Cənubi Azərbaycan poeziyasının uzun illərdən bəri davam edən təşəkkül və inkişaf təcrübəsi təsdiq edir ki, sənətkarın vətəndaşlığı-xalqın keçmişinə, məişətinə, milli dəyərlərinə möhkəm bağlılığında, yaradıcılığında xalq adət-ənənlərinə əsaslanmasındadır. Həmin poeziyanın görkəmli nümayəndələrindən  biri də Həsən Məcidzadə Savalandır.

O,Güney Azərbaycanın Ərdəbil şəhəri yaxınlığında Savalan dağının ətəklərindəki Nir qəsəbəsində 1930-cu ildə dünyaya göz açıb. Hələ körpə olarkən iki yaşında atasını itirən Həsən erkən yaşlarından işləməyə, başsız qalmış ailəsinə çörək pulu qazanmağa məcbur qalaraq elektromexanika emalatxanasında şagirdlik edir. Çilingər sənətinə yiyələnir.

Savalan Azərbaycan ədibləri Füzuli, Nəbati, Şirvani, Sabir, S.Vurğun, S.Rüstəm, Ə.Vahid yaradıcılığından ilham alaraq şeirlər qələmə alır, eyni zamanda soydaşları arasında ədəbiyyatı təbliğ edir, məqalələr yazır.

O,Tehran,Təbriz və Ərdəbil radiolarında, şeir-sənət məclislərində çıxışlar edir. Çox sevdiyi Savalan dağına, ana vətənə məhəbbətinin ifadəsi kimi, şeirlərini “Savalan” təxəllüsü ilə yazmağa başlayır və bu imza ilə tanınaraq xalq arasında sevilir.

Savalan əsərlərində ana dilinə, torpağa, vətənə, el-obaya, türk ruhuna dərin sevgi, sonsuz məhəbbəti bəsləyir:

Ey böyük ulusun anası anam!

Oğuz ellərindən alan nişanam.

Eşqinlə yaşayam, eşqinlə yanam,

Sənsən bu bağrımda çırpınan, dilim.-(2,183)

deyə tərənnüm edir.

Ölkədə qadağan edilmiş, Ana dilinin güc və qüdrəti, milli haqq və hüquqları tapdalanmış doğma xalqının varlığını, bir şair vətəndaş kimi “Varlıq”ın səhifələrində Savalan müdafiə edir. Savalanı Cənubi Azərbaycan poeziyasında son dərəcə orijinal və nəhəng bir sima kimi tanınmasında, ucalmasında onun yaradıcılığında xalqın həyat eşqi, gələcəyə inam yaratmaq qabiliyyəti əsas səbəblərdən biridir. Bu anlamda Savalanın yaradıcılığı dar çərçivəyə sığmır. O, sözün əsl mənasında xalqın şairidir. Bütöv Azərbaycan xalqının şairi Uca yaradanın ona verdiyi satirik kəramətilə dayanaraq xalqın ruhuna qida verə bilən kəlamları xalqının ixtiyarına verir. Savalan lirik şair olsa da, tənqid edir, ifşa edir, öyüd-nəsihət tövsiyə verir. Xalqı şeytana uymamağa, yad millətlərin havasına uyub tarixini, soy-kökünü, adət-ənənələrini, milli dəyərlərini unutmamağa çağırır, lakin bütün bunları sevərəkdən edir, günəş kimi görünən həqiqəti söyləsə də, bunu olduqca mədəni şəraitdə edir, kimsəni özündən incik salmır, bu da şairin böyüklüyünü, sağ ikən artıq klassikə çevrildiyini və adını Azərbaycan ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazdığını sübut edir.

Savalan bədii obrazlı sözə vurğun şairdir. Onun sevgi şeirləri zaman-zaman insanların qəlbinə şəfa verən məlhəmə çevrilə bilir.

Şərq dillərindən ərəb-fars dillərini mükəmməl bilən və əruz vəzninin müxtəlif bəhrlərində şeirlər yazan Savalanın qəzəlləri daha çox fəlsəfi məzmunu ilə yaddaşlara həkk olunur. Savalan doğma Azərbaycan torpağının səadətli gələcəyə qovuşmasının Azərbaycan dilinin saflığının göz bəbəyi kimi qorunması ilə odlanıb yanaraq, elin-obanın fədakar oğlu kimi haqqın, ədalətin, birliyin, sülhün, əmin-amanlığın keşiyində durmağı, vətən torpağının xoşbəxtliyi uğrunda mübarizə aparmağı özünə borc bilir.

