Qəriblik həyatını təkcə insanlar yaşamır, bu arzuolunmaz həyat tərzi idarələrə, müəssisələrə də aiddir. Belə müəssisələrdən biri də Ağdam şəhər 12 saylı tam orta məktəbdir. Rayonun qocaman təhsil ocaqlarından olan məktəb məlum hadisələrdən sonra Bərdənin 6 saylı tam orta məktəbində məskunlaşıb. Burada isti münasibət, qayğı və mehribanlıq görən məktəb kollektivi az bir vaxtda onlara qucaq açan 6 saylı məktəbin kollektivi ilə doğmalaşıb, dostlaşıb. Amma nə qədər mehriban münasibət qurulsa da, qonaq elə qonaqdır. Bu gün də 12 saylı Ağdam məktəbi öz doğma yurd-yuvalarına dönməyin həsrəti ilə yaşayır, o günlərin xəyalının istisinə qızınır.
2015-ci ildə Bərdədə qaçqınlar üçün salınmış şəhərcikdə yeni məktəb tikilərək istifadəyə verilib. İkimərtəbəli olan məktəb bütün lazımi avadanlıqlarla təchiz edilib. Burada dərslər 2 növbəlidir. Binada 12 saylı məktəbdən başqa Şuşa, Laçın, Kəlbəcər və Ağdam şəhər 11 saylı məktəbləri də fəaliyyət göstərir.
Məktəbdə 210 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Məktəbin direktoru Aftandil Məmmədovdur. O, 12 may 1955-ci ildə Ağdamın Qızıllı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra indiki Gəncə Dövlət Universitetini riyaziyyat ixtisası üzrə bitirib. 1976-cı ildən 1993-cü ilə kimi boya-başa çatdığı Qızıllı kəndində müəllim işləyib.
Məktəb haqqında ətraflı məlumat verən Aftandil müəllim bildirdi ki, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb, kompüterlə tam təmin olunub. Burada əsasən təcrübəli və məsuliyyətli müəllimlər çalışır. Nümunəvi müəllimlərindən tarix müəllimi Məhsəti Hüseynovanın, kimya müəllimi Kəmalə Allahverdiyevanın, riyaziyyat müəllimi Lalə Ağayevanın, tarix müəllimi Aytac xanımın və digərlərinin adını çəkmək yerinə düşərdi. Məhz bunun nəticəsidir ki, hər il məktəb məzunlarının 50 faizi müxtəlif ali təhsil ocaqlarına qəbul olurlar. Ötən il məktəbin məzunu Mələk Həmidova 606 bal toplayaraq BDU-nun Hüquq fakültəsinin tələbəsi adını qazanıb.
Aftandil müəllimin həyat yoldaşı da müəllim olub. O, hazırda təqaüddədir. Bu nümunəvi ailə ocağında 2 qız və 2 oğlu yetişib. Onların hər biri ali təhsilli mütəxəssislərdir.
Bu gün Aftandil müəllimin bir arzusu var; tezliklə yenidən öz doğma yurd-yuvalarına qayıtmaq, Ağdamın həmişəki çal-çağırlı, toylu-büsatlı günlərinin şahidi olmaq! İnanırıq ki, o gün uzaqda deyil.


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.04.2019 » Oxundu: 1562
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!