"İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunmasında apardığımız müharibədə irəliyə apardı. Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi hərbi zəfərimizdir və eyni zamanda idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları, həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Bu gün gənc nəsil yetişir, gənclər vətəni ləyaqətlə təmsil edirlər. İstər idmançı, istər hərbçi, istərsə də digər mütəxəssislər olsun, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır. İstər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır". Ümummili Lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin bu sözləri dövlətimizin idmana necə böyük dəyər verdiyinin bariz nümunəsidir. Ölkəmizin bütün bölgələrində idman sahəsinə göstərilən diqqət və qayğı əldə edilən uğurlu nəticələrin sayının gündən-günə artmasına səbəb olur. Bu diqqət və qayğıdan yararlanan Qusar idmanı da son illərdə xeyli uğurlu nəticələr əldə etmişdir.
Qusar Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Razi Mustafayevdir. O, 1981-ci ildə Qusar rayonun Piral kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 2007-ci ildə ali təhsilini cüdo ixtisası üzrə bitirib. 2008-ci ildən Qusar Uşaq Gənclər İdman-Şahmat məktəbində ixtisası üzrə məşqçi müəllim işləyib. Daha sonra əmək fəaliyyətini təlimatçı kimi davam etdirən Razi müəllim 2022-ci ilin sentyabr ayından məktəbə direktor təyin olunub.
Hazırda məktəbdə 18 məşqçi-müəllim çalışır və 441 şagird idmanın müxtəlif sahələri üzrə məşq edir. Məşqlər rayonun 1, 2, 3 №-li məktəblərində, həmçinin Piral, Kirik, Şirvanovka, İmamqulu və sair kənd məktəblərində aparılır. Burada şagirdlər idmanın yunan-Roma, cüdo və futbol növlərinə daha çox maraq göstərirlər.
Məktəbdə əsasən peşəkar və idman sahəsində müəyyən uğurları olmuş məşqçilər çalışır. Keçən il yaşı ilə əlaqədar təqaüdə çəxmış Şəkərxan müəllim yunan-Roma güləşi üzrə əməkdar məşqçidir. Məktəbin məşqçi-müəllimi Salman Səfərov isə futbol üzrə əməkdar məşqçidir. Titullu müəllimlərdən Valeh Kiçibəyovun, Fariz Ağasiyevin, Tehran Gülməmmədovun və başqalarının da adını çəkmək yerinə düşərdi.
Şagirdlər arasında uğurlu nəticələri ilə məktəbin adına şərəf gətirən şagirdlər də az deyil. Onlardan yunan-Roma güləşi üzrə Respublika birinciliyində yüksək nəticə əldə edən Fərhad Süleymanlını, Edik Əliyarovu, Seymur Qasımovu və s. misal göstərmək olar. Həmçinin Türkiyədə keçirilən Beynəlxalq turnirdə Seymur Qasımov 65 kq. çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür. Bakıda keçirilən Şuşa kəmər Beynəlxalq turnirdə 62 kq. çəkidə Murad Nəzərov 2-ci yerə çıxmışdır. Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında 65 kq. çəkidə Seymur Qasımov isə 3-cü yerə çıxmışdır. Bütün bu uğurlu nəticələr gənc idmançıları daha da ruhlandırır, onları daha çox məşq etməyə və daha yaxşı nəticə əldə etməyə sövq edir.
Məktəb bütün lazımı texniki avadanlıqlarla təmin edilib. Bu isə şagirdlərə seçdikləri idman növünü daha dərindən mənimsəmələrinə yardımçı olur.
"Məqsədimiz idman sahəsində Qusar idmanını həm ölkə səviyyəsində, həm də dünya səviyyəsində tanıtmaqdır. İdmançılarımızın idman yarışlarındakı uğurla çıxışları hər kəsin bu amal uğrunda çalışmasından xəbər verir" – söyləyir Razi müəllim.

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.01.2023 » Oxundu: 418
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!