2020-ci il şərəfli Azərbaycan tarixinə daha bir şərəf gətirdi. Düşmən tapdağı altında olan torpaqlarımızın 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə milli ordumuz tərəfindən işğaldan azad edilməsi tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə həkk olundu. Bu yolda neçə-neçə əzizimizin şəhidlik acısını yaşasaq da, onların şərəfli ömür yolu, vətənpərvərlikləri, igidlikləri ilə fəxr etdik, qürurlandıq. Yəqin ki, həmişə də belə olacaq. Bu qüruru yaşayanların birincisi bəlkə də müəllimlərdir. Çünki hər bir insanın dünyagörüşünün formalaşmasında, duyğularının mükəmməlləş-məsində, vətənpərvərlik hissinin inkişafında müəllimlərin müstəsna xidmətləri vardır. Vətən oğullarının qəhrəmanlıq salnaməsinə ilkin imza atanlar da məhz müəllimlərdir desək, yəqin ki, səhv etmərik.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsinin sədri Fuad Nəsirov da əmək fəaliyyətinə bütün peşələrin ən şərəflilərindən sayılan müəllimlikdən başlayıb. Ulu Öndər Heydər Əliyevin: "Mən müəllimlik peşəsindən şərəfli peşə tanımıram" – deməsi bu fikrin ən parlaq sübutudur.
Fuad Nəsirov 1971-ci ildə Şamaxıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Slavyan Universitetinə qəbul olub. 1993-cü ildə ali təhsilini bitirərək əmək fəaliyyətinə başlayıb. 1996-cı ildə isə ikinci ali təhsil olaraq Azərbaycan Müəllimlər İnstitutunu dil-ədəbiyyat ixtisası üzrə başa vurub. Həmin ildən Şamaxı rayonu Çuxur kənd məktəbinin direktoru vəzifəsidə çalışıb. 2020-ci ilin 6 noyabrından isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin sədridir.
Komitə haqqında ətraflı məlumat verən Fuad müəllim qeyd etdi ki, komitənin hazırda 4 min 300 üzvü vardır. Komitəyə ərizə ilə müraciət edən hər bir üzv mövcud şəraitin imkan verdiyi məbləğdə maddi yardım alır və hər hansı kurort və sanatoriyalara göndərilir. Müəyyən edilmiş yaş həddinə çatanlar isə təntənəli şəkildə təqaüdə yola salınırlar. Milli bayramlarımız, xüsusən də Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Müəllimlər günü və s. üzvlərin iştirakı ilə xüsusi təntənə ilə qeyd edilir.
Fuad müəllim xüsusi olaraq bildirdi ki, Şamaxı təhsil işçilərinin Vətən müharibəsində iştirak edən övladlarından 16 nəfəri döyüşlərdə yaralanaraq evə qazi kimi qayıdıb. Onlarla, həmçinin Vətən müharibəsi iştirakçıları ilə vaxtaşırı görüşlər keçirilir, şəhidlərin anım mərasimləri təşkil olunur, maddi yardımlar edilir. Vətən müharibəsinin qızğın günlərində komitə tərəfindən Şamaxı xəstəxanasına gətirilmiş yaralılara da lazımınca köməklik göstərilərək isti yeməklə təmin ediliblər.
Fuad müəllim öz söhbətində onu da qeyd etdi ki, Həmkarlar İttifaqı 44 günlük Vətən savaşı müddətində təhsil işçilərinə, müəllimlərə tək\cə maddi deyil, həm də mənəvi dəstək olmağa çalışıb. Bu isə hər bir üzvə verilən yüksək dəyərin bariz nümunəsidir. Yaxın günlərdə ölkəmizdə bayramların ən möhtəşəmi olan Zəfər Günü böyük təntənə ilə qeyd ediləcək. Şamaxının təhsil işçiləri üçün də bu, ən böyük bayramdır və komitə üzvləri üçün bu günün önəmi ölçüyəgəlməzdir. Buna görə də Fuad müəllim bu möhtəşəm bayramın daha yaddaqalan qeyd edilməsinin vacibliyini xüsusi vurğuladı.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.10.2021 » Oxundu: 471
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!