Qusar şəhər 4 saylı  tam orta məktəb rayonun ən sayılıb-seçilən təhsil müəssisələrindən biridir. Məktəbin fəaliyyət müddəti uzun illərə söykənir. Burada çalışan təcrübəli pedaqoqların, peşəkar müəllimlərin öz işlərinə məsuliyyətlə yanaşmaları nəticəsində məktəbin yetirmələrinin səsi-sorağı respublikanın müxtəlif bölgələrindən, hətta dünyanın bir çox ölkələrindən gəlməkdədir.
Məktəbə Elmira Bayramova rəhbərlik edir. Maraqlı faktlardan biri də odur ki, Elmira xanımın özü bu məktəbin yetirməsidir və orta təhsilini məhz burada başa vurub. Ali təhsil aldıqdan sonra isə pedaqoji fəaliyyətə başlayıb. Elmira xanım 1998-ci ildə bu məktəbdə direktor müavini vəzifəsində çalışıb. 2010-cu ildə isə məktəbə direktor təyin edilib. Elə həmin il məktəb yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Bu il isə məktəbdə cari təmir işləri aparılıb. Məktəb bütün lazımı avadanlıqlarla təhciz edilib və burada şagirdlərin hərtərəfli biliklərə yiyələnmələri üçün hər cürə şərait vardır. Bütün idman qurğuları ilə təmin olunmuş geniş idman zalı idmansevərlərin istifadəsindədir. Elmi biliklərin mükəmməl tədrisi ilə yanaşı, şagirdlərin təlim-tərbiyəsinə də ciddi nəzarət olunan bu məktəbdə məktəblilərin milli-vətənpərvərlik ruhunda boya-başa çatmaları, Vətən, torpaq sevgisinin daha da gücləndirilməsi diqqət mərkəzindədir. Burada Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi hər zaman əziz tutulur və onların şərəfinə xüsusi guşə yaradılıb. 
Bu təhsil ocağının özəlliklərindən biri də odur ki, məktəb beynəlmiləldir. Hazırda məktəbin 745 şagird və 55 müəllim kontingenti vardır. Burada təhsil  iki növbəli şəkildə aparılır.
Orta məktəbdə təhsilin səviyyəsi adətən məzunların ali məktəblərə qəbulun faizi ilə ölçülür. Bu baxımdan 4 saylı tam orta məktəbin də qürurlanmağa haqqı var. Çünki hər il məktəbin şagirdləri arasında 10-larla məzun qəbul imtahanlarında yüksək nəticə əldə edərək müxtəlif ali təhsil ocaqlarında elm öyrənmək şansı əldə edirlər. Bütün bunlar isə təcrübəli müəllimlərin peşəkarlığından xəbər verir. Öz yetirmələrinin uğurunda əməyi olan müəllimlərdən Bahəddin Osmanovun, Reyhan Hüseynəliyevanın, Rəvanə Ağamirovanın, Namiq Səfərəliyevin, Fuad Səfərovun, Sveta Nəzərovanın və digərlərinin adını çəkmək yerinə düşərdi.
Məktəbin adını öz uğuru ilə daha da şərəfləndirərək yüksək bal toplayan məzunlardan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə tələbə adını qazanmış Rövşən Davudovun, Dövlət İqtisad Universitetinə qəbul olmuş Emil Nəbiağayevin, Neft və Sənaye Universitetinə qəbul olmuş Pərvanə Osmanovanın, Mina Pirəliyevanın, Texniki Universitetin tələbəsi olan Albina Şişnəbiyevanın, Bakı Dövlət Universitetinə qəbul olmuş İdris Əlyarovun, Gəmiçilik Akademiyasının tələbəsi adına layiq görülmüş Rövşən Əlimirzəyevin, İqtisad Universitetinin tələbələri sırasında olan Erik Aslanovun, Pedaqoji Universitetin İdman müəllimliyi ixtisasını seçmiş Gülərüz Mürşüdovanın və başqalarının adını çəkmək olar. Məktəbin 4 məzunu isə təhsillərini xarici ölkələrdə davam etdirəcək Ümumilikdə bu il məktəbin 14 məzunu müxtəlif ali təhsil ocaqlarına qəbul olub. Onların arasında ən yüksək nəticə əldə edən Amid Cəbrayılov 626 bal, Rövşən Davudov isə 602 bal toplayıblar.
Dövlətin mövcud qanunu ilə əlaqədar olaraq məktəbdə çalışan müəllimlər 65 yaşdan sonra təqaüdə çəxır və onların şərəfinə təntənəli yolasalma mərasimi düzənlənir. Bu isə müəllim adının bütün yaşlar üçün şərəfli olduğunu isbatlayan amillərdən biridir. Məhz bu yerdə Ulu Öndər Heydər Əliyevin bir kəlamını xatırlamaq yerinə düşərdə: «Mən müəllim adından yüksək bir ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır».

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 31.10.2024 » Oxundu: 342
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!