Savalan öz ideyalarını geniş oxucu kütləsinə daha asan çatdırmaqdan ötrü zəngin yaradıcılıq xəzinəsindən geniş surətdə istifadə etmişdir. “Apardı sellər Saranı” poeması 1965-1966-cı illərdə yazıldığına baxmayaraq, on iki il çapına icazə verilməmişdir. Çox yaxşı haldır ki, xalq hərəkatı gücləndiyi dövrdəhəmən poemanın çapına imkan yaranır. Bu poema inqilabi hadisələr dövrü Azərbaycan dilində çıxan ilk “qaranquş”, ilk kitab idi.

“Apardı sellər Saranı” poemasının əsas məziyyətlərindən biri və ən başlıcası əsərin doğma Azərbaycan türkcəsində yazılması, milli ruhla zənginliyi idi.

Azərbaycan sənin ucadır başın,

Tarixlə bərabər başlanıb yaşın.

Alovlar ölkəsi tanırlar səni,

Ey igidlər yurdu, ərlər məskəni. (2, 185)

Savalan şeiri situasiyadan, məqamdan doğulur, bir yandan yaşadığı zəmanənin xırdalıqlarını ümumiləşdirərək mətində əks etdirir, digər tərəfdən isə insanları mənəvi ucalığa səsləyir.

Kişilərdə qan olsun,

Dil olsun, iman olsun.

Ana dil adı gəldi,

Can ona qurban olsun.(1,579)

Savalan bütün zəkası ilə, düşüncəsi ilə poeziyasında xalqı mübarizəyə çağırır.

Savalan həyatı əks edən həyatla, ictimai çarpışmalarla bağlı əsərlər yaradaraq öz oxucusuna ana dilini əziz tutmağı, mərdi-mərdanə kişi kimi yaşamağı tövsiyə edir.

LİRİKASI

Kiçik yaşlarından vüqarına, əzəmətinə məftun olduğu başı dumanlı Savalan dağının adını özünə təxəllüs seçmiş Həsən Məcidzadə Savalan Cənubi Azərbaycan xalq həyatının bir çox mürəkkəb gerçəklərini, həqiqətlərini, fəlsəfəsini, insan mənəviyyatının ziddiyyətli cəhətlərini parlaq bədii obrazlarla ifadə etmişdir.

Savalan Cənubi Azərbaycan poeziyasında ictimai-siyasi lirikanın ən görkəmli nümayənlərindən biridir.

Azərbaycan xalq şairi Süleyman Rüstəmin “Yaşın əvəzinə” şeirinə cavab olaraq

Gəlir qulağıma istəkli bir səs,

Duyuram ki, bu səs qardaş səsidir.

Tərpənir bağrımda boğulmuş nəfəs

Çünki bu könlümün sirdaş səsidir.

Təkcə bu səsdir ki, ixtiyaq qoymur,

Ayrılıq oduyla ürəyim yana.

Nədənsə bu səsdən addam heç doymur,

Gəldikcə yayılır ürəyə, cana.

Ancaq ki, heyf ola söz açmağıma,

Qəm ilə kədərdən başqa sözüm yox.

Yanıram keçmişdən çox bu çağıma.

Sanki gözlərimə batır isti ox.

Axı mən danışım qəmimdən yenə,

Deyirəm elim-obam talanmaqdadır?!(1,573)

Savalan şeirinin təsir gücü onun poetika siqlətindədir, əsasən folklor motivləri üzərində qurulmuş məqam və dəyərləndirmə Savalan şeirinin məna yükü bu poetikadan qidalanır, nəfəs alır, bədii məzmun kəsb edir.

Azərbaycan xalqı bir xalq kimi formalaşan zamandan daim saflığı, yüksək-mənəvi keyfiyyətlərə malik olması, mərdliyi, zəhmətsevərliyi ilə tanınmışdır. Savalan “Apardı sellər Saranı” poemasında məhz Azərbaycan xalqına xas olan nəcib, xeyirxah, şərəf gətirən xüsusiyyətlərə geniş yer verir. Olduqca qədim tarixə və mədəniyyətə malik olan xalqın adət-ənənələrini, həyatını, məişətini, folklorunu heyrətamiz bir şəkildə canlandırır.

