Müsahibimiz Şabran Peşə Məktəbinin direktoru Mərziyyə Əsgərovadır
– Mərziyyə xanım, siz rayonun sayılıb-seçilən ziyalı xanımlarından birisiniz. Burada sizi, demək olar ki, tanımayan yoxdur. Amma daha geniş oxucu kütləsi üçün gəlin söhbətimizə tanışlıqdan başlayaq.
– Məmnuniyyətlə. 1959-cu ildə Şabran rayonunda anadan olmuşam. Orta təhsilimi rayonda almışam və məktəbi başa vurduqdan sonra ali məktəbə qəbul olmuşam. 1981-ci ildə indiki Bakı Dövlət Pedaqoji Universitetini Ümumi texniki fənlər ixtisası üzrə bitirmişəm. 1981-1985-ci illərdə Şabran rayonunun Baş Əmirxanlı kənd orta məktəbində müəllim işləmişəm. 1986-1999-cu illərdə müəllimlik fəaliyyətimi hazırda rəhbərlik etdiyim peşə məktəbində davam etdirmişəm. 1999-2013-cü illərdə burada tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışam. 2013-cü ildən məktəbə direktor təyin edilmişəm. Ən əsası isə işimi, sənətimi sox sevirəm və hər zaman məktəbimizin tərəqqisi uğrunda çalışıram.
– Bir halda ki, söz məktəbdən düşdü, bir az da Şabran Peşə məktəbi haqqında məlumat verməyinizi xahiş edirəm.
– Məktəbimiz 1969-cu ildən fəaliyyət göstərir. Burada şagirdlər Ərzaq və qeyri-ərzaq malları satıcısı nəzarətçi-xəzinədar, Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru-avtomobil sürücüsü, Geniş profilli traktorçu-maşinist təmirçi-çilingər, Elektrik qaz qaynaqçısı, Dərzi ixtisasları tədris edilir. Məktəbimizdə hazırda 95 şagird təhsil alır. Burada təcrübəli və yüksək ixtisaslı müəllim və istehsalat ustaları çalışır. Nümunəvi işçilərdən Əlihüseyn Cəbrayılovun, Azadə Babayevanın, Arif Fərmanovun, Kamran Şahverdiyevin və digərlərinin adını demək olar. Onu da qeyd edim ki, məktəbimizdə yalnız peşə təlimi və tədrislə kifayətlənmirik. Burada şagirdlərin təlim-tərbiyəsinə, xüsusilə də vətənpərvər bir ruhda böyümələrinə diqqət yetiririk. Məktəbimizin 2 məzunu – Samir Zülfüqarov və Roman Yusifov Milli Qəhrəmandır. Burada onlar üçün xüsusi guşə yaradılıb və vaxtaşırı xatirələri ehtiramla yad edilir.
Məktəb həmçinin sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. 290 hektar torpaq ərazimiz var və onun 33 hektarında arpa əkilir.
Bir məsələni də qeyd etməyi lazım bilirəm; uşaqların təlim keçməsi və əkin sahəsində çalışması üçün bizim, ən azı, bir traktora ehtiyacımız var.
– Mərziyyə xanım, şagirdlərin məktəbə cəlb edilməsi məsələsi öz həllini necə tapır?
– Peşəyönümlü fəaliyyətin icrası ilə əlaqədar olaraq məktəbimizin pedaqoji heyəti kiçik qruplar şəklində rayonun orta məktəblərində IX-XI sinif şagirdləri ilə görüş keçirirlər. Həvəsi olan, maraq göstərən şagirdləri seçdikləri ixtisas üzrə yönləndirirlər.
– Şabran Peşə məktəbi rayonun ictimai həyatında necə rol oynayır?
– Deyərdim ki, çox fəal. Təxminən bir ay əvvəl məktəbimizdə «Qadın və Gənc Ailələrin Sosial İnkişafı» və «Azərbaycan Gənclər Fondu»nun dəstəyi ilə
«Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği» mövzusunda tədbir keçirilmişdir. Gələn qonaqlar ətraflı olaraq tələbələrə gender bərabərliyi haqqında məlumat verdi, onları mövzu barəsində maarifləndirdi. Tədbir həmçinin tələbələrlə diskusiya formasında davam etdi. Tələbələrə mövzu ilə bağlı videoçarxlar təqdim olundu. Tədbirin sonunda fərqlənən tələbələrə diplomlar təqdim olundu.
Ümumiyyətlə, məktəbimizdə müxtəlif mövzulu tədbirlər tez-tez keçirilir. Həmçinin rayon tədbirlərində də fəal iştirak edirik. Yaddaqalan tədbirlərdən biri keçən il ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş ümumrayon sərgi yarmarkasıdır. Tədbirdə məktəbimizin şagirdlərinin əl işləri, Xalçaçı qrupunun toxuduğu kiçik ölçülü xalçalar nümayiş olunmuşdu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı.
Daha bir tədbir isə rayonun Heydər Əliyev mərkəzinin təşkilatçılığı ilə milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində keçirilən tətbiqi sənət nümunələri sərgisidir. «Sehirli əllər» adlı bu sərgi xüsusi istedada malik insanların bacarıqlarının üzə çıxarılması məqsədini daşıyırdı və bu sərgidə məktəbimizin şagirdləri fəal iştirak edərək böyük uğur qazandılar.
– Məktəbinizin yaşıllıqları da göz oxşayır. Yəqin ki, burada da şagirdlərin əməyi var.
– Əlbəttə. Bu yaxınlarda məktəbimizdə «Hərəyə bir ağac əkək» aksiyası keçirilib. Bu aksiyada məktəbin həyətyanı sahəsinə 30-dan çox ağac tingi əkilib, aqrotexniki qaydada qulluq göstərilib. Məktəbin bütün işçi heyəti və tələbələr bu aksiyada həvəslə iştirak ediblər.
Burada maarifləndirmə işlərinə də xüsusi diqqət göstərilir. Məktəbimiz bir təhsil müəssisəsi olaraq siqaret və bu kimi digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq məqsədi ilə bir çox maarifləndirmə işləri aparır.
– Söhbətimizin əvvəlində şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət göstərməyinizdən danışdınız. Yəqin ki, bu məqsədlə keçirilən tədbirlərdən də danışmaq yerinə düşərdi.
– Əslində bu qəbildən olan tədbirlər daha çox aparılır. Bu ilin yanvar ayında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı «Qanlı Yanvar unudulmur» adlı tədbir keçirmişik. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə qəhrəman xalqımızın azadlıq uğrunda apardığı mübarizədən söz açılmış, şəhidlərin məzarı ziyarət edilərək önünə qərənfillər düzülmüşdür. Bu yaxınlarda isə «Xocalı soyqırımını unutmayaq» adlı ədəbi-bədii gecə keçirildi. Gecədə Xocalı soyqırımından geniş söhbət açılıb. Tələbələrin ifasında səslənən şeirlər və ədəbi-bədii kompazisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda isə erməni terroruna həsr olunmuş videoçarx nümayiş olunub.
– Maraqlı müsahibə üçün sizə öz minnətdarlığımızı bildiririk.
– Təşəkkür edirəm.

Söhbəti apardı:
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 12.03.2019 » Oxundu: 2190
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!