«Əvvəllər Dəvəçi rayon Texniki Peşə Məktəbinin Siyəzən filialı kimi fəaliyyət göstərən Siyəzən Peşə Məktəbi Siyəzənin müstəqil rayon statusunun bərpasından bir il sonra – 1993-cü ildə rayonun müstəqil peşə təhsili müəssisəsi olaraq yaradılmışdır. Məktəb fəaliyyətə başladığı müddətdən etibarən «Quşçuluq operatoru» və «Laborant» tədris qrupları açmaqla rayonun texniki kadrlara olan ehtiyacını ödəməyə çalışmışdır. Həmin illərdə ümumi orta təhsil bazasından qəbul edilən şagirdlərə üç il ərzində həm peşə təhsili, həm də tam orta təhsil verilmişdir. Uzun illər məktəbdə 10-12 qrup fəaliyyət göstərmişdir. Hazırda isə burada 4 qrup fəaliyyət göstərir. Məktəb rayonun peşə təhsilinə olan tələbatını yüksək peşə hazırlığı olan kadrlarla təmin etməyi, rayon üçün zəruri olan əlavə təhsil qruplarını açmağı, peşə təhsili üçün zəruri olan avadanlıqların və texnikanın alınmasını əsas vəzifə olaraq qarşısına məqsəd qoymuşdur».
Bu məlumatları Siyəzən Peşə Məktəbinin direktoru Daməd Baxşiyev bildirdi. O qeyd etdi ki, növbəti tədris ilində məktəbdə 3 ixtisas üzrə şagirdlərə dərs keçiriləcək. Bunlar «Elektrik avadanlıqlarının xidmət və təmiri», «Elektrik mantyoru» və «Kimyəvi analiz laboratoriyası» ixtisaslarıdır. Məktəbdə 9-cu sinfi bitirənlər və 11-ci sinfi başa vuranlar təhsil müddətindən asılı olaraq 1 il və ya 2 il peşə təhsili alacaqlar. Burada «Heyvandarlıq» ixtisası qrupu 2 ildir ki, fəaliyyət göstərir. Bu ixtisas üçün təhsil alan şagirdlər 2025-ci ildə peşə təlimlərini başa vuracaqlar.
Məktəbin ümumi vəziyyəti haqqında da məlumat verən Daməd müəllim bildirdi ki, məktəb yaxın günlərdə əsaslı təmir olunacaq. Lakin yeni bina tikilsəydi, daha məqsədəuyğun olardı. Çünki müvgud şərait hazırda burada yalnız 80 şagirdin peşə təhsili almasına imkan verir.
Əvvəllər Traktorçu, Elektrik qaz qaynaqçısı, Avtoçilingər, Mühasibatlıq və s. ixtisasların və daha çox qrupların fəaliyyət göstərdiyi bu məktəbdə hazırda 78 şagird və texniki işçilər də daxil olmaqla 23 müəllim heyəti vardır.
Məktəbin nümunəvi ustalarından Yusif Hacıəliyevin, Aygün Əlibəyovanın, Rəfiqə Məlikovanın, müəllimlərdən Mübariz Əbdülovun, Almaz Ağabalayevanın, Şəms İsmayılovanın və başqalarının adını çəkmək olar.
Məktəbdə elm və peşə təlimi ilə yanaşı, şagidlərin təlim-tərbiyəsinə, milli vətənpərvərldik ruhunda təşəkkül tapmasına da diqqət yetirilir. Çünki yaxşı bilirlər ki, hansı sahənin peşəkarı olursan ol, qəlbində Vətən sevgisi, torpaq, yurd məhəbbəti yoxdursa, o insanın əməyi faydasızdır. Əslində xalqına, vətəninə xidmət etməkdən mənəvi zövq almayan insanın işinin keyfiyyəti də ürəkaçan ola bilməz. Bu səbəbdən bütün amillərin zirvəsində Vətən sevgisi dayanır. İnsanı ucalığa, ən ali məqsədlərə səsləyən də bu hissdir. Məhz bu səbəbdəndir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda vuruşaraq Böyük Qələbəyə imza atan qəhrəman oğulların sırasında Siyəzən Peşə Məktəbinin məzunları da var idi. Onların arasında bu müqəddəs amal uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərin də olması ağrılı olduğu qədər də şərəflidir. Məktəbdə bu qəhrəman şəhid məzunların əziz xatirəsi hər zaman uca tutulur və vaxtaşırı yad olunurlar. Burada şəhid məzunlar üçün xüsusi guşə də yaradılıb. Vətənpərvərliklə bağlı bütün tədbirlər məhz bu şəhid guşəsinin qarşısında keçirilir. Bu isə onlara verilən daha bir dəyərin təzahürüdür.
Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü