İnsan yaşa dolduqca ömrün ötən illərini daha çox xatırlayır. O illərdə dostluq etdiyim insanların əksəriyyəti indi haqq dünyasındadır. Belə unudulmaz dostlarımdan biri Şəkər Aslan idi...
Bakıda anadan olduğum üçün ata-anamın vətəni olan Cənub zonasının adamlarını əvvəllər çox da yaxşı tanımırdım. İlk gəncliyimdən poliqrafiya sahəsiylə məşğul olduğuma görə dostlarımın coğrafiyası da genişlənirdi. 1967-ci ildə yollayışla Krıma yazıçıların yaradıcılıq evinə getmişdim. Orada Masallı rayon “Çağırış” qəzetinin redaktoru Vaqif Hüseynovla tanış oldum. 24 gün bir yerdə istirahət etdik. Vaqif çox istedadlı şair idi. Çox zaman fikirlərini şeirlə söyləyirdi. Bakıya qayıtdıqdan sonra o məni Şəkər Aslan adlı bir gənclə – Lənkərandakı yerli qəzetin redaktoru ilə tanış etdi. Bu iki şairin xarakterlərində çox böyük fərq olsa da, həmkar kimi, şair kimi çox yaxın dost idilər.
Lənkəran sərhəd zonası olduğundan ora çox az-az gedirdim. Lənkəranlı qızla ailə qurandan sonra isə tez-tez getməyə başladım. Hər dəfə ilk axtardığım şəxs Şəkər Aslan olurdı. O həmin dövrdə yerli qəzetin redaktoru idi. Həmin illərdə mətbəələr redaksiyaların tərkibində idi və qəzet redaktorları mətbəələrə də rəhbərlik edirdilər. Bu da redaktorlar üçün əlavə iş idi.
“26-lar” mətbəəsində baş mühəndis işləyəndə Şəkər yanıma gəldi, qəzetin çapından, daha doğrusu çapçısından şikayət etdi:
- Bir çapçım var, məni lap bezdirib. Hər dəfə qəzetin çapını gecikdirir. Müxtəlif bəhanələr gətirir. Bəzən lap qəzetin çapını dayandırır ki, arvadıma dərman tapmasanız işə gəlməyəcəyəm və s. Bilmirəm nə edim? Lənkəranda da başqa çapçı yoxdur. Bəlkə mənə bir çapçı tapasan...
- Sənin bəxtin ayaq üstəymiş, Şəkər müəllim. Bizim bir çapçımıza həkimlər Bakıdan uzaq, havası təmiz rayonda işləməyi məsləhət biliblər. Onunla danışıb sənə cavabını deyərəm, – söylədim.
Bir neçə gündən sonra həmin çapçını – Həsən kişini Lənkərana yola saldım. Həsən kişi bir neçə aydı Lənkəran mətbəəsində işləyirdi, hər iş qaydasına düşmüşdü. Şəkərlə hər telefon danışığında o, minnətdarlığını bildirirdi. Bir dəfə Bakıya gələndə bildirdi ki, Həsən kişi qayıtmaq istəyir. Heç bilmirəm nə edim?
- Bəlkə mətbəəni redaksiyadan ayıraq, – deyə təklif etdim. Bu iş çətin məsələ olsa da, həll etməyə çalışacağam - dedim.
Təklifim onun xoşuna gəldi.
