28 noyabr Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, Azərbaycan dilçiliyində üslubiyyat və nitq mədəniyyəti, dil siyasəti və dil quruculuğu məsələləri üzrə mühüm araşdırmaların müəllifi, gözəl və xeyirxah xanım, professor İlhamə Hacıyevanın 60 illik yubileyidir.
İlhamə Hacıyeva 1964-ci il noyabrın 28-də Bakı şəhərində anadan olub. 1986-1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1997-ci ildə namizədlik, 2010-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. 2007-ci ildə dosent, 2016-cı ildə professor elmi adlarını alıb. 1993-cü ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında çalışan İlhamə Hacıyeva 2019-cu ildən BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiridir.
İlhamə xanım Azərbaycanda dil quruculuğu və dil siyasəti, nitq mədəniyyəti və üslubiyyat məsələləri, habelə işgüzar və akademik kommunikasiya fənninin tədirisi ilə əlaqədar qələmə aldığı çoxsaylı əsərlərin müəllifidir. Alimin “Azərbaycan dilinin ictimai-siyasi terminologiyası”, “Nitq mədəniyyəti məsələləri”, “Dil quruculuğunun nəzəri problemləri”, “Dil siyasəti və əlifba”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabları, habelə onlarla elmi məqaləsi nitq mədəniyyəti məsələlərinin tədqiqi və tədrisində faydalı araşdırmalar hesab oluna bilər. Elmi yaradıcılığında Birinci Türkoloji qurultayla bağlı məsələlərə geniş yer ayıran İlhamə xanımın xüsusilə əlifba, orfoqrafiya və orfoepiya ilə bağlı görüşləri də maraqlıdır.
Onlarla doktorluq dissertasiyasının rəyçisi və opponenti olan İlhamə xanımın əsərləri Azərbaycanda və xaricdə mühüm elmi jurnallarda və konfransların materiallar toplusunda dərc olunmuş, ayrı-ayrı illərdə elmi-pedaqoji fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Kafedra müdiri olandan sonra dərslərlə bağlı İlhamə xanımla davamlı münasibətimiz sayəsində onun bir çox yüksək keyfiyyətlərə malik olduğunu öyrəndik. Bu əsas özəlliklərdən biri, elə bəlkə də, birincisi hesab olunacaq İlhamə xanımın bacarıqlı və zəhmətkeş gənclərlə çalışmağa böyük maraq və həvəs göstərməsidir. Kafedrada tədris prosesinin daha da təkmilləşdirilməsi və gəncləşdirilməsinə xüsusi diqqət yetirən İlhamə xanımın fakültənin bacarıqlı kadrlarını daim diqqətdə saxlaması, onlara qayğı göstərməsi, yeri gəldikcə, kollektivin rəyini əsas götürməsi həmişə bizdə məmnunluq hissi doğurub və İlhamə xanıma olan rəğbəti daha da artırıb. Son beş ildə bizimlə bərabər fəaliyyət göstərən digər gənc həmkarlarımızı, hətta tələbələrimizi müəllim kimi auditoriyalarda görəndə düşünürük ki, bu nəcib xanımın gənclərə belə yanaşması ancaq alqışlana bilər.
Əziz İlhamə xanım, Sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağılığı, övladlarınıza xoşbəxtlik, elmi-pedaqoji və kafedra müdiri kimi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Yubileyiniz mübarək!
Hörmət və ehtiramla,
Pərvin Eyvazov, Ramil Bayramov
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri