«Səyavuş» faciəsinin dil-üslub xüsusiyyətləri və tamaşa tarixi XX əsrin ilk illərindən başlayaraq ədəbi dilimiz iki yolla: osmanlı ədəbi dilinin təsirilə və türk (azəri) xalq dili hesabına zənginləşmə yolu ilə inkişaf  edirdi. «Sənət sənət üçündür» nəzəriyyəsinin carçıları bu fikirdə idilər ki, ədəbi dil heç də bir zaman kütləvi ola bilməz. O, savadlılar üçündür. Ədəbi dilimizi süni yolla, əcnəbi dillər hesabına «zənginləşdirməyə» cəhd göstərən bu millət qəhrəmanlarından fərqli olaraq «Sənət xalq üçündür» nəzəriyyəsini əsas götürən ziyalılarımız ədəbi dilin də xalq dili, geniş kütlənin dili olduğunu sübut edirdilər. Başda böyük demokrat C.Məmmədquluzadə olmaqla bu amal uğrunda mübarizə aparan «Molla Nəsrəddin» jurnalının ədəbi dilimizin xəlqiləşdirilməsi yolunda böyük xidmətləri olmuşdur. Jurnal bu amal uğrunda mübarizə bayrağını ucada tutarkən, milli mədəniyyətimizin bir sıra böyük ənənələrinə istinad edirdi.

Təsadüfi deyildir ki, dramaturgiyamızın banisi, böyük mütəfəkkir filosof M.F.Axundov da hamı başa düşsün deyə öz məşhur komediyalarını canlı xalq dilində yazmışdır. «Yazıçının dili», «bədii əsərin dili» dedikdə ilk növbədə bədii söz ustasının mənsub olduğu xalqın dili fikrə gəlir; bu dilin ayrı-ayrı qol və üslublarına məxsus söz və ifadələrdən onun məqsədəuyğun şəkildə istifadə bacarığı təsəvvür olunur, vahid, anlaşıqlı bədii bir abidə yaratmaq məharəti düşünülür; mövzuya, hadisə və əhvalata, zaman və məkana, şəraitə, tipə və tərbiyəsinə, dünyagörüş və əqidəsinə, habelə müəllimin təbliğ etmək istədiyi ideyaya uyğun söz və formaları, ifadə və nitq vahidlərini xalq dilinin zəngin xəzinəsindən seçib-ayırıb ümumiləşdirmək – ümumi anlaşma vasitəsinə çevirə bilmək sənətkarlığı başa düşülür».[1]

Ədəbiyyatın başqa növlərinə nisbətən dramaturgiya daha çox konkretlik sevir. Məhz buna görə də səhnə əsərinin dili təbii, rəvan, dinamik olmalıdır. Şübhəsiz, hər bir yazıçının dili onun fərdi bədii üslubu və yaradıcılıq metodu ilə üzvi şəkildə bağlıdır.

Romantik sənətkar öz ideya aləmi və obrazlar sistemi ilə üslub və metodu ilə realist sənətkardan ayrıldığı kimi, rəhbər tutduğu ədəbi-bədii dil normaları və qanunları baxımından da öz spesifik cəhətləri ilə seçilir. Romantizmin milli problemlərdən daha çox bəşəri problemlərə aludə olması, onun vahid bir Bəşər və İnsan idealları, həmçinin romantik dram və faciə janrının dil və poetik xüsusiyyətləri Cavid şeirinin dilinə qiymət verərkən bir sıra cəhətləri nəzərə almağı da zəruri edir. bədii dildə tipikləşdirmə və fərdiləşdirmə prinsipinin realist sənətə, yaxud xalis məzhəkəyə, komediya janrına məxsus səviyyəsini biz romantik sənətkardan və faciə əsərindən tələb etsək, bu, hər şeydən əvvəl, metodoloji cəhətdən yanlışlıq demək olardı. Bu təkcə Cavidi yox, həmçinin Bayron, Şekspir, Marlo kimi bir sıra böyük romantiklərin qanadlı, pafoslu dilinə məxsus misilsizpoeziya gö.zəlliyini başa düşməməyə, haqsız ittiham etməyə də bizə «əsas» verərdi.

Azərbaycan dramaturgiyası tarixində mənzum dram dilinin, «poetik teatrın» yaradıcısı və ilk böyük nümayəndəsi Caviddir. Sonralar Vurğunun romantik və poetik dramaturgiyası da məhz belə zəngin ədəbi ənənə və milli zəmin üzərində yüksəlmişdir. Cavidin mənzum dram ənənəsi bu və ya digər dərəcədə, bir sıra müasir dramaturqlarımız tərəfindən də davam etdirilir. Dilçi alimlərimizin təsdiq etdiyi kimi, ilk dəfə Füzuli poeziyasında klassik səviyyədə büllurlaşan və normalaşan türk (azəri) ədəbi dilini realist dramaturgiyanın materialında sabitləşdirmək böyük M.F.Axundovun xidmətidirsə, mənzum və romantik dramaturgiya sahəsində bu işi Cavid icra etmişdir. Cavidin dili son dərəcə poetik, obrazlı, fəlsəfi, lakonik, musiqili və rəvandır.

Poeziya və musiqi burada təkcə mənada və mətləbdə yox, həm də bu şeirin ritmində və vəznindədir. Cavid dil üzərində zərgər işi görən, fərdi bədii üsluba son dərəcə həssas olan bir dramaturqdur. Xüsusən, «İblis», «Şeyx Sənan», «Xəyyam» monoloqları bizim mənzum dramaturgiyamızda dil kamilliyinin, üslub sənətkarlığının klassik nümunələridir. Bizim ənənəvi şəkildə, Cavid dilinin qüsurları kimi qeyd etdiyimiz cəhətlər şairin bir bədii dil ustası kimi bilavasitə sənətkarlığı ilə bağlı olmaqdan çox, onun nəzəri görüşləri, ideya-siyasi və estetik qənaətləri ilə şüurlu surətdə bağlı olan «qüsurlardır». Xüsusən yaradıcılığının məfkurəvi-tərəddüd illərində yazdığı pyeslərində Cavidin dili türk (azəri) ədəbi dilinə qətiyyən uyğun olmayan «nerdə», «nasıl», «əvət», «həp», «iştə», «ğoğıyor» və sairə bu kimi o zaman romantik şairlər arasında dəb düşən osmanlı ifadələri ilə dolu idi ki, bu da uzun illər boyu «Füyuzat» jurnalının ardıcıl şəkildə apardığı ədəbi dil siyasətinin təsiri və sənətkarın istanbul təhsili ilə bağlı idi.

Dramaturqun yaradıcılığında dönüş kimi qiymətləndirilən «Səyavuş» faciəsi onun dilini də bu mənada nisbətən sadələşdirmişdi. Əvvəlki əsərlərinə nisbətən Cavidin bu faciəsində dil, üslub cəhətdən bir çox yeniliklər var idi. «Səyavuş» dilinin sadəliyi, təmizliyi və personajların danışıq tərzinin müxtəlifliyi etibarilə dramaturqun əvvəlki əsərlərindən daha zəngindir. Əsərə baxarkən biz özümüzü tamamilə başqa bir aləmdə hiss edirik. Əsərdəki monoloqlar konkret, dialoqlar mənalı və məzmunludur. Səyavuşla Südabə, Rüstəmlə Keykavus, Altayla Vali arasındakı dialoqlar təsirli və mənalıdır. Əsərin dördüncü pərdəsində Altayla Vali arasında verilmiş dialoqa nəzər salaq: ALTAY (önünə keçər qızğın) Yetər çıldırdınız hökumət! – deyə, Evləri yıxdınız ədalət! – deyə. Məzlumlar qanından badə sondunuz, Qarğa-quzğun kimi leşə qondunuz. Qanun deyə doğruluqdan çaydınız, Xalqın namusunu heçə saydınız. Aldıqları nəfəs zəhərli ahlar, Qidasız cocuqlar ot yeyib yaşar. Söylə, öyündüyün ədalət bumu? Hökumət dediyin rəzalət bumu?!Kimsə böylə təhqir etməmiş məni, Sən nəçisin, kimsin? Aşma həddini! ALTAY: Zülmətləri yaran bir şimşəyim mən, Doğdum məzlumların diləklərindən. VALİ: (qafasını salar, acı gülüşlə) Bildim ki, Altaysın bəlli şöhrətin, Şübhəsiz böyükdür gücün, qüdrətin. (camaatı göstərir) Əfsus, güvəndiyin bu sərsəmlərin Cümləsi üsyançı, cümləsi xain.

Əsərdəki bu dramatik səhnə mübarizə, döyüş, təkbətək vuruş səhnəsidir. Hər bir replika, dialoq vasitəsilə icra olunan bu vuruş səhnəsində bir zərbə və ya əks-zərbə kimi səslənir. «Qarğa-quzğun kimi leşə qondunuz», «Xalqın namusunu heç sadınız», «Qidasız cocuqlar ot yeyib yaşar» deyən Altayın replikaları qaniçən xaqanların iç üzünü açıb göstərirsə, əməkçi kütlələrə xor baxan hakim sinfin nümaəndəsi Valinin replikaları xalqa qarşı amansızlığı əks elətdirir.

«Səyavuş» faciəsində sözlər yerli-yerində işlədilmişdir. Cavid bu əsərində sözləri qənaətlə işlədərək, ritorikadan qaçdığına görədir ki, hər personajın, tipin fikrini və xasiyyətini daha təsirli yarada bilmişdir. Məsələn, müəllif Keykavus hərəmi Südabənin alovlanan ehtiraslarını daha qabarıq vermək üçün atəş səhnəsindən istifadə etmiş və obrazın öz dilindən: «Təsir edərmi heç atəş-atəşə, yanaraq vuruldum mən Səyavuşə» ifadəsini işlədərək onun xarakterini aydın göstərməyə nail olmuşdur. Xaqanların kəndlilərə etdiyi zülmü göstərmək üçün verilmiş əmək səhnələri də təsirlidir.

İkinci pərdə 1-ci və 2-ci Bənnanın söylədiyi türkü çox təbiidir:

BİRİNCİ BƏNNA: Gəl quzum, tez ol da gəl! Gözüm qaldı yolda, gəl! Çamur gətir, daş gətir! Durma, arkadaş, gətir!

BİRİNCİ BƏNNA: Haydı quzum, kərpic at, Kərpic gətir, az su qat! Gecikmə, gəl, durma, gəl, İşə zərbə vurma, gəl! və ya: «Qəlbim çırpınıyor dodaqlarımda, gəl öpəyim səni…», «Gözəlliyə qarşı kordur gözlərin, bax, eyi bax…» misraları Südabənin çılğın ehtiraslarını, «Ölümdən qorxmayır Keykavus oğlu, xəyanət ləkəsi daha qorxulu!..», «Çəkil, ehtirasın qara yelkəni!», «Ləkəm varsa, təmizlərim qanımla» misraları Səyavuşun təmiz qəlbini, təmizliyini, «Unutma ki, hər gün nazlı bir sona, yavru bir göyərçin qismətdir mana» misraları isə qan qoxuyan azğın saray şəhvətlərini qabarıq əks etdirir. Cavid demək olar ki, ilk qələm təcrübəsi «Ana» istisna olmaqla, bütün mənzum pyeslərini əruz vəznində yazmışdır. «Səyavuş» faciəsində də əruzun həzəc, rəməl, xəfif, kamil, mütəqarib və s. bəhrələrindən məharətlə istifadə etdiyindəndir ki, dramaturq, yüksək şeiriyyətli bir əsər yarada bilmişdir.

«Səyavuş»u tamaşaya hazırlayan Hidayətzadə əsərə quruluş verməzdən əvvəl tamaşa ilə əlaqədar demək olar ki, böyük tədqiqat işi aparmış, qədim İran və Turanın tarixini, məişətini, folklorunu və s. müfəssəl öyrənmiş, buna əsaslanaraq Cavidi əsər üzərində əlavə iş görməyə razı sala bilmişdir. İkinci qiymətli cəhəti ondan ibarətdir ki, gözəl aktyor olan Hidayətzadə rejissorun başlıca vəzifəsini obrazların mükəmməl işlənməsində, dolğun səhnə xarakterləri yaradılmasında görür və aktyorları bu istiqamətdə axtarışlara sövq edə bilirdi. Nəhayət Hidayətzadənin bir rejissor kimi üçüncü qiymətli sifəti ondan ibarət idi ki, o, tamaşanı küll halında düşünə bilir, onun təşkilatca möhkəmliyinə çalışırdı. Səliqəli, zinətli, maraqlı, parlaq və temperamentli, atəşli, həqiqi mənada bəzəkli, əlvan tamaşalar yaratmağı sevirdi. Bütün bu keyfiyyətlər «Səyavuş»da öz əksini tapmış və nəticədə çox parlaq və əzəmətli tamaşa yaratmışdı ki, öz janrı və üslubu etibarilə romantik vüsətli xalq-qəhrəmanlıq dramını xatırladır və bu mənada teatrın yaradıcılığında onun gələcək inkişafı üçün səciyyəvi olan bir yol açırdı».[2]

Əsərdə əsas rolları teatrın görkəmli aktyorları Mərziyə xanım Davudova, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Sona xanım, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı ifa edirdilər. İstər A.M.Şərifzadə, istərsə də Ü.Rəcəbəzilən kütlələrin müdafiəçisi, təmiz qəlbli, üsyankar ruhlu səyavuşu məharətlə yaratmışlar. Səyavuş A.M.Şərifzadənin ifasında böyük insan səadəti, işıqlı gələcək yolunda əzmlə mübarizə aparan və bu yolda həlak olan bir qəhərəman idi. Ülvi Rəcəb də dramaturq tərəfindən məharətlə yaradılmış bu obrazın mübarizəsini öz məzmunlu oyununda qabarıq göstərirdi. «Ülvi Rəcəbin Səyavuşu iradəli, romantik bir gənc idi. Saray adamlarının etdikləri ədalətsizlikləri, zülmü görən Səyavuş – Ülvi hiddətlənirdi, onda daxili etiraz hissi baş qaldırırdı. Analığının onu sevməsi Səyavuş – Ülvi üçün qəribə idi. Hökmdar arvadının – Südabənin etirafını eşidəndə, Səyavuş diksinir və başını aşağı salıb, onun üzünə baxmamağa çalışır. Bu etiraf ona nə qədər dəhşətli görünür!»[3] Böyük səhnə ustası Mərziyə xanım Davudova mürəkkəb xarakterli Keykavus hərəminin obrazını öz gözəl oyunu ilə daha da yüksəklərə qaldırmışdır. O, xüsusilə Südabənin Səyavuşla ilk görüş səhnəsində çox təbii idi. Professor Mehdi Məmmədov Mərziyə xanımın Südabə obrazı haqqında yazır: «Mərziyə xanım müəllifin fikrini olduğu kimi qəbul və tətbiq edirdi. O, zahirən son dərəcə gözəl və cazibədar idi. İlk görüşdə, ilk baxışda ona rəğbət  bəsləməmək, valeh olmamaq çətin idi.

Tamaşaçı bu gözəlin qəlbində müşeül sirr, əlacsız dərd olduğunu duyunca ona acıyırdı da. Aktrisa hadisədən mahiyyətə, şəkildən mündəricəyə doğru yolu tədriclə keçir, öz obrazını ifşa etməyə tələsmirdi. Yəni əslində, o, belə bir məqsədi heç güdmürdü də. Əksinə, o, Südabəni müəyyən mənada «doğrultmaq» yolu ilə gedir və beləliklə obrazı sünilikdən, çılpaq tendensiyadan qoruyurdu».[4]

«Səyavuş» faciəsi 1936-cı il aprel ayının 17-nə kimi görünməmiş bir müvəffəqiyyətlə – 100 dəfə göstərilmişdir. Əsərin quruluşçu rejissoru İsmayıl Hidayətzadə yüzüncü tamaşa münasibətilə «Yeni yol» (İ.Hidayətzadə. 100-cü tamaşa. «Kommunist» qəzeti, 17 aprel 1936, № 90 (4710) və «Kommunist» (İ.Hidayətzadə. «Səyavuş»un yüzüncü tamaşası. «Yeni yol» qəzeti, 17 aprel 1936, № 89 (3496) qəzetlərində dərc etdirdiyi məqalələrində «Səyavuş»un belə müvəffəqiyyət qazanmasının əsas səbəblərini izah edərək yazırdı: «Quruluşda ilk təşəbbüs olsa da, istifadə etdiyim İran xalq folklorunun elementləri, quruluşun bədii dəyərinin yüksəldilməsinə və tamaşaçılar arasında böyük müvəffəqiyyət qazanmasına səbəb olmuşdur».[5] (Tənqidçi roqivskiy «Rasçvet Tyurkskoqo teatra» məqaləsində o zaman teatrın repertuarından uzun müddət düşməyən ən yaxşı əsərlər sırasında «Səyavuş» faciəsinin də adını çəkirdi: «Etapnımi spektaklyami teatra bıli: «Nevesta oqnya», «Sevil» – Djabarlı, «Namus» – Şirvanzade, «Qamlet» – Şekspira, «Çelovek kotorıy smyotsya» – Qyuqo, «Otello» – Şekspira, «Siyavuş» – Djavida» (V.Roqavskiy. Rassvet Tyurkskoqo teatra. «Zarya Vostoka» qəzeti, 7 noyabr 1935, № 259 (3672). «Səyavuş» ikinci dəfə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının (indiki Milli Dram Teatrı – V.Ə., Ə.N.) səhnəsində 1963-cü ildə, Cavidin anadan olmasının 80 illiyi münasibətilə mərhum rejissor Ələsgər Şərifov tərəfindən tamaşaya hazırlanmışdır. Həmin ildə mərkəzi mətbuat səhifələrində «Səyavuş»un yeni müvəffəqiyyətli quruluşu haqqında resenziyalar dərc edilmişdir. Filologiya elmləri doktoru M.Əlioğlunun «Səyavuşun faciəsi»[6] xalq yazıçısı Mirzə İbrahimovun «Mənalı və gözəl səhnə sənəti uğrunda məqalələrində teatrın yaradıcı truppasının böyük əməyi qeyd edilir. M.İbrahimov rejissor Ə.Şərifovun quruluşundakı üstün cəhətləri göstərməklə yanaşı, çatışmayan bəzi cəhətləri də qeyd edirdi: «Tamaşada gözümüzə dəyən qüsurlu cəhətləri də qeyd etmək istərdik. Bizcə, rejissor ədəbi mətnin əsarətindən tamamilə qurtara bilmədiyindən, arabir aktyor oyununda şairanəlik ritorika ilə əvəz olunur. Cavid şeirini təbii danışıq dilinə yaxın səsləndirmək aktyordan xeyli güc və səy tələb edir. Kollektiv buna meyl göstərmişdir, lakin hər zaman nail ola bilməmişdir. Bir də ki, qulağımıza yabançı dəyən, fikrin anlayışını çətinləşdirən arı-ayrı misraları və sözləri rahatca sadələşdirmək olardı» (Mirzə İbrahimov). «Səyavuş»un yeni quruluşunda əsas rolları Hökumə Qurbanova – Südabə, Ağadadaş Qurbanov – Səyavuş, Ələskər Ələkbərov – Rüstəm, Nəcibə Məlikova – Firəngiz, Fateh Fətullayev – Altay, Məcid Şamxalov – Piran, Bürcəli Əskərov – Bəhram, Leyla Bədirbəyli – Dürdanə, Eldəniz Zeynalov – Yalçın, Sofya Bəşirzadə – Rübabə ifa edirdilər.

