Xanım İsayeva Zaqatala rayonunun qocaman pedaqoqlarındandır. Uzun illərdir ki, müəllimlik edən Xanım müəllimənin bu illər ərzində yüzlərlə şagirdi olub. Bu gün o məzunların səsi-sorağı ölkənin müxtəlif bölgələrindən, hətta respublikadan kənarlarda da eşidilməkdədir.
Hazırda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zaqatala rayon komitəsinin sədri vəzifəsində çalışan Xanım müəllimə 1947-ci ildə Balakən rayonunda dünyaya gəlib.
Balakən şəhər 1 saylı orta məktəbi başa vurduqdan sonra indiki Bakı Dövlət Universitetinə qəbul olub. 1971-ci ildə universitetin filologiya fakültəsini bitirib. Elə həmin ildən alman dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975-ci illərdə Zaqatala rayonunun Muxax kənd 1 saylı orta məktəbində müəllim işləyib.
1987-ci ildə ona etimad göstərilərək rayon Təhsil şöbəsində dil-ədəbiyyat fənni üzrə metodist vəzifəsinə təyin edilib. 1989-cu ildən isə TİAHİ Zaqatala rayon komitəsinin sədri vəzifəsində çalışır.
Xanım müəllimə harada işləyib-çalışmasından asılı olmayaraq hər zaman dövlətimizə və dövlətçiliyə sadiq olub. Şagirdlərinə elmi bilikləri öyrətməklə yanaşı, onların vətənə məhəbbət, torpağa, el-obaya, xalqa sədaqət ruhunda tərbiyə olunmasına da çalışır. «Bu gün şagird partası arxasında oturan hər bir uşaq sabah ölkəmizin tam səlahiyyətli vətəndaşıdır. Odur ki, onları vətənə, xalqa, torpağa sədaqət ruhunda tərbiyə etmək mütləqdir. Sədaqətli olmaq üçün isə insanın qəlbində hörmət, məhəbbət hissi olmalıdır. Bu hissi insanlara uşaq yaşlarından təlqin etmək lazımdır. El-obasını, torpağını, yurdunu sevməyən insan nə valideynlərini, nə ailəsini, nə də ətrafındakı insanları sevə bilməz. Belə insanlarda yüksək insani keyfiyyət axtarmaq da əbəsdir. Mən dərs dediyim şagirdlərə hər zaman bu keyfiyyətləri aşılamağa çalışmışam» – deyir Xanım müəllimə.
Xanım İsayeva öz söhbətində rayon Təhsil şöbəsinin müdiri Habil Qurbanovun adını xüsusi vurğuladı və qeyd etdi ki, Habil müəllim diqqət və qayğısını rayonun heç bir təhsil işçisindən əsirgəmir, hər kəsə böyük hörmət və ehtiramla yanaşır.
Xanım müəllimə təkcə iş yerində deyil, ailədə də qayğıkeş və mehribandır. Onun həyat yoldaşı Ramazan həkim rayonun tanınmış cərrahlarından olub. Qızı Elvira xanım isə tibb bacısı olub. 2018-ci ildə dünyasını dəyişib. Allah hər ikisinə rəhmət eləsin. Xanım İsayeva şagirdlərinə tətbiq etdiyi tərbiyəvi metoddan ailədə öz uşaqlarına qarşı da tətbiq etməyi özünə borc bilir. Bu gün o öz övladları ilə haqlı olaraq fəxr edə bilər; oğlu Elburus ali təhsilli diplomatdır. Çalışdığı illər ərzində bir çox fəxri adlara layiq görülüb.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.04.2019 » Oxundu: 1749
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!