samit dəyişmələri ilə izah edilir.
“Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Gəldiη ol kim soldıran soydır, sapadanca yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər...
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Bin mə´ni, bin mərifət bir pazlamac qatında mat olur.
Çanax- ölçü qabı, ölçü vahidi. Məs.: Çanax aşağdan olur (Ağdam); Bir çanax on girvənkədi (Zəngilan); Maηa bir çanax taxıl ver (Gəncə) .
Kaşğarinin lüğətində bu söz “çanak” şəklində qeydə alınaraq iki mənada işlənmişdir: 1.ağacdan yonulmuş duzqabı, nəməkdan; 2.çanax; kasa. Oğuzca.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Oğul-qız evin çanağı-çölməyi kibidür; Qonşı qazan almaq çanaqdan su içmək kibidir.
Çaş –çəpgöz. Gəncə və digər qərb şivələrində bu vahidə rast gəlinir. Məs.: -Qonşu qonşu olsa, çaş qız ərə gedər. Bəzi qərb şivələrində bu söz ç>ş səs əvəzlənməsilə işlədilir.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Şaşıya yol sorsan, gözi toğruluğuna getmə, yara düşərsən; Qarağıdan şaşı yegdir.
Davar- “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə nə üçünsə bu söz yalnız Təbriz dilalektini səciyyələndirən vahid kimi qeydə alınmışdır. Halbuki, qərb şivələrində heyvandarlıq terminlərinin tədqiqatçısı Z.Xasiyev göstərmişdir ki, qədim yazılı mənbələrdə “mal-heyvan” mənasını ifadə edən “davar” sözü, qərb şivələrində “qoyun-keçi” mənasında işlədilir. Müəllif hazırda rus dilində işlədilən “товар”(mal, əmtəə) sözünün də “davar” sözünün fonetik dəyişikliyə uğramış forması olduğunu hesab edir. Bu söz Kaşğarinin lüğətində tawar “mal,əşya” mənalarını ifadə edən vahid kimi verilmişdir. Lüğətin digər bir yerində isə tawar “canlı, cansız mal” kimi mənalandırılmışdır. Elə buradaca Kaşğari oğuzlar və onlara uyanlar isə bu sözə “tavar” dediyini qeyd etmişdir. Göründüyü kimi, hazırda rus dilində geniş işlədilən bu söz Kaşğarinin lüğətində verilənlə həm fonetik şəklinə, həm də ifadə etdiyi mənaya görə yaxından səsləşir. Buradan da belə nəticəyə gəlmək olar ki, ilkin, kök variant “tavar”, fonetik deformasiyaya uğramış forma isə “davar”dır. Hələ XI əsrdə d<t səs əvəzlənməsinin fərqinə varan Kaşğari bunu belə izah etmişdir: “Oğuzlar və onlara yaxın olanlar sözdəki t hərfini d ilə əvəz edirlər. Türklər dəvəyə “təwəy”, bunlar “dəvəy” deyirlər. Eynilə dəlik mənasına gələn söz türklərdə “öt”, bunlarda “öd” olur”. Lüğətdə tawarluk “mal qoyulan yer” sözü də qeydə alınmışdır.
“Oğuznamə”nin dilində bu söz eyni mənada işlədilir. Məs.: Ər tavarı açıq gərək; Tovarın yavuqlanduğı vaqt bölüşdügün kişiyə sor.
Tarixdən məlumdur ki, IX-X əsrlərdə Oğuz dövlətinin şimal sərhədləri Volqaboyu düzənliklərinə çatmış, bəzi oğuz tayfaları Kiyev Rus dövləti ilə ittifaqda olmuşdur. “Oğuznamə”də tərkibində rus dilində söz və ifadələr işlədilən nümunə də vardır: Aqçacığın var ikən “dobra yunaq” dedilər, Aqçacığın yedilər, “poydi z boğom!” dedilər.
“Oğuznamə”nin dilində bu söz “qoyun-keçi”mənasında da işlədilir. Məs.: Məlik, -dəgirmən, tavar, -qoyun, devlət, -oğul.
Dam – hər cür tikili, bina. Cəbrayıl şivəsində bu söz istifadə edilir. Məs.: Toy damı tix´məx´ çox çətindi.
Kaşğarinin lüğətində belə bir məsəl qeydə alınmışdır: “tam külf yıkıldı=dam gurultu ilə yıxıldı”. Müəllif oğuz qəbilələrinin ləhcələrində izlənilən d<t səs əvəzlənməsini belə izah etmişdir: “Oğuzlar və onlara yaxın olanlar sözdəki t hərfini d ilə əvəz edirlər. Türklər dəvəyə ”təwəy”, bunlar “dəvəy” deyirlər. Eynilə dəlik mənasına gələn söz türklərdə “öt”, bunlarda “öd” olur”.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Nərdübanı tam üstinə çəkmə, aqibət sarqup enərsən.
Eşix´- həyət. Məs.: -Ə:, o daneyi itələ sal eşiyə (Çənbərək); -Eşix´də bir sö:üx var kı, gəl görəsən (Tovuz).
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Ərənlərə eşik ara iş məlumdur s.26; İş işləməyəyim deyirsən, eşikdə ol.
Ey-yaxşı. Məs.: -Sizdən ey olmasın, Məhəmməd mənim yaxın dosdumdu (Borçalı); -Sənin işin saf ey oldu (Qazax).
