Əziz və dəyərli oxucular, ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Mənə məlum olmayan nöqsanları açıqlayan hər bir jurnalistə minnətdar olacağam». Bildiyiniz kimi, MTK-lar bina tikib milyonlara sahib olsalar da, nəfsləri puldan doymaq bilmir. Ona görə də binanı tikib dövlətə təhvil versələr də, ora köçən insanlara sakit yaşamağa imkan vermirlər. Öz qanunsuz şəxsi və maddi maraqları naminə sakinlərin başına olmazın oyunlar açan MKT-lardan biri və birincisi iş adamı Xəlil Göyüşova məxsus «Körpü-Bina Tikinti» şirkətidir desək, heç də yanılmarıq. Belə ki, kommunal adı altında istədikləri məbləği təyin edib qeyri-qanuni olaraq vətəndaşlardan tələb etmələri üçün özlərinin binadakı qanunsuz idarəetmələrini binanın girişində vətəndaşların istəyi olmadan qurduqları şlaqbaumdan başlayır. Çünki ev alan sakin ilk dəfə binanın həyətinə qədəm qoyduqda «Körpü-Bina Tikinti»nin şlaqmaumun yanında təlimatladırıb qoyduğu əməkdaşın şlaqbaumu açan zaman xəbərlıq edib deyir ki, «növbəti dəfə kartsız buraxmaram, kartı almaq üçün ofisə yaxınlaşıb ödəniş edin». Hüquqlarını bilməyən vətəndaş ofisə getdisə, onların əsirinə çevrilir və bununla da qara günləri başlayır. Bəzən hüquqlarını bilən vətəndaş yerindəcə onların bu qanunsuz həmlələrinə etiraz edib qanunsuz istəklərini rədd etdikdə bir müddətdən sonra yenə də vətəndaşları başqa yolla – binanın blok qapılarına sakinlərdən icazəsiz düyməli açarlar quraşdırmaqla özlərinə tabe etməyə cəhd edirlər. Sizcə vətəndaşın – sakinin xəbəri olmadan yaşadığı binanın blok qapısına icazəsiz açar quraşdırmaq nə dərəcədə doğrudur və hansı etik qaydalara uyğun gəlir? Təsəvvür edin səhər çıxıb işə getmisiniz, axşam qayıdanda görürsünüz ki, evinizə daxil ola bilmirsiniz. Şlaqbaumun yanında olan əməkdaş da 1-ci gün blokun qapısını açır və israrla deyir ki, səhər çöldə qalmaq istəmirsənsə, mütləq ofisimizə yaxınlaş düymənin birini 5 manatdan alın. Vətəndaşlara qarşı yaşadıqları yerdə bu cür qanunsuz, qeyri-etik əməllərin bir adı var: «Vəhşilik». Bəzən öz hüquqlarını bilən az sayda vətəndaşlarımız «Körpü-Bina Tikinti»nin qanunsuz əməllərinə qarşı etiraz etsələr də, onlar yığdıqları milyonların hesabına at oynadıb istədiklərini sona kimi davam etdirməkdən əl çəkmirlər. Onlara kommunal adı altında istədikləri məbləği vermədikdə, əgər maşının varsa, gizli olaraq müxtəlif şəkildə xətər yetirirlər, eləcə də paltar sərmək üçün zivə qurursansa mane olmağa çalışırlar, görürlər ki, səbr edib dinmirsən, bir az da hədlərini aşaraq qışın oğlan çağında axşam vaxtı iş saatı bitdikdən sonra qanunsuz işıq sayğacına müdaxilə edib onların dedikləri ilə razılaşmayan sakinlərin işığını kəsirlər. İstehlakçılara göstərilən elektrik enerjisi, qaz təchizatı, su və tullantı sularının axıdılması xidmətləri yalnız müvafiq olaraq «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində və «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallarda təchizatçı müəssisələr tərəfindən dayandırıla bilər. Bir məsələni qeyd edək ki, hər hansı MTK əməkdaşı qanunsuz olaraq işıq sayğacına müdaxilə edə bilirsə, bunun birbaşa günahkarı və səbəbkarı dövlət qurumumuz Azərişıqdır. Çünki bina tikilib dövlətə təhvil veriləndən sonra vətəndaş çıxarışlı ev alıb Azəriqaz, Azərsu və Azərişıq kimi qurumların abonentidirsə, hansısa MTK əməkdaşı tərəfindən vətəndaş sözügedən qurumların xidməti vasitəsilə şantaj olunursa, adları çəkilən dövlət qurumlarımız cavabdehlik və məsuliyyət daşıyırlar. İnsafən nə sirrdirsə vətəndaşlar, adətən, «Körpü-Bina Tikinti» əməkdaşının onların işıqlarının kəsilməsi ilə şantaj və təhdidə məruz qalırlar. Bununla bağlı, Azərişığın 199 qaynar xəttinə zəng edib rəsmi şikayət edib «Körpü-Bina Tikinti» əməkdaşının hansı haqla sayğaca qanunsuz müdaxilə etdiyini soruşanda çox acizanə şəkildə tikinti şirkətinin qarşısında gücsüzlüklərini etiraf edib məsuliyyətdən qaçaraq məsələni polisin üzərinə