Quba RMX Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzi 1976-cı ildən fəaliyyət göstərir. Mərkəz 2016-cı ildən əsaslı təmir olunub və 120 çarpayılıqdır. Mərkəzin baş həkimi Nəriman Qurbanovdur.
Nəriman həkim Quba rayonunda anadan olub. 2002-2008-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2008-2009-cu illərdə Bakı 2 saylı Psixiatriya xəstəxanasında internatura keçib. 2009-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə psixonevroloq olaraq zabit kimi xidmət edib. 2011-2015-ci illərdə Quba Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzində həkim-psixiator işləyib. 2015-ci ildə mərkəzə baş həkim təyin edilib. O, dəfələrlə ixtisasartırma kurslarında olub, bir çox tədbirlərdə iştirak edərək çoxlu sertifikata layiq görülüb.
Mərkəzdə hazırda 3 həkim və 80-ə yaxın tibb işçisi çalışır. 30 il burada baş həkim işləmiş Aydın Tahirov, Nəsir Muradov, Yunus Heybətov mərkəzin təcrübəli həkimləridir. Burada il boyu 100-dən çox xəstə müalicə olunur. Nəriman həkim onu da qeyd etdi ki, burada müalicə alan xəstələr ən azı 6 aydan sonra evlərinə buraxılmalıdırlar. Buna baxmayaraq qohumları onları buradan aparmaq istəmirlər. Məcburiyyətdə qalıb xəstələri burada saxlayırıq. Xəstələrə lazım olan dava-dərmanlar vaxtlı-vaxtında verilir.
Ölkəmizdə səhiyyənin inkişafından söz açan Nəriman həkim deyir: «Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətdir.
Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 16.08.2020 » Oxundu: 753
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!