Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehdi Miriyev Mənzil-kommunal təsərrüfatı müəssisələrinin əsas vəzifə və funksiyalarının nədən ibarət olduğunu soruşduqda belə cavab verdi: «Bizim idarələrin əsas işi kommunal təsərrüfatının və mənzil istismar sahələrinin idarə olunmasını təşkil etmək; mənzil kirayə və məişət tullantılarının daşınması haqlarının yığılmasını təmin etmək; mənzil fondunun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma qaydalarına uyğun saxlanılmasını təmin etmək; əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək; əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini, həmçinin çoxmənzilli binaların ümumi istifadədə olan hissələrinin süpürülməsini təmin etmək; məişət tullantılarının daşınmasını həyata keçirməkdən ibarətdir.
Lakin ən məsələ öz işinə məsuliyyətlə yanaşmaq, yaşadığımız şəhəri öz evimiz qədər sevməyi bacarmaqdır. Belə olanda işləmək daha rahat, əldə etdiyimiz nəticələr daha sevindirici olur».
Bəli, həqiqətən çox doğru fikirdir. Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. Mehdi müəllimin həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq.
Mehdi Miriyev 1968-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 1991-1997-ci illərdə Neftçala rayonunda Neftbazanın müdiri, 2004-2007-ci illərdə isə Meliorasiya idarəsinin rəisi vəzifələrində çalışıb. Sonra 10 ilə yaxın bir müddətdə «Ramal» fermer təsərrüfatı ilə məşğul olub. 2014-cü ildə bu idarədə Xıllı təsərrüfatının rəisi işləyib. Hazırda Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisidir.
Müəssisədə 121 işçi qüvvəsi çalışır və orta aylıq əməkhaqqı 150 manat civarındadır. Mehti müəllim məlumat üçün bildirdi ki, bu il idarəyə təzə maşınlar və zibil yeşikləri verilmişdir. Yaxın vaxtlarda isə idarəyə özüyolsüpürən maşın verilməsi də nəzərdə tutulub.
Hazırda idarənin fəhlələri şəhərin təmizlik işləri ilə məşğuldurlar. Onlar həmçinin rayonun Xıllı, Bankə və Həsənabad qəsəbələrinin təmizlik işlərini də görürlər.
İdarənin nümunəvi işçilərindən baş mühəndis Əliqulu Məmmədov, işçilərdən Adıgözəl Babayev, Nazim, Rasim, Rafiq, Şiralı və başqalarını nümunə göstərmək olar.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.05.2019 » Oxundu: 2115
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!