Qədim türk yazılı abidələrində edqü “yaxşı” sözü işlədilir. Məs.: Bizin tenqrimiz edqüsi redni tiyür (Manixey poeziyası 3№li mətn) ”Bizim tanrımızın yaxşılığı cəvahirdir, deyirlər”.
Kaşğarinin lüğətində edhgü “yaxşı, gözəl” sözü qeydə alınmışdır. Hesab edirik ki, şivələrdə işlədilən “ey, eyü” dialektizmləri qədim türk yazılı abidələrindəki “edqü, edhgü” sözlərinin fonetik deformasiyaya uğramış variantlarıdır. Hazırda Türkiyə türkcəsində ədəbi dil səviyyəsində işlədilən “iyi” sözünü də bura aid etmək olar. Analoji hadisəni adhığ “ayı” sözündə də müşahidə edirik.
“Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Qara başım sağlığında eyilüklər edəm, köpək saηa! –dedi; -Yanıma, ala baqduğımda qonşuma eyü baqdım.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Eyüdən yaramazlıq gəlməz; Eyü görməgin muzdı çoq olur.
Eşmax-qazmaq. “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə bu söz yalnız Qax şivəsini səciyyələndirən vahid kimi qeydə alınmışdır. Azərbaycan dilinin qərb şivələrində də bu vahiddən istifadə edilir. Məs.: -Töyuxların torpağı elə eşiflər ki, ta: düz əməlli yer qalmıyıv ey (Gəncə).
Kaşğarinin lüğətində eşişdi sözü qeydə alınaraq mənası “ol manqa toprak eşişdi=o mənə torpaq eşməkdə kömək etdi” nümunəsi ilə izah edilmişdir. Lüğətdə eşildi vahidi və “kum eşildi=qum eşildi” nümunəsi də verilmişdir.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Kişi kəndü çörəginə kül eşər.
Görk-nümunə. Məs.: -Görk üçün özüm yığacam (Füzuli). Bu sözdən yaranan görk olmax “nümunə olmax, ibrət olmaq” feli də işlədilir. Məs.: -Bu saηa görk olsun, bir də belə iş görmə (Şəmkir). Ağdam şivəsində isə görklü “görkəmli” dialektizmi də istifadə edilir.
Qədim türk yazılı abidələrində kört “gözəl” sözü işlədilir. Məs.: Körtlə tüzün tenqrim külüqüm küzünçüm (Manixey poeziyası 3№li mətn) ”Gözəl, əsil tanrım, şöhrətlim, hafizim (qoruyucum); ...kadğurdukça kaşı körtləm kavışığsayur men (Manixey poeziyası 4№li mətn) “...həsrət çəkdikcə, qaşı gözəlim qovuşmaq istəyirəm”. Bu faktlardan da çıxış edərək söyləmək olar ki, kört sözü səs dəyişmələrinə uğrayaraq körk şəklinə düşmüşdür.
Kaşğarinin lüğətində bu söz “körk” şəklində qeydə alınıb mənası “gözəllik” kimi izah edilmişdir. Daha sonra müəllif qeyd etmişdir ki, “gözəl və görkəmli olana “görklüg” deyilir”.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Könül kimi sevərsə, görklü oldur.
Sığır - inək, naxır. Qərbi Azərbaycan və digər şivələrdə bu vahidə rast gəlinir.Məs.: Sığır gələn vədədə ona iras gəldim (Qarakilsə). Qərb şivələrində bu sözdən yaranan sığırçı “naxırçı”, sığırxana “qaramal tövləsi” dialektizmləri də işlədilir.
“Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-tauq komasına, sığır tamına dönmüş; -Qara sığırı soqmanı tolu qan oldı.
Kaşğarinin lüğətində sığır “xanların xalqla bərabər keçirdikləri ov” və “camış”mənalarını ifadə edən söz kimi qeydə alınmışdır.Göründüyü kimi, sözün ikinci mənası müasir şivələrdəkinə uyğundur. Lüğətdə sığırlığ “sığır sahibi” vahidi də verilmişdir.
“Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Sağır sığırdır; Sabah uyxusı quzı ətidir; öylə uyxusı qoyun ətidir; axşam uyxusı sığır ətidir.
Urğan-uzun ip. Məs.: -Haravanın otu dağılmasın deyə bağlanmış ipə urğan de:rix´ (Hamamlı). Qərb şivələrində bu sözdən yaranan urğannamax “iplə bağlamaq” feli qeydə alınmışdır.
Kaşğarinin lüğətində uruk “ip, urğan, çatı” sözü qeydə alınmışdır.
“Oğuznamə”nin dilində bu söz “orğan” şəklində işlədilir. Məs.: Uzaq yeri orğanla ölçmə; Hər bir yerün bir ərkanı olur, Oduna gedənin orğanı olur.
Göründüyü kimi, “Oğuznamə”nin dilində işlədilən bir çox sözlər Azərbaycan dilinin qərb şivələrində mühafizə edilmişdir. Abidədə istifadə olunub hazırda ədəbi dilimizdə işləkliyini saxlayan bir qisim vahidlər belə qərb şivələrində öz ilkin variantlarına uyğun olaraq, heç bir səs əvəzlənməsinə uğramadan qorunub saxlanılmışlar.

Sevinc Qəmbərli
filologiya üzrə fəlsəfə doktoru

Daxil olundu: 31.01.2019 » Oxundu: 2543
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!