Balakən rayon Mahamalar kənd Nəriman Nərimanov adına tam orta məktəbin direktoru Kəmalə Məmmədova on iki ildir ki, bu vəzifədə çalışır. 35 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə xanım 1962-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Ali təhsilini bitirdikdən sonra təyinatla Qullar kənd orta məktəbində əmək fəaliyyətinə başlayıb. Ailə vəziyyəti ilə əlaqədar 1985-1990-cı illərdə Rusiya Federasiyasına köçüb və orada bağça müdiri vəzifəsində çalışıb. 1990-2001-ci illərdə yenidən Vətənə qayıdaraq Qullar kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 2001-2007-ci illərdə isə Balakən rayon Texniki Yaradıcılıq Mərkəzinin direktoru işləyib. 2007-ci ildən Mahamalar kənd tam orta məktəbinin direktorudur.
Rayonun qədim təhsil müəssisələrindən olan Mahamalar məktəbi uzun illik bir tarixə malikdir. Ötən il məktəbin yüz illiyi qeyd olunub. Bir əsrdən artıq yaşı olan məktəbin bu illər ərzində minlərlə məzunu olub. Adlı-sanlı yetirmələrinin səsi-sorağı nəinki respublikamızın müxtəlif bölgələrindən, həmçinin dünyanın bəzi ölkələrindən gəlməkdədir. Məktəb Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə müasir standartlara uyğun şəkildə yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbdə hazırda 355 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Bildiyimiz kimi hər bir orta məktəbin təhsil səviyyəsi onun məzunlarının ali məktəblərə qəbul faizi ilə ölçülür. Bu baxımdan Mahamalar məktəbi birincilər sırasındadır. Belə ki, hər il məktəb məzunlarının 75 faizi müxtəlif ali təhsil ocaqlarına daxil ola bilirlər. Bu məzunların çoxu 500-600 bal toplayaraq tələbə adını qazananlardır. Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı yüksək nəticə göstərən müəllimlərdən Cavharat Bayramovanın, Ülkər Mirzəliyevanın, Səadət Xəlilovanın, Lalə Canıyevanın, Şəlalə İsaxəliyevanın və başqalarının adını çəkmək yerinə düşərdi.
Kəmalə xanım söhbətində vur\ğuladı ki, məktəb növbəti tədris ilində daha uğurlu nəticələr əldə etməyi qarşısına məqsəd qoyub.
«Bu gün vətənimizin ən ucqar rayonlarında belə müasir tələblərə cavab verən məktəb binaları inşa olunur, şagirdlərin keyfiyyətli tədris almaları üçün müasir avadanlıqlarla tam təmin olunur. Bizim Mahamalar kənd məktəbi də bu qəbildəndir. Məktəbimizdə həmişə savadlı müəllimlər çalışıb. Bu isə şagirdlərin təhsilə olan marağını daha da artırır. Məqsədimiz təhsilin keyfiyyətini daha da artırmaq, qəbulun, olimpiadalarda iştirak və qalib olan şagirdlərimizin sayını daha yüksək həddə çatdırmaqdır. Balakən təhsilinə olan Dövlət qayğısı bizim məsuliyyətimizi daha da artırır. Rəhbərlik etdiyim pedoqoji kollektiv tam gücü ilə çalışır ki, məzunlarımızın hər biri tələbə adını qazana bilsinlər. Çünki hər bir ölkənin daha da qüdrətlənməsi üçün savadlı mütəxəssislərə hər zaman ehtiyac olub. Bu missiyanı yerinə yetirməyin məsuliyyəti isə birbaşa müəllimlərin, təhsil ocaqlarının boynundadır. Hər birimiz bu şərəfli məsuliyyətin öhdəsindən ləyaqətlə gəlməyə çalışır, şagirdlərimizi zamanın tələbləri səviyyəsində yetişdirməyə səy göstəririk».

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.11.2019 » Oxundu: 1694
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!