Sağlamlıq hər şey deyil, amma
sağlam olmadan hər şey bir heçdir.
Şopenhauer

 


Azərbaycana M.F.Axundzadə, İ.Nakam, R.Əfəndiyev, Ə.Dəmirçizadə,Y.Qarayev, S.Rəhman, B.Vahabzadə, Şərqin ilk bəstəkar qadını Ş.Axundova və yüzlərlə adını çəkmədiyimiz şair, dilçi, alim, musiqiçi bəxş edən dağlar qoynunda yerləşən Şəki. Şəkinin üç tərəfdən dağlarla əhatə olunmuş səfalı Oxud kəndi. Fransada “Fəxri legion” ordeninə layiq görülən, Armed Mişel, Xarqo ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayılovun, Fransa Milli Müqavimət Hərəkatının iştirakçısı partizan Nuru Abdullayevin (Ə.Cəbrayılovla N.Abdullayev Fransada faşizmə qarşı birlikdə mübarizə aparıblar), Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun doğma yurdu. Öz qəhrəmanları, ziyalıları ilə tanınan belə məşhur bir kənddə ziyalı ailəsində dünyaya göz açdı haqqında söhbət açacağım həkim. Adını Xalid qoydular. Xalid Nurpaşa müəllimin məktəbində oxudu. Böyüdükcə arzuları da böyüdü. Qəlbində heç kəsə demədiyi nə qədər arzuları vardı. Xəyalında neçə-neçə xəstəni əməliyyat edir, onları sağlam həyata qaytarırdı. Sağaltdığı xəstələrin üzündəki xoş təbəssüm, “sağ ol, həkim” sözləri sanki ona dünyanı bağışlayırdı. Amma... Amma bütün bunlar 15-16 yaşlı bir şagirdin xəyalları idi. Bu arzularını gerçəkləşdirmək, xəyallarını reallığa çevirmək üçün gecəsini gündüzünə qatdı, çalışdı, oxudu, öyrəndi Xalid. Gərgin zəhmət öz bəhrəsini verdi. O, 1980-ci ildə orta məktəbi qızıl medalla bitirib Qazaxıstan Tibb İnstitutuna daxil oldu.
Artıq neçə illərdir ki, Xalid Yusifov Şəkidə işləyir. Xalid həkim haqqında eşitmişdik.Tale elə gətirdi ki, yoldaşım əməliyyat olunmalı oldu. Biz həkimlə görüşdük. Həkimlə söhbətdən sonra qorxumuz bir az azaldı. Sadə, təvazökar, olduqca mədəni bir insan olan Xalid həkimin dediyi bir neçə cümlə bizdə inam oyatdı. Səhəri gün yoldaşım əməliyyat olundu. Əməliyyat uğurla keçdi. Dahilər deyiblər ki, sağlam insan təbiətin ən dəyərli əsəridir. Allahın bizə bəxş etdiyi sağlamlığımızı itirəndə həkimlərdən kömək umuruq.
Xalid həkim haqqında öyrəndim ki, o həm də gözəl ailə başçısıdır. Həkimin qızı da atasının yoluyla gedir. O, Azərbaycan Tibb Universitetinin tələbəsidir. Xəstəxanada olduğumuz müddətdə başqa həkimlərin və tibb bacılarının xəstələrə olan qayğıkeş münasibətinin, diqqət və qayğısının şahidi olduq. Tomas Morun belə bir fikri var ki, sağlam olmadan xoşbəxtlik də mümkün deyil. Ailəmiz adından insanlara xoşbəxtlik bəxş edən həkim Xalid Yusifova, Fəqan həkimə, həkim Günay xanıma və bütünlüklə Şəki şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin bütün işçilərinə, həkim və tibb bacılarına təşəkkürümü bildirir, qəlbimdən gələn səmimi hissləri bu yazımla bir dəstə ətirli gül kimi onlara təqdim edirəm.

Səhər Rzayeva
Şəki şəhər M.Füzuli adına 3 saylı
tam orta məktəbin müəllimi

Daxil olundu: 14.09.2019 » Oxundu: 2626
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!