İlkin Əsgər
ADPU-nun müəllimi

 

 

 

Həqiqətən, yaman yerdə axşamladıq və indi səhəri açmaq böyük hünər tələb edir. Amma bu, çox çətindir, ağır olacaq. Allaha ağır getməsin, təkcə ağıla o gəlir ki, artıq biz nəs ayların, nəs illərin vəhdətində yaşayırıq. Görünür, bu ilin gəlişi kimi, gedişi də haylı-küylü olacaq. Nəblim, bəlkə ilin də bir günahı yoxdur?! İl də bəhanədir... Bu oğrun qəhər də səni bir yandan boğur. Bilmirsən ki, nədən başlayasan, nədən deyəsən, nətər deyəsən?! Ha istəyirsən fikirlərini cilovlayıb ürəyindəkiləri dilə gətirəsən, alınmır ki alınmır. Yox! Ona görə yox ki cümlə qurub fikrimizi ifadə edə bilmirik. Qətiyyən! Məsələn, sənin oxuduğun bu yerə qədər mən azı əlli dəfə oxuyub dayanmışam... Açığı, bacarmıram, tək-tük hallardandır ki, ixtisasımın, işimin mənə öyrətdiklərindən istifadə edə bilmirəm. Dost itkisini, ustad itkisini dilə gətirmək, sən demə, çox çətinmiş. Təəssüf ki, mən bu hissi Dədə Əzizxanın yoxluğunda da çox yaşamışam. İndi də həmin hissi Məhərrəm müəllim mənə yaşatdı. Bax bu, bu hiss qələmi kökləməyə imkan vermir. Xatirələr yenidən canlanır, olub keçənləri xatırlayırsan. Sanki bir anlığa hər şeyi yenidən yaşayırsan. İstəyirsən dolmuş ürəyini boşaldasan, di gəl ki gözlərin ürəyindən qabaq dolub boşalır... Səndə də belədir, deyilmi?! Axı sən də Məhərrəm müəllimi tanıyırdın. O sənə də kömək olub, dayaq olub. Yadındadırmı nə qədər işində dəstək verib, təkan olub?!.. Bax görürsən, indi sən də dolmusan, qəhərdən boğulursan. İnanmırsan bu acı xəbərə. O hamımızın müəllimi idi. Ləyaqətli insan dilinin əzbəri idi. Özü də təpədən dırnağa kimi ləyaqətli, qürurlu, milli xarakter idi. Məhz xarakter bütövlüyü və zənginliyi, adət-ənənələrə, soy kökə bağlılığı, səmimiliyi, şirin mənalı zarafatları, vətənpərvərliyi, yüksək insani keyfiyyətləri, dərin biliyi onu daha da sevdirirdi. Çox xoşbəxtəm ki, belə bir insanla ünsiyyətdə olmaq, ondan öyrənmək, təhlilərini dinləmək, şeirlərini eşitmək şansım olub. Tarix belə insanları az-az yetişdirir. İnana bilmirəm ki, artıq Məhərrəm müəllim aramızda yoxdur. Daha doğrusu, qəbul etmək istəmirəm. Aramızda 45 illik bir yaş fərqi olsa da, bu mənim üçün alim itkisindən əlavə, dost itkisidir. Bəli, dost! O, ləyaqətin, ədalətin dostu idi. Gəncliyin, gələcəyin, elmin, dilçiliyin, poeziyanın dostu idi. Məhz buna görə də ustad evdən, yox, eldən getdi... Ruhun şad olsun, ustad... Elmin, insanlığın özü səni daima yaşadacaq. Allah amanında, ustad!..

23.12.2020/ 2:18

Daxil olundu: 23.12.2020 » Oxundu: 972
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!