Tovuz rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Hafiz Nuriyev 1968-ci ildə Tovuz rayonunda anadan olub. 1990-cı ildə Azərbaycan Bədən Tərbiyəsi institutunu bitirib. İxtisasca futbolçu olan Hafiz müəllim 1990-1995-ci illərdə Tovuz futbol məktəbində məşqçi müəllim işləyib. 1995-2000-ci illərdə bu məktəbə tədris hissə müdiri təyin edilib. 2000-ci ildən hal-hazıra kimi Tovuz rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışır.
Məktəb futbol, basketbol, həndbol, sərbəst güləş, şahmat ixtisasları üzrə fəaliyyət göstərir. Burada 600 şagird və 34 məşqçi-müəllim vardır. Müəllimlərdən Mahir Mustafayev sərbəst güləş üzrə əməkdar məşqçidir. Əmrah Əhmədov, Etimad Qurbanov idman ustasıdırlar. Məktəbin Qaraxanlı kənd məktəbində, şəhər məktəblərində, Puşkin, Mahir Ələkbərov adına məktəblərində filialları fəaliyyət göstərir.
Hafiz Nuriyev Tovuz idmanı haqqında geniş məlumat verərək dedi: «Respublika üzrə ən güclü futbol ənənələrinin mövcud olduğu rayonlardan biri olan Tovuzda gənclərə əldə etdikləri uğurların davamlı olması istiqamətində dövlət tərəfindən xüsusi diqqət və qayğı vardır. Hazırda məktəbin 5 futbolçusu – Elvin Məmmədov, Vurğun Hüseynov, Cavid Tağıyev, Amil Yunanov, Budaq Nəsirov respublika primer liqasında iştirak edir.
Bir neçə il əvvəl 8 yaşadək şahmatçılar arasında Respublika zona yarışının qalibi olmuş Tovuz məktəblisi Hüseynli Gülçinin uğurlarını da qeyd etmək yerinə düşərdi. Millət vəkili Qənirə Paşayeva Tovuzda olarkən Gülçinlə görüşmüş və onu qazandığı uğur münasibəti ilə təbrik edərək şahmatı gələcəkdə də davam etdirməyini məsləhət görmüşdü. Həmçinin Gülçini gələcəkdə dünya çempionu kimi görmək istədiyini də bildirmişdi.
13-14 yaşlı yeniyetmələr arasında boks üzrə Respublika çempionu olmuş Ramin Əliyev, məktəblilər arasında VII Spartakiadanın qalibi Ələsgər Ələsgərov, "Gənc meşəçilər" Respublika müsabiqəsinin qalibi Ağbulaq kənd orta məktəbinin şagirdi Rafiq Sadıqov, ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunan "Gənc xilasedici və yanğınsöndürən" yarışının zona mərhələsinin qalibi olan A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin komandasının üzvləri və digərləri rayonun idman şərəfini layiqincə qorumuş idmançılardan olmuşlar.
2008-ci ildə Muradov Nicat yeniyetmələr arasında Avropa çempionu olub. Nicatın məşqçisi Mahir Mustafayev olmuşdur. Sonralar Nicat Gürcüstanda keçirilən yeniyetmələr arasında dünya çempionatında 3-cü yerə layiq görülmüşdür.
Bu gün də müxtəlif idman yarışlarının qalibləri və iştirakçıları olan idmançılarımız az deyil. Ümumiyyətlə, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq ölkəmizin bütün rayonlarında, o cümlədən Tovuz rayonunda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşması işə olan məsuliyyətimizi daha da artırır. Bu sahədə görülən bütün işlər isə gənc nəslin sağlam ruhda tərbiyəsinə xidmət edir. Son illərdə Tovuz məktəblilərinin idman sahəsində göstərdikləri uğurlu nəticələrin daha da artması görülən işlərin hədər getməməsindən xəbər verir. Çalışacağıq ki, bundan sonra da uğurlarımız çox olsun».


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 05.04.2019 » Oxundu: 1830
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!