Hər peşənin öz xüsusiyyəti, özəlliyi var. Ona şan-şöhrət gətirən, dəyərli, qiymətli edən həmin peşənin peşəkarlığıdır. Peşəkarlığın yolu isə tükənməz sevgi, bacarıq, zəhmət və çalışqanlıqdan keçir. Məhz bu zaman insan seçdiyi peşənin peşəkarına çevrilir, öz peşəsini özü sevdiyi qədər də digərlərinə sevdirir və dəyərli edir.
Söhbətimizi belə başlamağımız heç də təsadüfi deyil. Çünki memar Elman Qocayevi də hər kəsə tanıdan və sevdirən öz peşəsi olduğu kimi, memarlıq peşəsinə də şərəf gətirənlərdən biri məhz Elman müəllimdir.
Elman Qocayev Oğuz şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri və baş memarıdır. O, 1964-cü ildə Oğuz rayonunda anadan olub, orta təhsilini də məhz doğulub boya-başa çatdığı rayonda alıb. Hələ orta məktəb illərindən memar olmaq arzusu ilə yaşayan Elman müəllim məktəbi qurtaranda peşə seçimi qarşısında çox da çətinlik çəkməyib. Sənədlərini Azərbaycan Dövlət İnşaat Mühəndisləri institutuna verib və qəbul imtahanlarında gözəl nəticə əldə edərək tələbə adını qazanması ilə ömrünün ilk uğuruna imza atıb. 1994-cü ildə ali məktəbi memarlıq ixtisası üzrə bitirərək Oğuz rayon bələdiyyəsində əmək fəaliyyətinə başlayıb. 2006-cı ildə Oğuz Memarlıq şöbəsində memar köməkçisi işləyib. 2008-ci ildə rayonun baş memarı təyin edilib. Artıq 10 ildir ki, bu vəzifədə çalışan Elman müəllim rayonda son illərdə görülən işlərdən də danışdı. Qeyd etdi ki, Oğuz rayonu hazırda sürətli inkişaf yolundadır. Şəhərin son 25-30 illik perspektiv planı nəzərə alınaraq rayonun Baş planı tərtib edilib və Baş plana uyğun olaraq küçələr asfaltlanıb, genişləndirilib, köhnə binalar təmir olunub, yeni binalar inşa edilib. Qaz və su, çirkab su xətləri müasir standartlara uyğun şəkildə əsaslı təmir olunub, bəzi yerlərə isə yeni xətlər çəkilib.
Geniş iş aparılan ərazilərdən biri də şəhərin yeni yaşayış massividir. Burada yollar asfaltlanıb, geniş quruculuq işləri aparılıb. Rayonda Çernobl və Qarabağ əlillərinə, veteranlara, şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir. Onlardan bəzilərinə həyətyanı torpaq, bəzilərinə isə yeni mənzil verilib.
Elman müəllim şəhər İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun adını xüsusi minnətdarlıq hissi ilə çəkdi və qeyd etdi ki, rayonun bugünkü sürətli inkişafında icra başçısının rolu danılmaz və əvəzedilməzdir.
E. Qocayev bacarıqlı bir mütəxəssis olmaqla yanaşı, həm də qayğıkeş bir ailə başçısıdır. Onun 4 övladı var və hər biri hazırda tələbədir. Oğlu Cavidan isə atasının yolu ilə gedərək məhz memar olmağı qarşısına məqsəd qoyub. O, hazırda memarlıq ixtisası üzrə ali təhsil alır. «Oxumaq şərt deyil, seçdiyin sahənin mütəxəssisi olmaq lazımdır. Ən əsası isə işinlə, əməlinlə cəmiyyət üçün yararlı və lazımlı bir insan olmağa çalışmalısan. Mən övladlarımın tərbiyəsində məhz bu amilləri əsas götürmüşəm və onları şəxsiyyət kimi yetişdirmək istəmişəm. Elə bilirəm ki, zəhmətim hədər getməyib» – söyləyir Elman müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.11.2018 » Oxundu: 2334
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!