27 sentyabr. 44 günlük müharibə. Vətən üçün canından, qanından keçən Azərbaycan oğulları. Onlar əfsanələr yaratdılar bu 44 gündə. Ağlasığmaz igidliklər göstərdilər. Elə igidliklər göstərdilər ki, onlara əfsanələrdə, nağıllarda da rast gəlməmişik. Bu igidliyin mənbəyi nədir? Ana laylası, ata nəsihəti ilə oğullarımızın ruhuna, canına, qanına hopmuş yurd sevgisi, vətən məhəbbəti, mənfur düşmənə nifrət. Tariximizə qızıl səhifələr yazmış bu igidlərimizlə fəxr edirik. Onların hamısı hər birimiz üçün əzizdir. Ruhlarına rəhmət oxuduğumuz şəhidlərimiz də, sağlam həyat arzuladığımız qazilərimiz də, döyüşlərdə iştirak edən əsgərlərimiz də. Bu gün bu yüzlərdən, minlərdən biri Qumbara Tərlan haqqında danışmaq istəyirəm sizə.
23 il əvvəl Şəkinin Baş Zəyzid kəndinin sakini Rafiq kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adi kəndli, savadsız bir adam olan Rafiq kişi Tərlan qoydu oğlunun adını. Tərlan yırtıcı quşa verilən addır. Məcazi mənada qoçaq, igid, zirək, gözəl deməkdir. Gorəsən, ata oğluna bu adı verəndə nə düşünübmüş? Yəqin o, oğlunun ucaboylu, enlikürəkli, igid bir oğlan olmasını arzulayıbmış. Kim bilir?! Balaca Tərlan isə bütün bunlardan xəbərsiz böyüyürdü. Arıq, cılız bir uşaq idi. Balacalıqdan meylini kitablara salmışdı Tərlan. Arzuları böyük idi. Bu arzularını öz zəhməti, alın təri, kitablarla dostluğu ilə reallaşdırdı. Azərbaycan Texniki Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olundu. Universiteti bitirib əsgəri borcunu yerinə yetirmək üçün çağırış məntəqəsinə müraciət etdi. "Çəkin az, gözlərin də zəif görür. Səndən əsgər olmaz" cavabını aldı. Ancaq təslim olmadı. Nəhayət, o, əsgərliyə getdi. Oktyabrın əvvəlində əsgəri xidməti bitirdi. Tezliklə doğmalarının yanına qayıdacaqdı. Lakin... Sentyabrın 27-də müharibə başladı. Tərlan da Qarabağ uğrunda gedən döyüşlərə qatıldı. Goranboyun Gülüstan kəndində, Talış kəndində, Suqovuşanda əsgər yoldaşları ilə döyüşlərdə iştirak etdi. Tərlan rabitəçidir. Həmişə əynində zirehli jilet, qucağında rabitə qurğusu olub. Növbəti əməliyyatlardan birində yeddi yoldaşı ilə birlikdə olduğu sahəyə düşmənlər qumbara atırlar. Tərlan özünü qumbaranın üstünə atır. Ara sakitləşəndən sonra döyüş yoldaşları qumbaranın kənara atdığı Tərlanı qucaqlarına alıb hərbi hissəyə gətirirlər. Onlar
Tərlanın şəhid olduğunu zənn edirdilər. 5 saatdan sonra gözünü açan Tərlan yoldaşlarının sağ olduğunu görüb gülümsəyib. O, möcüzə nəticəsində sağ qalıb. Yalnız gözü ilə qaşı arasına kiçik bir qəlpə dəyib. Əynindəki güllə keçirməyən paltar və sinəsinə sıxdığı rabitə qurğusu onun sağ qalmasına səbəb olub. Bu igidliyinə görə fəxri fərmanla təltif olunan Tərlan Həsənov indi Kəlbəcərdə döyüş yoldaşlarının yanında müddətdən artıq xidmətini davam etdirir. O artıq bütün Azərbaycanda döyüş yoldaşları tərəfindən qoyulan yeni adıyla-Qumbara Tərlan kimi tanınır.
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz öz sağlamlıqlarına qovuşsunlar. Tərlan və igid oğullarımız sağ-salamat evlərinə dönsünlər.

Səhər Rzayeva
Şəki şəhər M.Fuzuli adına 3 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Daxil olundu: 21.12.2020 » Oxundu: 1960
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!