Savalan öz qəhrəmanlarında gördüyü gözəl mənəvi-əxlaqi cəhətləri xalqa məxsus mənəvi keyfiyyətlər kimi qiymətləndirir.

Adət belədir o gözəl yerin,

İgidlər bir qızdan sevgisin umar.

Qız ki, birin sevdi, hamı göz yumar.. (15,81)

Savalanın “Bahar bayramı” poemasında sənətkarlıq məharəti özünü bir daha göstərir. Dilini, elini, dinini sevən bu müqəddəsliklərin qədrini, dəyərini bilən Savalan yaratdığı əsərlərində xalq ədəbiyyatına, folkloruna, əfsanə və rəvayətlərə, mifologiyaya müraciət etməklə göstərir ki, onun qəlbi Azərbaycan xalq yaradıcılığına məhəbbətlə doludur.

“Bahar bayramı” poemasında vətən, ana dili, xalqın azadlıq, istiqlal duyğularını tərənnümçüsü olan Savalan Azərbaycan xalqının qədim adət-ənənələrindən, bahar bayramının özəlliklərindən və gözəlliklərindən söz açmışdır.

Yurdumuza bahar gəlir,

Könüllərdə eşq oyanır.

Çiçəklərin qoxusundan,

İnsan zehni işıqlanır.

 

Çaylarımda sular daşar,

Baharların gəlişindən.

Könül zövqə gələr, coşar,

Təbiətin gülüşündə.

Qızıl günəş işıq salıb,

Min çiçəklə gəlib bahar.

Atalardan bir söz qalıb,

Nə gecənin gündüzü var. (2,185-186)

 

Min bir naxışlı, əlvan rəngli ana təbiətin ecazkarlığından, gözəlliyindən söz açdığı poemada, həqiqət yazdığına görə böyük Sabirə rəhmət oxuyaraq:

 

Söz bura çatdı qoy deyim,

Sabirə yüz rəhmət olan.

Həqqi deyib, qəbri onun,

Həşrə kimi nurla dola.

 

“Sən deyən olmayıb hələ,

Arxa su dolmayıb hələ,

Köhnədən çox əsər durur,

Rəngi də solmayıb hələ.” (2,186)

 

Oxucuya sətir altı mənada çatdırır ki, hələ də Güney xalqı arzuladığı istiqlala qovuşmayıb.

Savalan “Apardı sellər Saranı” poemasında məhz Azərbaycan xalqına xas olan gözəl, nəcib sifətlərə geniş yer vermiş, Xan Çoban və Saranın timsalında canlı lövhələrə, eyni zamanda poetik imkanların  verdiyi bütün vasitələrlə, rəsmlərlə bir rəssam kimi cizgilərini cızmışdır.

“Xan Çoban və Sara” adlı əfsanənin motivləri əsasında qələmə alınmış “Apardı sellər Saranı” poeması şairin qələmilə əfsanədən reallığa, həqiqətə elə bir tərzdə çevrilir ki, oxucu bu əsərin əfsanə motivləri əsasında yazıldığına əsla inanmır və sənədli bir həqiqəti gözləri ilə görürmüş kimi zənn edir.

Savalanın “Apardı sellər Saranı” poeması keçmiş Azərbaycan həyatının bütün yaxşı və pis cəhətlərinin mənfi və müsbət qütblərinin bədii lövhələrlə əksidir.

 

Saramızı ayırdılar,

Bizi qəmlə doyurdular.

Hər yetəni soyurdular,

Apardı sellər saranı,

O qara telli balanı. (1,582)

 

Əlbəttə, bu poemada oxucu həsrət və ayrılığın nə qədər dözülməz, ağır və çətin olduğunu  dərindən dərk edir. “Poemanın ictimai-siyasi və ədəbi dəyərini müəyyənləşdirən iki cəhət xüsusi qeyd olunmalıdır: Azərbaycan ellərinin qədimliyi və gözəlliyini vəsf etmək, bu yerlərin sakinlərinin doğma bağlılığını,  məhəbbətini tərənnüm etmək və dövrün qəddar hakiminin obrazını yaratmaq. Hər iki məsələdə şairin siyasi və ədəbi uğurları inkar edilməzdir” (4.81)