yönləndirirlər. İşlərini məsuliyyət və vicdanla yerinə yetirən hüquq-mahafizə orqanları əməkdaşlarından Allah razı olsun, yaxşı ki, hüquqlarımızı qoruyan belə ədalətli insanlarımız və orqanımız var. Beləliklə, əsas məsələyə keçək. O məsələyə ki, «Körpü-Bina Tikinti»nin kommunal adı altında qanunsuz pul tələb etməsində onlara yaxından kömək edib dəstək olan şəxslərdən biri də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktoru Kənan Rzayev və onun müavini Aslan Zeynalovdur. Qeyd edək ki, fonddan ev alan vətəndaşlar «Körpü-Bina Tikinti»nin qanunsuz əməllərinə etiraz etdikdə sözügedən tikintinin rəhbərliyi onlara itaət etməyən sakindən Kənan Rzayevə qeyri-rəsmi olaraq şikayət edir. O da haqqında şikayət olunan şəxsi nəzarətə götürür, nə vaxtsa vətəndaş fonddan hər hansı bir sənədi istədikdə vermir. Çünki «Körpü-Bina Tikinti»nin rəhbəri Xəlil Göyüşov İpoteka və Kredit Zəmanət Fondunda xüsusi hörmətə malik olan şəxsdir. Lakin «Körpü-Bina Tikinti»nin vətəndaşın istəyini nəzərə almadan özünü heç bir seçki keçirilmədən idarəedici təşkilat kimi zorla sakinlərə qəbul etdirməsinə qanunsuz dəstək olan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktoru Kənan Rzayev və onun müavini Aslan Zeynalov hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qərarını belə görməzdən gəlirlər. Belə ki, «Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında deyilir: 1) «... binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər.»; 2) «... çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.» «... çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim etməlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi) isə öz fəaliyyəti barədə cəmiyyət iştirakçılarının ümumi yığıncağına hesabat verir.» Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Maddə 43-47, 141) tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Konkret olaraq Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir. Lakin indiyədək yaşadığımız binanın sahə mülkiyyətçiləri olaraq ümumi yığıncağımız 1 dəfə də olsun keçirilməyib. Ümumi yığıncaq keçirilməyibsə, deməli binanın idarəetmə üsulu da seçilməyib. Bunu etmək istəsək də, «Körpü-Bina Tikinti» Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktoru Kənan Rzayev kimilərin onlara güclü dəstəyi sayəsində imkan verməyib.
Göründüyü kimi, dövlət qurumlarında işləyib kifayət qədər yüksək əmək haqqı alan, illərlə dövlətin onlara göstərdiyi inam və etimaddan sui-istifadə edən fond əməkdaşlarında tutduqları vəzifəyə o qədər əbədi bağlılıq hissi yaranıb ki, ilk baxışdan sanki öz şəxsi mülkləridir kimi istənilən vətəndaşı lazım gəldikdə hətta evi əlindən almaqla da hədələməkdən belə çəkinmirlər. Hər şeydən öncə bir məsələni diqqətə çatdırım ki, vətəndaşdan şikayət olunarkən məsələ diqqətlə araşdırılmalı, dövlətimizin qanunları çərçivəsində problem həll olunmalıdır.
Əgər «Körpü-Bina Tikinti» «Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarını, həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 43-47-ci maddələrini öz şəxsi maraqları naminə pozub (hərçənd ölkənin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur) tikib dövlətə təhvil verdiyi çıxarışlı binada insanların hüquq və azadlıqlarını əllərindən alıb öz hakimiyyətini qurursa və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktoru Kənan Rzayev də bu qanunsuz əməllərin pozulmasında sözügedən tikinti şirkətinə dəstək olursa, demək o da şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutur. Bu isə dövlət qurumunda çalışan bir vəzifəli şəxs üçün heç də yaxşı hal sayılmır. Ümidvarıq ki, məqalədə kifayət qədər faktlarla işıqlandırdığımız ciddi məsələlər aidiyyatı üzrə dövlət qurumlarımız tərəfindən nəzarətə götürülərək araşdırılacaq və hüquqi qiyməti veriləcəkdir.

Aqil Cəfərov
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 09.09.2023 » Oxundu: 262
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!