Zümrüd rəngli Talış dağlarının ətəyində, mavi Xəzərin qızılı qumlu sahillərində, Azərbaycanın cənub-şərqində yerləşən əsrarəngiz gözəlliyə malik olan Lənkəran indi ömrünün ən gözəl çağlarını yaşayır desək, yəqin ki, səhv etmərik. Şəhərin geniş və yaraşıqlı küçələri, yaşıl park və xiyabanları, qədim abidələri, müasir tikililəri göz oxşayır. Gecə işıqlandırmaları isə Lənkərana bir özgə yaraşıq bəxş edir. Şəhərin işıqlı və çıraqban olması birbaşa şəhər İşıqlandırma Müəssisəsinin əməyidir. Müəssisəyə Seyran Şərifov rəhbərlik edir. Müəssisəsinin əsas vəzifə və funksiyaları şəhər ərazisindəki küçə, park və meydanların işıqlandırılması, rayon ərazisində olan küçələrin işıqlandırılması, şəhər və rayon ərazisində olan işıq dirəklərinin təmiri, işıqların axşam yandırılıb, səhər söndürülməsi və s.dir.
Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin rəisi Seyran Şərifov 1978-ci ildə rayonun Girdəni kəndində dünyaya gəlib. Orta məktəbi doğulduğu kənddə başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinə qəbul olub. 2005-ci ildə universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Gömrük işinin təşkili və idarə olunması ixtisası üzrə bitirərək əmək fəaliyyətinə başlayıb. Seyran müəllim 2005-2007-ci illərdə Lənkəran Elektrik Şəbəkəsində işləyib. 2007-2014-cü illərdə isə Binəqədi rayonu 85 saylı Yol İstismar İdarəsində çalışıb. 2016-cı ildən bəri hazırda rəhbərlik etdiyi müəssisədə işləyir. Müəssisədə 13 işçi qüvvəsi çalışır.
Seyran müəllim söhbətində müəssisənin gördüyü işlərdən bəhs edərək qeyd etdi ki, şəhərin Qumbaşı girişində işıqlandırma sisteminə ciddi dəyişikliklər olunub. Bayraq meydanındakı projektorlar dəyişdirilib. Nizami küçəsinə isə yeni işıq dirəkləri quraşdırılıb. Həmçinin şəhərin bir neçə yerində və Heydər Əliyev parkında bütün işıqlandırma sistemindən istifadə olunur. «Əlbəttə ki, işlərin sürətlə irəliləməsində, şəhərimizin günü-gündən gözəlləşməsində RİH-nin başçısı Taleh Qaraşovun və onun 1-ci müavini Möhübbət Babayevin, həmçinin RİH-nin başçısının şəhər təsərrüfatı üzrə müavini Elşad İbrahimovun zəhməti əvəzolunmazdır. Son illərdə rayonda müşahidə olunan iqtisadi yüksəliş, sosial tərəqqi Lənkəranın çiçəklənməsindən xəbər verir. Lənkəranlılar bu inkişafa Prezident İlham Əliyevin rayona olan yüksək diqqət və qayğısı sayəsində nail olduqlarını söyləyirlər. Rayon sakinləri belə bir qənaətə gəlməkdə tam haqlıdırlar. Dövlət başçımızın Lənkərana olan səfərləri, bu rayonun sosial-iqtisadi inkişafının sürətlənməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalaması sakinlərin belə qənaətə gəlməsinə tam əsas verir. Bəli, bu gün Lənkəran özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Sözsüz ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Lənkəran rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində bu inkişaf daha da davamlı olacaqdır» – söyləyir Seyran Şərifov.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.01.2019 » Oxundu: 1805
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!