Qələbə əzmini bərpa etməyin bir neçə əsas şərti var:
Əvvəla, hələ hər şeyin bitmədiyinə, tarixə keçmədiyinə, sadəcə ümidin deyil, əzmin də hələ yaşadığına əmin olmalıyıq. "Əsl qalib - son dəfə qalib gələndir", deyir Əbu Turxan. Yəni biz də son döyüşə hazır olmalıyıq. Və bu son döyüşün sadəcə hərbi müstəvidə deyil, siyasi, iqtisadi, elmi-mədəni, informativ və ən başlıcası, mənəvi müstəvilərdə də getdiyini anlamalıyıq. Və döyüşə bütün cəbhələrdə nə dərəcədə hazır olduğumuzu nəzərdən keçirməliyik.
İkincisi, zamanın istiqamətini müəyyənləşdirməliyik. Çünki "zaman hər şeyi həll edir" deyənlər unudur ki, əgər sənin yolçuluğun zamanla eyni istiqamətdə deyilsə, demək zaman hər şeyi sənin deyil, başqalarının maraqlarına uyğun həll edəcəkdir.
Üçüncüsü, "biz"-in varlığından əmin olmalıyıq. "Biz" deyilən bir şey qalıbmı, yoxsa, qruplaşmalar, fərdiləşmələr "biz"i əlimizdən alıb - xəbərimiz yoxdur?
Dördüncüsü, - indi məhz bundan danışacağıq - məğlubiyyətlər, sarsıntılar içimizə də keçibmi, yoxsa güvənə biləcəyimiz son istehkam hələ işğala məruz qalmamışdır?
Hələ işğal olunmamışdır, inşallah!
(26 fevral düşüncələrinin davamı -
Yanlış anlama ehtimalları ilə bağlı qeydlər).
İzaha ehtiyacı olan birinci fikir - "erməni virusundan qoruna bilməmişik" ifadəsidir. Söhbət qismən yoluxmaqdan gedir - heç də hamıya aid deyil, amma getdikcə artmaqda, çoxalmaqda davam edir. Səbəbi? Əcəba, biz məğlubiyyətin növbəti fazasınamı qədəm qoyuruq? Ədalətin bərpasına ümiddəmi qırılır?
"Ən böyük məğlubiyyət qəlblərin də işğal olunmasıdır.", - deyir Əbu Turxan. Məncə, ilk növbədə bundan qorunmamız lazımdır.
Düşməni içdən yeyib-gəmirən kin və nifrət, qisasçılıq "missiyası" - erməni virusu bizə də keçsə, ən mübhəm sərvətimizi - içimizin işığını itirsək, bax bu olar son, dönüşsüz məğlubiyyət. .
Əgər qarşı tərəfin qəlbi yoxdursa və kin-nifrət qaranlığına gömülübsə, biz də onun kimi olmaq məcburiyyətində deyilik. "Cəhənnəmə gedən özünə yoldaş axtarar", - deyib dədələr. Söhbət müstəqim mənada cəhənnəmdən getmir - içi cəhənnəmə dönənlərdən gedir.
Amanın bir günüdür, kin-nifrətlə yüklənməyək. Heç kim demir ki, düşməni sevmək absurduna yuvarlanaq. Amma biz sevgi hissimizi, haqqa, ədalətə, gözəlliyə heyranlığımızı itirməyək. Gücə tapınsaq da maarifin, mədəniyyətin, elmin gücünə tapınaq. Səfərbərlik ediriksə, ilk növbədə intellektual potensialımızı səfərbər edək.
Təəssüf ki, biz məhz bunları bacarmırıq. Bax nəyə görə bütün yollar təhsildən keçir deyirik?!
Bəli, önəmli olan odur ki, düşmənin virusuna yoluxmayasan, nifrətlə bəslənməyəsən, ucalığından enməyəsən.
“O öz alçaqlığından əl çəkmirsə, yüksələ bilmirsə, biz niyə onun səviyyəsinə enməliyik?!” (c).
Bəli, qələbə üçün güclü olmaq lazımdır!
Amma güc heç də yalnız şeytani mənşədən qaynaqlanmır. Gücə çevrilə bilən heç də yalnız nifrət deyil. Ağlın və sevginin gücü qat-qat böyükdür.
O başqa məsələ ki, biz bu sahədə də mütəşəkkil deyilik.
P.S. Qisas hissi - gözü qaraldır, ağlı korşaldır...
Qisas duyğusu ilə qarşı tərəfə hansı isə ziyanlar vurmaq, onu alçaltmaq, hətta fiziki olaraq məhv etmək də oıar. Amma bu yaraları sağaltmaz, huzur gətirməz, içimizi işıqlandırmaz.
Qisas duyğusunu aşmaq, onun fövqünə qalxmaq lazımdır.
Qələbəyə aparan yola qisas duyğusu deyil, ağıl və ədalət duyğusu işıq sala bilər. Güc də qəlbin və ağlın gücü olmalı, haqqı bərqərar etmək əzmindən qaynaqlanmalıdır.
Özünə qalib gələmməyən, düşmənə də qalib gələ bilməz.

Səlahəddin Xəlilov
AMEA-nın müxbir üzvü

Daxil olundu: 28.02.2020 » Oxundu: 1303
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!