Şabran Rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin direktoru və məşqçi-müəllimi Zeynal Zeynalovdur. Zeynal Zeynalov 1960-cı ildə Şabran rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 1982-ci ildə bədən tərbiyəsi və idman müəllimliyi ixtisası üzrə Akademiyanı bitirdikdən sonra 1984-cü ildən Şabran Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. O, 1986-cı ildə Uşaq-Gənclər Şahmat Məktəbinə direktor, 1989-cu ildə Şabran rayon İdman Komitəsinə sədr təyin edilib. 1994-1998-ci illərdə rayon Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində işləyib. 1998-ci ildən etibarən isə Şabran rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin direktoru – məşqçi-müəllimi kimi fəaliyyət göstərir. Zeynal müəllim eyni zamanda Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyasının vitse-prezidentidir və Federasiyada məşqçi-müəllim kimi çalışır.
Zeynal müəllim Şərq əlbəyaxa döyüş növlərinin təkcə Şabranda deyil, şimal zonasında inkişaf etməsində önəmli xidmətlər göstərib. III dərəcə qara kəmər sahibi dəfələrlə rayon təhsil şöbəsi və rayon icra hakimiyyəti tərəfindən təltif edilib. O, Gənclər və İdman Nazirliyi tərəfindən 2014-cü ildə Azərbaycan Respublikasının “Fəxri Bədən tərbiyəsi və idman işçisi” adına, 2018-ci ildə isə kyokuşinkay karate idman növü üzrə “Azərbaycan Respublikasının əməkdar məşqçisi” fəxri adına layiq görülüb.
Zeynal müəllimdən idmana olan marağı barəsində soruşanda belə cavab verdi: «İdmana qarşı lap uşaqlığımdan böyük marağım olub. Futbola və boksa böyük həvəsim var idi. İdman bütün insanlar üçündür. Düzdür, idmana başlayanda düşünmürsən ki, mən sağlam olmalıyam, ona görə bunu edim. Elə işin ən xoş tərəfi də budur – sevdiyin, sənə maraqlı, əyləncəli işlə məşğul olursan, eyni zamanda da sağlam və gümrah qalırsan. İdmanla məşğul olanlar bilir ki, bu, sadəcə bir məşğuliyyət kimi qalmır, qısa zamanda sənin həyat tərzinə çevrilir. Mənim də elə məktəb vaxtlarımdan, kiçik siniflərdən həyat tərzimə çevrilmişdi idman.
Hansısa bacarığa yiyələnməyə çalışan insan üçün həmin məqsədinə çatdıqdan sonra yaranan növbəti istək, öz bacardığını başqasına öyrətmək olur. Düzdür, mən ümumi şəkildə deyirəm, bəlkə də hamıda belə deyil. Bəlkə də bu elə müəllimə xas olan duyğudur, bu, insanı müəllimliyə aparan istəkdir. Mən də həm öyrənmək, həm də öyrətmək istədim. Bunun üçün də yəqin ki, müəllimlik peşəsini seçdim.
Mən universitetdə oxuyanda karate zədə yetirən idman növü kimi qadağan edilmişdi. Amma karateyə çox böyük həvəsim var idi. Mənə karateni ilk müəllimim Mirəli Seyidov öyrədib. Öyrətdikcə də daha çox sevdirib. 1995-1996-cı illərdə isə Teyyub Əzizovdan kyokuşinkaykan dərsləri almışam. Bu karate idman növü ilə tanışlığım məhz onun sayəsində olub. Yəni, karateyə sevgimdən əlavə, müəllimlərimin böyük dəstəyi məni bu istiqamətə yönəldib ki, hazırda da karate dərsləri keçirəm.
Bu illər ərzində o qədər şagirdim olub ki, və heç birini də unutmamışam, ən güclüsünü də, ən zəifini də. O ki qaldı uğurlarını tez-tez eşidib sevindiyim yetirmələrimdən karate üzrə dünya çempionu, 3 qat Avropa çempionu Nərmin Ağamalıyeva, dünya çempionu Bəhram Dadaşov, Avropa çempionu Aygün Əsədli, Asiya çempionu Aygün Müseyibovanın adlarını çəkə bilərəm».
Rəhbərlik etdiyi Şabran Uşaq-Gənclər Şahmat-İdman Məktəbi haqqında məlumat verən Zeynal müəllim bildirdi ki, hazırda məktəbdə 17 məşqçi-müəllim və 305 şagird vardır. Məktəbdə 4 bölmədə 24 qrup fəaliyyət göstərir. Burada məktəblilər idmanın boks, stolüstü tennis, sərbəst güləş və şahmat növlərinə daha çox maraq göstərirlər. Stolüstü tennisin məşqçi-müəllimi Zakir Cavadovun adını xüsusi çəkən Zeynal müəllim bildirdi ki, Zakir Cavadovun 4 yetirməsi hazırda Azərbaycanın yığma komandasının tərkibindədir. Bu idmançılar Zöhrə, Aliyə, Nihad və s.-dir. Onu da qeyd edək ki, Şabran stolüstü tennis komandası Bakı və Sumqayıt komandalarından sonra 3-cü yerdədir. Məktəbin boksçuları da uğurlu çıxışları ilə həmişə nümunə göstəriblər. Onlardan Nihad Ramazanovun, Cavad Aslanovun, Muxtar Humayevin və digərlərinin adını çəkmək yerinə düşərdi.
Şahmatçılardan isə Elnur Səfərəliyev məktəblilərin respublika şahmat festivalında III yerə layiq görülüb. Həmçinin respublika yarışlarında fərqlənənlərdən Cahid Allahverdiyev, Elnur Səfərəliyev və başqalarının adını demək olar.
Zeynal müəllim söhbətinə yekun vuraraq qeyd etdi ki, məktəbin məşqçi-müəllimləri bundan sonra da peşəkar idmançılar hazırlamaq üçün həvəslə çalışacaq, bütün səy və bacarıqlarını sərf edəcəklər.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.09.2019 » Oxundu: 1958
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!