Bu məsələni o dövrdə Mətbuat Komitəsində poliqrafiya işlərinə rəhbərlik edən Yura Talıbovla müzakirə etdik. Təklifi o da bəyəndi. Demə, bu problem başqa rayonlarda da mövcud imiş. Beləliklə, biz bir neçə rayonda sərbəst mətbəələrin təşkil olunmasına qərar verdik və məsələni həll etmək üçün Nazirlər Sovetinə məktub hazırlandı. Qısa müddətdə Nazirlər Soveti bir neçə rayonda, o cümlədən Lənkəranda mətbəəni redaksiyadan ayırmaq barədə sərəncam verdi. Biz də Lənkəranda yeni yaranan mətbəəyə poliqrafiya işini yaxşı bilən kiçik qardaşım Əbdülmanaf Cəfərovu direktor göndərdik. Aradan 2-3 ay keçəndən sonra qardaşım bildirdi ki, Bakıya qayıtmaq istəyir. Səbəbini soruşanda söylədi ki, Şəkər Aslanın tələbkarlığına dözə bilmir. Ona başa saldım ki, Şəkər Aslan tələbkar olmasa, heç bir iş həllini vaxtında tapa bilməz. Qardaşım məni başa düşdü və işinə davam etdi.
Direktor işlədiyi dörd il müddətində 40-a yaxın mətbəə işini yaxşı bilən peşəkar hazırladı. Bu, Şəkər Aslanın ürəyincə oldu.
Şəkər Aslan dostluğa sadiq və xeyirxah bir insan idi. Mən təzə evlənən dövrdə qaynatamın evində telefon yox idi. Həmin illərdə nəinki bizim Gərmətürk kəndində, şəhərin özündə belə telefon çəkdirmək çətin iş idi. Şəkər Aslandan qaynatamgilə telefon çəkdirməyi xahiş etdim. O bu işə kömək edəcəyinə söz verdi. Lakin telefon məsələsi həll olmadı. Şəkər müəllim o qədər poetik bir insan idi, heç vaxt şeir yazmasam da,telefon danışığımız zamanı ona poetik cavab verdim: “Olmasa da telefonum qaynatamın evində, Sən hər zaman Şəkər kimi qalacaqsan qəlbimdə”.
1985-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin qərarı ilə “Ulyanovskaya Pravda” nəşriyyatında baş direktor işlədiyim dövrdə məktublaşdığım adamlardan biri də Şəkər Aslan idi. Bayramlarda bir-birimizi təbrik edir, işlərimiz barədə bir-birimizi məlumatlandırırdıq. Onun məktublarını bu gün də arxivimdə səliqə ilə saxlayıram.
“Azərbaycan” nəşriyyatında baş direktor işlədiyim dövr idi. Növbəti zənglərin birində Şəkər Aslan onun üçün Prezident Administrasiyasında jurnal təsis olunduğunu söylədi. Jurnalı Bakıda, məhz bizim nəşriyyatda çap etdirmək arzusunda olduğunu bildirdi. Mən də əlimdən gələni edəcəyimi söyləyib xeyir-duamı verdim.
Bir müddət sonra kabinetimə bir qovluq materialla bir xanım gəldi. Şəkər müəllimin adından gəldiyini bildirdi. Zahirən çox cavan görünsə də, söhbətindən peşəkar və işgüzar olduğu aydın sezilirdi. Bu, Sevda Əlibəyli idi. Onun peşəkar və işgüzarlığı sonrakı iş prosesində öz təsdiqini tapdı. Jurnalın nəşri çap materiallarının ən çətin tapılan dövrünə təsadüf etmişdi. Özü də həmin dövrdə qəzetə meyl çox idi. Jurnal isə respublikada tək-tək idi.
“Söz”ün ilk sayının sevincinə özümü də şərikli sayıram. Sevda xanımın sevinci ölçüyə gəlməz idi. Elə çətin dövrdə jurnal nəşr etmək hər oğulun işi deyildi. Sevda xanım jurnalı Şəkər müəllimə sanki quş qanadında çatdırmışdı. Bir neçə saat sonra Şəkər mənə zəng vurdu. Sevincindən minnətdarlıq etməyə söz tapmırdı. Ümumiyyətlə, Şəkər müəllim ona göstərilən hər hansı diqqəti hədsiz dərəcədə yüksək qiymətləndirirdi.
