Aftandil Abbasov uzun illərdir ki, Qızılağac Dövlət Təbiət Qoruğunda çalışır. 1991-ci ildə qoruqda elmi işçi kimi əmək fəaliyyətinə başlayan Aftandil müəllim daha sonra direktor müavini vəzifəsində çalışıb. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunun direktorudur.
Aftandil müəllim 1965-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından Masallının əsrarəngiz gözəlliklərinə heyran olan kiçik Aftandilin qəlbində təbiətə qarşı böyük sevgi yaranıb. O, orta təhsilini başa vurduqdan sonra Həştərxan Balıq Sənayesi və Təsərrüfatı institutuna daxil olub. 1991-ci ildə ali təhsilini bitirərək Qızılağac Dövlət Təbiət Qoruğunda işə başlayıb. Öz işinə qarşı ciddi münasibəti, məsuliyyəti, zəhmətsevərliyi, ən əsası isə bilik və bacarığı sayəsində burada kiçik elmi işçidən direktor vəzifəsinəcən yüksəlib.
Qızılağac Dövlət Təbiət Qoruğu sahəsinə görə Azərbaycanın ən böyük qoruğudur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər qoruq elan olunub. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır. Burada hər il 300 növə yaxın quş məskunlaşır. Sahil zonasında göl və bataqlıqları olan qoruq su quşlarının qışladığı əsas yerlərdəndir. Qoruq Qızılağac və Kiçik Qızılağac körfəzlərini və onların sahil zolaqlarını əhatə edir. Ərazinin yarısı, demək olar ki, su akvatoriyasıdır. Burada 50 növdən çox balığa rast gəlmək olar. Kür-Araz və Lənkəran ovalıqlarında yerləşən Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun siyahısına «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildən yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.
«Qırmızı kitab»a düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərində müşahidə edilir. Belə quşlara misal olaraq qırmızıdöş qaz, qızıl qaz, fısıldayan quş, mərmər cürə, soltan toyuğu, turac və s. göstərmək olar. Qoruqda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qoruq köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Buraya hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, qaşqaldaq, bağ quşu, qutan və s. quşlar qışlamağa gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. heyvanlar məskunlaşmışdır.
Aftandil müəllim söhbətində onu da vurğuladı ki, qoruqda olan bütün canlılara qayğı ilə yanaşılır və onların sağlamlığı, artıb çoxalması üçün hər cürə şərait yaradılır. Sərt qış aylarında toyuqkimilər fəsiləsindən olan quşlara əlavə yem verilir.
Qoruq, adından da göründüyü kimi, xüsusi mühafizə edilən ərazi olduğu üçün burada quşlar və heyvanlar tam təhlükəsiz şəraitdədir. Burada ov etmək istəyinə düşənləri isə inzibati qaydada 100-200 min manat civarında cərimə gözləyir. Qoruğun sahəsi 88 min 360 hektar olmaqla Lənkəran və Neftçala ərazilərini əhatə edir. Kiçik Qızılağac Yasaqlığı isə 10 min hektardır.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü