«Respublikamızda Uşaq-Gənclər İnkişaf mərkəzlərinin yaranması, adından da göründüyü kimi yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.
Bu mərkəzlərdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün müasir dövrün tələblərinə cavab verən məkanların yaradılması nəzərdə tutulub. Geniş profilli müəssisə olan Uşaq-Gənclər İnkişaf mərkəzlərində elm, texnologiya, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən, müasir gəncliyin tələbatına uyğun dərnək və qrupların, klub və s. birliklərin təşkili, müxtəlif müsabiqə, sərgi, bayram tədbirlərinin, həmçinin elmi laborator təcrübələrin keçirilməsi birbaşa uşaq və gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün əvəzsiz məkandır».
Bu sözləri Zaqatala Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Şəlalə Xəlilova söyləyir.
Şəlalə xanım 1970-ci ildə Zaqatala rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə qəbul olub və 1993-cü ildə universitetin kimya-biologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Zaqatala rayonunun Ekoloji tərbiyə və təcrübəçilik mərkəzində dərnək rəhbəri kimi başalayan Şəlalə xanım bir müddət sonra həmin müəssisənin direktoru vəzifəsində çalışıb. 2016-cı ilin noyabr ayında Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və Bakı şəhər Uşaq-Gənclər Yaradıcılıq sarayının bazasında yaradılan Uşaq-Gənclər İnkişaf Mərkəzi Zaqatala rayonunda da həyata keçirilib və rayonda fəaliyyət göstərən 3 mərkəz birləşərək Zaqatala Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb. Elə həmin vaxtdan Şəlalə xanım Uşaq Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsində işləməyə başlayıb. 2020-ci ildə isə Mərkəzə direktor təyin edilib.
Şəlalə xanım Mərkəz haqqında məlumat verərək qeyd etdi ki, burada hazırda 630 şagird vardır ki, onlara seçdikləri sənətin sirlərini dərindən öyrətməyə çalışan 32 dərnək rəhbəri çalışır. Məktəbdə 19 adda 52 dərnək fəaliyyət göstərir. Dərnəklər şəhər 1 və 3 saylı məktəblərdə, Faldar kənd məktəbində, Aşağı Tala 1 və 3 saylı məktəblərdə, Yuxarı Tala 2 saylı və sair məktəblərdə yerləşir. Uşaqlar Avia model, «Bura bizim evimizdir», Eko-dizayn, Dağ turizmi, İnformatika, Ağac üzərində oyma, İngilis dili, Dram, Bədii qiraət, Rəqs, Rəsm, Bacarıqlı əllər, Toxuculuq, Biçmə-tikmə və s. dərnəklərə daha çox maraq göstərirlər.
Şəlalə xanım rayon təhsil şöbəsinin müdiri Mərkəzə olan diqqət və qayğısından da söz açdı. «Məhz bu diqqətin nəticəsidir ki, şagirdlərimiz böyük uğurlar əldə edirlər» – dedi.
Şəlalə xanım müxtəlif müsabiqələrdə uğur əldə etmiş şagirdlərin adlarını fəxrlə çəkdi. Qeyd etdi ki, məlum pandemiya ilə əlaqədar yarış və müsabiqələr onlayn keçirilsə də, mərkəzin şagirdləri heç də geri qalmaq istəmirlər. Hətta xeyli uğurlu nəticələr də əldə ediblər. Bu il onlayn keçirilən mahnı müsabiqəsində Murad Məryəm III yerə, Respublika baxış müsabiqəsində Samirə Axundova II yerə və Hacı İbrahimov III yerə, «Unutmadıq-unutmayacağıq» Respublika şeir müsabiqəsində Nuranə Qurbanova III yerə layiq görülüblər. «Qarabağa gedən yol» şeir müsabiqəsində isə Zalxay Sultanova 1 yeri əldə edib.
Mərkəzin daha böyük uğurları, inanırıq ki, hələ qarşıdadır. Bu inamı yaradan isə Mərkəzin rəhbərliyi, müəllim və şagird kollektividir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.05.2021 » Oxundu: 854
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!