Hökumə Qurbanovanın Südabəsinə yüksək qiymət verən Məsud Əlioğlu yazır: «Hökumə Qurbanova duyğuları ağlına, ehtirasları fikrinə və istəkləri mühakimələrinə qələbə çalan məkrli afətin surətini bütün mürəkkəbliyi və incəliyi ilə tamaşaçının nəzərində canlandıra bilir. Südabə fitnə-fəsad təcəssümü, qansız və qəddar bir hərəm, kinli, azğın və çılğın qadın kimi də H.Qurbanovanın ifasındaözünün real, dolğun ifadəsini tapmışdır. H.Qurbanova oynadığı bu surətin üzərində hərtərəfli yaradıcılıq işi aparmış, bu surətin psixoloji  xüsusiyyətlərini, xarakterinin bütün incəliklərini dərindən duymuş və tamaşada xüsusi bir qabarıqlıqla nəzərə çarpan, uzun müddət yaddan çıxmayan, qüvvətli bir surət yaratmışdır»[7]. Faciə elə həmin il Milli Teatrımızın mühüm bir qolu sayılan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının da səhnəsində canlandırıldı. Quruluşun təbii çıxması üçün mərhum xalq artisti, rejissor İbrahim Həmzəyev incə ştrixlərdən və maraqlı səhnə mizanlarından istifadə etmişdi. Baş rollarda xalq artistləri İsa Musayev – Səyavuş, Zəroş Həmzəyeva – Südabə, Məmməd Quliyev – Rüstəm, İbrahim Bənəniyarlı – Altay və başqaları onlara tapşırılan surətləri məharətlə ifa etmişlər. Teatrın istedadlı kollektivinin ifasında «Səyavuş» Culfa, Ordubad, şərur, Şahbuz rayonlarının zəhmətkeşlərinə də göstərilmişdi. «Səyavuş» bir qiymətli səhnə əsəri kimi bundan sonra da Azərbaycan teatrlarının repertüarlarını bəzəyəcək və öz müəllifinin şöhrətini daha da artıracaqdır. Cavid ədəbi irsi xalqımız üçün qiymətli və əzizdir. «Şeyx Sənan», «İblis», «Azər», «Səyavuş», «Xəyyam» kimi dəyərli əsərləri hələ sağlığında müəllifinə qəlblərdə heykəl ucaltmışdır. Bu isə tək-tək sənətkarlara nəsib olan xoşbəxtlikdir. Cavid – ədəbi deməkdir! Cavid – ölməz deməkdir! Sənətkarı isə əbədiyyətə onun yaratdığı ölməz əsərlər qovuşdurur: Səyavuş ürəkli, Rüstəm cüssəli, Neçəsi qarşında gəlib əydi baş. Sənantək neçəsi oldu qüssəli, Kimi Keykavustək durub qaldı çaş. Neçə surətin var, neçə sözün var, Onları saymaqla qurtaran deyil. Sənət dünyasından getməz izin var.

 

ƏDƏBİYYAT:

  1. M.Cahangirov. M.F.Axundov dram əsərlərinin dili üzərində necə işləmişdir. EA nəşriyyatı, 1962, səh. 3
  2. C.Cəfərov. Cavid teatrı. Əsərləri I c., Azərnəşr, 1968, səh. 251-252
  3. Ə.Əliyeva. «Ülvi Rəcəb». Azərnəşr, 1962, səh. 50
  4. M.Məmmədov. Teatrlar, aktyorlar, tamaşalar. Azərnəşr, 1966, səh. 135
  5. İ.Hidayətzadə. «Səyavuş»un yüzüncü tamaşası. «Yeni yol» qəzeti, 17 aprel 1936, № 89 (3496)
  6. M.Əlioğlu. Səyavuşun faciəsi. «Ədəbiyyat və incəsənət» qəzeti, 6 aprel 1963, № 14 (1215)
  7. Əlioğlu M. Səyavuşun faciəsi. «Ədəbiyyat və incəsənət» qəzeti, 6 aprel 1963, № 14 (1215). vu 20
  8.  M. Yalioğlu. Tənqidçinin düşüncələri. Azərnəşr, 1968, s. 173

 

Vüqar Əhməd

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

filologiya üzrə elmlər doktoru, professor

 

Daxil olundu: 13.10.2018 » Oxundu: 1842
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!