Əvvəlcə qoruq statusu daşısa da, sonrakı dövrlərdə milli park kimi insanların səyahət edə biləcəkləri məkana çevrilmiş yerlərdən biri Xəzər dənizinin cənub-qərb sahilini əhatə edən Qızılağac Milli Parkıdır. Özünəməxsus flora və fauna aləminə malik olan bu milli park mühafizə edilən ən böyük təbiət məkanlarından biridir. Burada mövcud olan fauna aləminin böyük hissəsi Kiçik və Böyük Qızılağac körfəzində cəmlənib.
Qızılağac Milli Parkının ərazisi 100 min hektara yaxındır. Mühafizə olunan ərazi Qızılağac körfəzi və Salyan düzünün bir hissəsi, eləcə də Lənkəran, Masallı, Neftçala rayonlarının əraziləri ilə hüdudlanır. Məlumat üçün deyək ki, 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər qoruq elan edilib. Qızılağac Milli Parkı da 2018-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Burada məqsəd flora və fauna növlərinin qorunub saxlanılması, ekoloji monitorinqin həyata keçirilməsi, elmi tədqiqatların aparılması, istirahət üçün mərkəzlərin yaradılması, həmçinin əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təşkil etməkdir.
Qızılağac Milli Parkının direktoru Əliheydər Zeynalovdur. O, 1972-ci ilin fevral ayında Neftçala rayonunda anadan olub. İbtidai təhsilini Neftçala şəhərində aldıqdan sonra təhsilini Bakıda kimya-biologiya təmayüllü məktəbdə davam etdirib və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Ali məktəbi 1996-cı ildə başa vuran Əliheydər müəllim təyinatla Neftçala balıqçılıq təsərrüfatına göndərilərək əmək fəaliyyətinə başlayıb. 2002-ci ilin aprel ayından Regional Ekologiyada sektor müdiri, 2018-ci ildən isə Su hövzələrində bioloji resurslara nəzarət qrupunun rəhbəri vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayında Qızılağac Milli Parkına direktor təyin edilib.
Park haqqında ətraflı məlumat verən Əliheydər müəllim bildirdi ki, ərazisinə görə bu qoruq ən böyük qoruqlardan biridir. Burada 300-dən çox quş növü məskunlaşıb. Ərazidə göl və bataqlıqlar çox olduğuna görə su quşları burada qışlayırlar. Ərazinin çoxu demək olar ki, su ekvatoriyasıdır. Burada 51 növdən çox balığa rast gəlmək mümkündür. Kür-Araz və Lənkəran ovalıqlarında yerləşən Qızılağac qoruğu 1976-cı ildən UNESCO-nun siyahısına əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan Sulu-bataqlıq yerlər haqqında Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildən yenidən Beynəlxalq əhəmiyyətli Sulu bataqlıq yerlər siyahısına daxil edilmişdir.
Parka səyahət edən hər bir kəs burada yaradılmış Turizm İnformasiya Mərkəzindən parkda olan fauna və flora haqqında ətraflı məlumat ala bilər. Bu mərkəzdə bitki və heyvanların, balıq və sürünənlərin hər bir növü haqqında ayrı-ayrı guşələr yaradılıb. Bu guşələrdə hər növ haqqında ətraflı və dolğun məlumatlar öz əksini tapıb. Məlumatlar Azərbaycan dili ilə yanaşı, əcnəbi qonaqlar üçün xarici dillərdə də qeyd olunub.
"Qırmızı kitab"a düşən və nəsli kəsilməkdə olan müəyyən quş və heyvan növlərinin əksəriyyəti qoruqda və onun sərhəd ərazisində müşahidə edilir. Bu quşlardan qızıl qaz, fısıldayan quş, mərmər cürə, soltan toyuğu, turac və sair quşlara daha çox rast gəlinir.
Qoruqda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və sair çöl quşları mühafizə olunur. Burada köçəri quşların çoxalması və heyvanların artırılması üçün münbit şərait yaradılmışdır. Hətta qış aylarında burada quşlara yem də verilir. Parka hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qızıl qaz, ördək, qaşqaldaq, bağ quşu, qutan və sair quşlaq qışlamağa gəlirlər.
Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və sair heyvanlar çoxluq təşkil edirlər.
Təbiət hər zaman insanın ən yaxın dostu və köməkçisi olub. Əslində isə elə insan da təbiətin bir hissəsidir. Onun yaşayışı və həyat tərzi təbiətlə birbaşa bağlıdır. Ona görə də təbiəti qorumaq və mühafizə etmək, sevmək və qayğısına qalmaq hər bir kəsin mənəvi borcu, vəzifəsidir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 09.09.2022 » Oxundu: 362
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!