Elimizə, yurdumuza bahar gəlir. Təbiətin oyanışı, torpağın dirçəlişi kənd yerlərində, təsərrüfat sahələrində daha çox hiss olunur. İndi kənd təsərrüfatı, əkin işlərinin qızğın çağıdır. Torpaqdan, əkin-biçindən bol məhsul əldə etmək arzusunda olan zəhmətkeşlər məhz yaz fəslində işə başlayır, əkib-becərmə işləri görürlər. Əlbəttə, bol məhsul əldə etməyin bir yolu da əkib-becərmə ilə yanaşı, həm də suvarma işləridir. Çünki suvarma vaxtında və lazımı qaydada aparılmasa əkib-becərmənin heç bir mənası olmaz. Bu baxımdan Suvarma sistemləri idarələrinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti daşıyanlardan biri də rəhbərlik etdiyim Göygöl Suvarma Sistemləri İdarəsidir.
İdarəmiz suvarmanı tələb olunan səviyyədə həyata keçirilməsi üçün nəzərdə tutulan bütün işləri yüksək səviyyədə həyata keçirib. Ötən ildən kanalların su limitləri təsdiq edilib, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların suvarma suyuna olan tələbatını təmin etmək üçün lazım olan işlər yerinə yetirilib. İdarəmiz tərəfindən Göygöl rayonu ərazisində 12620.0 hektar sahənin suvarılması təmin edilib. Suvarmada 296 ədəd subartezian quyusundan, 10 ədəd su nasos stansiyasından istifadə olunub.
İşlərin daha keyfiyyətli və sürətlə aparılması üçün avadanlıqların işlək vəziyyətdə olması da mühüm şərtlərdən biridir. Bunun üçün cari təmir işlərinə xüsusi diqqət ayırırıq. Bu mövsümdə də 274 ədəd subartezian quyusu təmir olunaraq fermerlərin və fiziki şəxslərin istifadəsi üçün yararlı hala salınıb. Rayonun Xaqani və Quşqara kəndlərində məhsuldarlığını tam itirmiş subartezian quyuları yenidən qazılaraq su istehlakçılarının istifadəsin verilib. Bu ilin sonuna kimi Quşqara kəndində və Səmədli qəsəbəsində daha 3 ədəd artezian quyusunun qazılması nəzərdə tutulub.
Ölkə Prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, aqrar sahəyə də göstərdiyi diqqət və qayğıdan hər zaman bəhrələnmişik. Bu yaxınlarda möhtərəm Prezidentin müvafiq sərəncamına uyğun olaraq Balçılı kəndində bir, Quşqara kəndində iki, Səmədli qəsəbəsində bir, Nadil kəndində bir ədəd olmaqla, 5 ədəd yeni subartezian quyusunun qazılması bu diqqət və qayğının bariz nümunəsidir. Həmin quyulara yüksək gərginlikli elektrik xətlərinin çəkilişi, qidalandırıcı gərginlik transformatorlarının quraşdırılması işləri başa çatdırılıb. Daha 9 ədəd yeni qazılacaq subartezian quyusunun smeta layihə sənədlərinin hazırlanması üçün komissiya tərəfindən koordinatları vurularaq yerləri diqiqləşdirilib və aktlaşdırılaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə göndərilib.
Rayon ərazisində olan 21 ədəd subartezian quyusuna təzə nasos aqreqatı quraşdırılaraq iş rejimlərinin bərpa edilməsi, 4 ədəd subartezian quyusunun mühafizə şitlərinin yenilənərək işə salınması da suvarma işlərinin fasiləsiz və lazımı qaydada aparılmasına şərait yaradır.
Daha bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Belə ki, idarəmiz kanal və arxların lildən təmizlənməsinə də diqqət yetirir. Bu mövsümdə mexanizmlərlə minlərlə kub.m.-də lildən və kol-kosdan təmizləmə işləri görülüb. Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər isə artıq başa çatdırılıb. Sel və daşqınların qarşısının alınması üçün Gəncəçayın, Kürəkçayın, Qoşqar çaylarının məcraları mexanizmlə tənzimlənib, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arx və kanallarının dəhnələri şitlər, beton bloklar və digər vəsaitlərlə möhkəmləndirilib.
Əsaslı təmir planına uyğun olaraq Xanlar və Ərəbli kanallarının müəyyən hissəsi beton üzlüyə alınıb və tikinti işləri hələ də davam etdirilir.
Həmçinin Xanlar və Ərəbli arxlarında cari təmir işləri görülüb, həmin arxlarla əkin sahələrinin tam suvarılması təmin edilib. Kürəkçay və Qoşqar çaylarında qapalı boru şəbəkələrinin, Aşıqlı və Dozular nasos stansiyalarının cari təmir işləri də başa çatdırılıb.
2 aqreqatlı tərpənməz Çaylı nasos stansiyasında elektrik avadanlıqlarının təmiri ilə bağlı işlər yekunlaşmaq üzrədir. Belə ki, nasos stansiyasında 2-ci nasos aqreqatı işləmədiyindən fermerlərə verilən suvarma suyunda fasilələr yaranırdı ki, bu da suvarma suyunun itkisinə gətirib çıxarırıdı. 2022-ci ilin əsaslı tədbirlər planına uyğun olaraq nasos stansiyasına ehtiyat nasos aqreqatı quraşdırılaraq işlər başa çatdırılıb. Analoji olaraq göstərilən işlər Topaqhəsənli-3 nasos stansiyasında da aparılıb.
İl ərzində idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız iş fəaliyyətinin təmin edilməsi kənd təsərrüfatının inkişafına və məhsul bolluğuna xidmət edən əsas amillərdən biridir. Suvurmadan lazımı qaydada istifadə kənd təsərrüfatı məhsullarının kəmiyyəti ilə yanaşı, keyfiyyətinə də təsir edir. Biz isə çalışırıq ki, xalqımız bolluq və firavanlıqla bərabər, həm də keyfiyyətli məhsullardan istifadə etsin. Çünki insanın sağlamlığı hər şeydən öncə gəlir və sağlam olmağın birinci şərti də sağlam qidalanmaqdır.

İsmayıl ƏZİZOV
Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi

Daxil olundu: 01.04.2023 » Oxundu: 411
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!