Jurnal elə həmin gün yeni nəşr nümunəsi kimi Azərbaycan televiziyasında göstərildi. Azərbaycan radiosu da öz növbəsində yeni nəşri təbrik etdi. Demək olar ki, bütün qəzetlər jurnal barədə yazılar verdilər. Bütün bu təbliğat işlərini də Sevda xanım həyata keçirirdi. Biz Sevda xanımı yarıciddi, yarızarafat Nəriman Həsənzadənin dediyi kimi “Şəkər Aslanın müşaviri” adlandırırdıq.
Təəssüf ki, Şəkər Aslan “Söz”ün sevincini doyunca yaşaya bilmədi. Cəmi iki il yarım jurnala redaktorluq edə bildim. Lakin Sevda xanım Şəkərsiz jurnalı elə bir səviyyəyə çatdırdı, Şəkərin yoxluğunu hiss etmədik. Arxivindəki materialları verməklə, onu tanıyanların qapılarını döyməklə xatirələrini dərc etdi.
“Söz” Şəkər Aslanın mənəvi ömrüdür, bu gün də yaşayır.Sevda xanım maddi çətinliklərə, mənəvi təzyiqlərə sinə gərərək, sağlamlığı bahasına başa gəlsə də, jurnalı yaşadır, mövzu əhatəsinə görə rəngarəng, oxunaqlı, poliqrafik cəhətdən daha tərtibatlı etməyə çalışır. “Söz”ün oxucuları təkcə Cənub bölgəsi, Azərbaycanla məhdudlaşmır. İranda, Turanda, Orta Asiyada, Avropa ölkələrində, okeanın o tayında - Amerikada da yolunu gözləynələr var.
Arzu edirəm ki, “Söz”ün yolunu gözləyənlərin gözləri heç zaman yolda qalmasın, jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslanın da ruhu şad olsun.
Şəkər Aslan şair kimi də, insan kimi də çox diqqətcil idi. Mənə də şeir həsr etmişdi:
Qoy coşsun ilhamla ürəyin, canın,
Nədir hamımızın fikri, niyyəti:
Yüksəlsin müstəqil Azərbaycanın
Kitab çap eləmək mədəniyyəti!
Ağrılı illərə tab eləyən dost,
Sözünə günlərlə qulaq asaydım.
Yüz minlərlə kitab çap eləyən dost,
Haqqında mən özüm kitab yazaydım.
Təəssüf ki, bu arzunu həyata keçirmək ona qismət olmadı. Başqa yarımçıq arzularını Sevda xanım həyata keçirdiyi kimi mənim haqqımda kitab yazmaq da onun üzərinə düşdü. Nəticədə sanballı bir kitab alındı. “İlk poliqrafçı alim” kitabı 70 illik yubileyimdə Milli Kulturoloji mükafata layiq görüldü. 9 May 2010-cu ildə – faşizm üzərində qələbənin 65 illiyində Prezident İlham Əliyev 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı üstündə biz vetereanlarla görüşəndə kitabı şəxsən ona təqdim etdim.
Şəkər Aslanın 60,65,70 illik yubileyləri Lənkəran Dövlət Dram Teatırında qeyd olunub. 75 illiyində doğulub əbədiyyətə qovuşduğu Lənkəranın Boladi kəndinə yığışdıq, xatirələr söylədik, ruhunu ehtiramla yad etdik. 80 illiyində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda möhtəşəm yubiley tədbiri keçirildi. Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca və digər Şəkərsevərlər şairi məhəbbəttlə andılar, xoş xatirələrini dilə gətirdilər. Bu ilin oktyabr ayında Şəkər Aslanın 85 yaşı tamam olur. Əbədi ayrılığından 27 il örtsə də, işıqlı siması gözlərimiz önündə, xoş xatirəsi qəlbimizdədir.
Əziz dostumuzun ruhu şad olsun!

Şəddat Cəfərov
Azərbaycan və Rusiya Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü

Daxil olundu: 09.10.2022 » Oxundu: 486
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!