Savalan öz qəhrəmanlarında gördüyü gözəl əxlaqi cəhətləri xalqa məxsusi mənəvi keyfiyyətlər kimi qiymətləndirir. Doktor H. Nitqi “Ruzən” nəşriyyatının sahibi İbrahim Gülüstana yazır: “Öz türkcəmdə son illər bu gözəllikdə əsər oxumamışam. Hər necə olursa olsun çap elə “və məsləhət görür ki, əsər fars dilinə tərcümə edilsin və hər iki dildə çap olunsun”. (1,578)

Savalanın olduqca hikmətamiz,  nəsihət verən əsərləri vardır. “Hədər olmaz” qəzəlində şair insanları yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərliyə, doğma dilini sevməyə, elin  arxasıyla getməyə səfərbər edir:

 

Söz hümməti olsa kişi ömrü hədər olmaz,

Hümmətsizin heç yerdə sözündə kəsər olmaz.

Sən istəmiş olsan ki, el içrə ola qədrin,

Səy et elin uğrunda ki, bundan zərər olmaz.

Sən yurduna yan, yan evinə, yanmalı vaxtdır,

Doğma dili və yansın əgər bisəmər olmaz.

Bax gör səni dünyada tanırlar bu dil ilə,

Dil olmasa, varlıqda bütünlük qədər olmaz.

Sən tut elini, tap özünü, bil yaşa düşgün.

Hər iş görəsən, bil ki, bədərsiz əsər olmaz.

Sən ey savalan, yatmışdınsa ayıl indi,

Qəflət yuxusunda yaşayan bəxtəvər olmaz.     (2, 187)

Savalan şeiri bəzən qəhrəmanı bir rəng alır, ilk sözündən son misrasına qədər vahid intonasiyada, ritmdə yaşayır, hər şey məzmun bağlanğıcı, düşüncələr, tariximiz və mübarizə yolumuz, bəşəri məna və mahiyyətimiz ifadə imkanları, yığcam, obrazlı deyimlər, sərrast, tutarlı, təşbehlər, hər şey burada hissə, həyəcana bürünür, xalqın və şairin özünün bağrından qopan nidaya çevrilir. Məsələn:

 

Ömr etdi, çiçək görmədik heç öz gülümüzdən.

Çadlıq yerinə gəldi fəğan bülbülümüzdən.

Adətdi bizə söyləməyək yadlara əsrar,

Dil açmayıb, incik demədik müşkülümüzdən.

Daim yaşayış oldu bizə bir qara dustaq,

Əl-qol yerinə bəndə vurulduq dilimizdən.

Lal ol dedilər, bilmədik heç biz bu nə sözdür,

Səs çıxmadı bir başlı olan ağlımızdan.

Min hiyləyə aldanaı özün başlı bilənlər,

Post aldı, məqam aldı, usandı elimizdən.

Çün satdı elin, doğma dilin, oldu şərəfsiz,

Zülmün çoxu olmuş, bizə öz ərzəlimizdən.

Yandıqca közərləndik, haray, kül ki, qalandı,

Söndürmək üçün başımıza öz külümüzdən,

Ancaq bilirəm, zülmün evi odlanacaqdır,

Xəlq üsyanı, el ahı, bizim niskilimizdən.

Gəlsə yenə bundan da çətin gün,

Savalan, bil!..

Ayrılmaram heç an elimizdən, dilimizdən, (2,185)

Bu misralar bizi çox pərişan etsə də, bir həqiqətdir. Bu şeirdə Savalan xalqı mənəvi cəhətdən məhv etmək istəyən düşmən  qüvvələri ifşa etsə də,bəzən ümidsizliyə qapılır, xalqın öz elindən, öz dilindən heç vaxt ayrılmayacağı ümidilə şeiri tamamlayır.

Savalanın yazdığı bayatılarda novatorluq özünü qabarıq şəkildə göstərir və müasir şeirimizdə bədii yeniliyin müxtəlif formalarından birini təşkil edir. Onun bayatıları xalq ədəbiyyatından mayalanmaqla yanaşı, öz oxucusuna ana dilini əziz tutmağı, yüksək mənəvi keyfiyyətlərə, yaşadığı torpağı, vətənini göz bəbəyi sevməyi, tövsiyə edir.

Əziziyəm, qara gözlər,

Baxırsan hara gözlər?

Qolların sal boynuma

Çatdıq ilqara gözlər.

