Lənkəran MRX-nın Poliklinika şöbəsinin rəhbəri olan Cəmil İbadullayev bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilib. Rayonun tanınmış terapevtlərindən olan Cəmil həkim 1985-ci ildə Lənkəranda anadan olub. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 2009-cu ildə təhsilini terapevt ixtisası üzrə başa vurub və Lənkəranda interna keçdikdən sonra peşəkar həkimlik fəaliyyətinə başlayıb.
Cəmil həkimdən: "Necə oldu ki, siz məhz həkimlik sənətini seçdiniz?" – soruşduqda cavabı belə oldu:
– Hələ orta məktəbdə oxuyarkən hansı peşəni seçəcəyim haqqında çox düşünmüşdüm. Müxtəlif qənaətlərə gəlsəm də, nəhayət həkimlik sənətini seçdim. Bilirdim ki, peşəkar həkim olmaq heç də asan iş deyil. Bunun üçün insandan dərslərdən əlavə çoxlu mütaliə etmək, daima öz üzərində işləmək tələb olunur. Həmçinin həkimlik peşəsi böyük məsuliyyət deməkdir. Çünki insanın ən qiymətli sərvəti hesab olunan sağlamlığı məhz həkimlik sənətinə nə qədər mükəmməl yiyələnməkdən çox asılıdır. Həkimlik peşəsi olduqca məsuliyyətli və çətin sahədir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Düşünürəm ki, insanlara xidmət etmək, onların yaxşılığı üçün çalışmağı özünə məslək seçən insanlara görə ən münasib peşə həkimlikdir. Bu baxımdan öz sənətimi çox sevirəm və mənə elə gəlir ki, heç bir sahədə özümü bu qədər rahat, gərəkli və məmnun hiss edə bilməzdim.
Cəmil həkim Poliklinika haqqında da ətraflı məlumat verdi. Qeyd etdi ki, burada terapeya, kardiologiya və digər sahələrlə yanaşı, imtiyazlı xəstələrə də lazımı tibbi xidmətlər göstərilir. Poliklinika bütün lazımı tibbi avadanlıqlarla təchiz olunub və burada əksər sahələr üzrə ixtisaslı həkimlər fəaliyyət göstərir. Nümunəvi tibb işçilərindən cərrah Mirzə, göz həkimi Elvin, Şərafət, Soltanağa, Pərvin və başqalarının adını çəkmək yerinə düşərdi. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Poliklinikada bütün sahələr üzrə həkimlər olsa da, təəssüf ki, burada infeksianist yoxdur və buna böyük ehtiyac vardır.
Sağlam həyat tərzi insanın ən böyük xoşbəxtliyidir. Nə qədər ömür sürmək öz əlimizdə olmasa da, Allahın bəxş etdiyi bu ömür payını xoşbəxt yaşamaq hər kəsin öz əlindədir. Bunun üçün isə ən böyük yardımçımız həkimlərdir. Bizə sadəcə həkimlərə vaxtlı-vaxtında müraciət etmək, yalnız xəstələndikdə deyil, profilaktika zamanı da bu yardımdan yararlanmaq gərəkdir. Cəmil həkimin bu fikirləri ilə razılaşmamaq mümkün deyil. Çünki sağlamlıq insan üçün bəxş olunmuş ən əvəzsiz nemətdir.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 08.01.2025 » Oxundu: 36
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!