AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub. Dilçi alimə üzvlük diplomunu və medalı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi professor Elçin İsgəndərzadə təqdim edib. Elçin İsgəndərzadə qeyd edib ki, dilçi alim bu mükafata Türk dünyası elmi və təhsili sahəsində üstün xidmətlərinə görə layiq görülüb. Professor Məsud Mahmudov mükafatı Azərbaycan elm adamlarının səmərəli fəaliyyətinə verilən böyük qiymət kimi səciyyələndirib və əməkdaşı olduğu Dilçilik İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına dərin təşəkkürünü bildirib. Qeyd edək ki, professor Məsud Mahmudov formal təhlil sistemlərinin qurulmasının nəzəri və təcrübi problemləri, maşın tərcüməsi, statistik leksikoqrafiya sahəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmış mütəxəssisdir. O, “Kitabi-Dədə Qorqud”un və Məhəmməd Füzulinin əsərlərinin linqvostatistik cəhətdən öyrənilməsi sahəsində dəyərli araşdırmaların müəllifidir. Professorun “Mətnin formal təhlili sistemi”, “Kompüter dilçiliyi”, “Türk dillərinin milli korpusları” kimi əsərləri informatika, dil nəzəriyyəsi, maşın tərcüməsi və süni intellekt problemləri ilə məşğul olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib, elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

kriteri.az

Daxil olundu: 05.03.2024 » Oxundu: 468
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!