 

Muğana, Milimə deyim?

Ölkəmə, elimə deyim?

Ana dil adlı bir şey var,

Can qurban dilimə deyim.

 

Yaz olar çaylar daşar,

Yay olar dayazlaşar,

Elin hər kəs itirsə,

Getsə hər yerə çaşar.

 

Kişilərdə qan olsun,

Dil olsun, imkan olsun.

Ana dil adı gəldi,

Can ana qurban olsun.

 

Firuzə üzük qaşı

Göz daşdır, üzük qaşı.

Kişidə qeyrət olsa,

Almaz qohum-qardaşı. (2.,184)

Savalan soydaşlarını elm və maarifi öyrənməyə, elin-ulusun, ana dilinin qədrini bilməyə, el üçün can yandırmağa, xalqın işinə faydalı, gərəkli olmağa səsləyir. O, insanın həyatda mütləq mənada özünü tapmasının, doğru-düzgün yaşamasının onun gələcək yolunu müəyyənləşdirməsində həlledici amilə çevriləcəyini bəyan edir.

Sən yurduva yan, yan evivə, yanmalı vaxtdır.

Doğma dilivə yansan əgər, bisəmər olmaz.

Tut elini, tap özünü, sən yaşa düşgün,

Hər iş görəsən, bil ki, bədərsiz əsər olmaz.

 

Savalanın şeir və poemalarında möcüzə yaradan məcazların çoxluğu, zənginliyi onun xalq ruhuna, soykökünə nə qədər bağlı olduğunun, şifahi xalq ədəbiyyatından yüksək sənətkarlıqla bəhrələndiyinin təzahürüdür. Şair yüksək bədii-poetik fikrin ən yığcam ifadə forması olan lokonik bayatıları da əsl sənətkar məharətilə qələmə almışdır.

Bütün bunlar şairin şəxsi duyğuları şəkildə ümumiləşdirildiyindən, insanın yalnız mənəvi həyatına deyil, cismani, bioloji həyatına aid bir çox müşahidələri əks etdiyi üçün olduqca təbii və inandırıcı görünür.

Savalan şeirinin təsiri onun poetikasındadır. Əsasən folklor ənənələri, motivləri üzərində yazılmış realist faktura (məqam, fikir başlanğıcı), mənəvi-əxlaqi mövqe (meyar, dəyərləndirmə), Savalan şeirinin məna siqləti bu poetika daxilində nəfəs alır, bədii məzmun kəsb edir.

Savalan şeirinin stixiyası, kökü etibarilə şübhəsiz ki, Ərdəbil ədəbi məktəbi havasında köklənib. Lakin Savalanın könül rübabı eyni zamanda Həbibi, M. Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Müşfiq, Ə.Vahid, S.Rüstəm poeziyasından da ilham alıb, təsirlənib. Şairin bədii irsini bütünlüklə nəzərdən keçirərkən adlarını sadaladığımız şairlərin təsiri bilavasitə özünü açıq aydın göstərir.

Savalan Cənubi Azərbaycan ədəbiyyatının ictimai fikir çərçivəsini genişləndirməklə, xalq həyatını, adət-ənənələrini, mənəvi ehtiyaclarını, dərdlərini, sevinclərini göstərməklə kəskin, əhatəli, qollu-qanadlı bir poeziya mərhələsi əks etdirib. Məsələ bundadır ki, şairin qələmi daim xalq çeşməsindən su içərək, xalq adət-ənənələrini, arzu və istəklərini, amal və ideallarını tərənnüm edir. Şairin əsərləri o qədər mənalı, təsirli, o qədər orijinaldır ki, onları ancaq böyük istedad sahibləri yarada bilərlər.

                                                   

İstifadə olunmuş ədəbiyyat:

1.Cənubi Azərbaycan ədəbiyyatı tarixi. XX əsr. Bakı,“Qanun”,2013

2.Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. IV. Bakı,“Elm”, 1994

3.Vüqar Əhməd. Cənubi Azərbaycan poeziyası. Bakı,MBM, 2014

4.Sabir Əmirov. Cənibi Azrbaycanda milli-demokratik ədəbiyyat. 1941-1990-cı illər. Bakı“Elm”, 2000

 

Vüqar Əhməd

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

filologiya üzrə elmlər doktoru, professor

Daxil olundu: 13.10.2018 » Oxundu: 985
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!