Oğuzda yerləşən 95 saylı Kəlbəcər tam orta məktəbin direktoru Səxavət Camalov 1974-cü ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olub.
1996-cı ildə Gəncə Dövlət Universitetini bitirib. Elə həmin il təyinatla hazırda rəhbərlik etdiyi təhsil ocağına göndərilib və burada təlim-tərbiyə işləri üzrə direktor müavini kimi pedaqoji fəaliyyətə başlayıb. Rayon Təhsil şöbəsinin müdiri ona böyuk etimad göstərərək 2013-cü ilin avqust ayında məktəbə direktor təyin edib. Hazırda məktəbdə 23 müəllim 65 şagirdin təlim tərbiyəsi ilə məşğul olurlar.
Məktəbdə Kəlbəcər, Laçın, Ağdam qaçqınlarının övladları təhsil alır. Məktəbdə əsasən təcrübəli və peşəkar müəllimlər çalışır. Onlardan Sevinc Həmzəyeva, Gülxar Mahmudova, Gülnaz Cəfərova, Elçin Abışov, Anar Allahverdiyev və başqalarının adını çəkmək yerinə düşərdi. Səxavət müəllim söhbətində xüsusi ilə qeyd etdi ki, Kəlbəcər Rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova hər zaman məktəbimizə dəstək və qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında öz köməyini əsirgəmir. Məhz belə köməkliklərin nəticəsidir ki, məktəb hər təhsil ilini uğurla başa vurur və neçə-neçə məzunları respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunurlar. Onlardan Günel Hüseynzadə 460 balla Gəncə Dövlət Universitetinə, Səbinə Camalova 448 balla Dövlət Dillər Universitetinə, İlkin Camalzadə Dövlət Neft Sənaye Universitetinə qəbul olunublar.
Səxavət müəllim onu da qeyd etdi ki, ölkə Prezidentinin fərmanı ilə 2014-cü ildə bu ərazidə qaçqınlar üçün yeni qəsəbə salınmışdır. Hazırda ərazidə 120 ailə məskunlaşıb. Direktor xüsusi ilə vurğuladı ki, dövlətimiz onların rahat yaşamaları üçün hər cür şərait yaratmışdır. Son illərdə doğma vətənimizin bütün sahələrində inkişaf tempi daha da sürətlənib. Bu inkişaf özünu təhsil sahəsində daha qabarıq büruzə verir. Bir təhsil işçisi kimi bütün bunlar bizi çox sevindirir və yorulmadan, əzmkarlıqla işləməyə ruhlandırır. İnanırıq ki, bundan sonra daha böyük uğurlara sahib olacağıq. Lakin buna baxmayaraq bu insanların hər birinin arzusu doğma torpaqlara qayıtmaq, suyundan içib, havasından udmaqdır. Tanrı sizi arzunuza qovuşdursun, əziz həmvətənlərimiz!

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 02.01.2019 » Oxundu: 1948
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!