Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99–cu ildönümünə həsr olunmuşdur. Müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biri olub. Elə liderlər var ki, tarix onları unutmur, öz dövrünün əsl əfsanəsinə çevrilir. Azərbaycan tarixi onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və ictimai–siyasi xadim kimi daim xatırlayır.
Heydər Əlirza oğlu Əliyev 1923–cü il mayın 10–da Naxçıvan şəhərində anadan olmuşdur. 1939–cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuş, lakin II Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. O, 1941–1944–cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsində məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944–cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. 1950–ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir. 1957–ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir. 1958–ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks–kəşfiyyat şöbəsinin rəisi, 1964–cü ildə DTK-nın sədr müavini təyin edilmişdir. 1966–cı ildə Moskvada DTK–nın Dzerjinski adına Ali hərbi məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1967–ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general–mayor rütbəsi verilmişdir. 1969–cu il iyulun 14–də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilmişdir. 1982–ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ–nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. Heydər Əliyev 1987–ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990–cı il yanvarın 19–dan 20–nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21–də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991–ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1991–ci il sentyabrın 3–də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993–cü ilə kimi çalışmışdır. Heydər Əliyev 1992–ci il noyabrın 21–də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. 1993–cü ilin may–iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Heydər Əliyev 1993–cü il iyunun 15–də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24–dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993–cü il oktyabrın 3–də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998–ci il oktyabrın 11–də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev 2003–cü il oktyabrın 15–də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş lakin səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürmüşdür. 2003–cü il dekabrın 12–də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15–də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur. Ulu Öndər 5 dəfə keçmiş SSRİ–nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.
Onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, rəhbərlik etdiyi 35 illik dövr ərzində xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyev müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevrilmişdir. Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və İran kimi dövlətlərlə konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət bugün Cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1993–cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi–iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai–siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri–qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial–iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai–siyasi sabitlik bərqərar edilmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995–ci il noyabrın 12–də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995–ci il noyabrın 27–də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi–hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidirş
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycan böyük yolun – Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım–addım irəliləyir. Şübhəsiz ki, Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirəcək, dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində daha möhtəşəm Azərbaycana şahidlik edəcək.
Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev 5 yanvar 2022–ci il tarixində imzaladığı sərəncamla Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni–mənəvi dəyərini nəzərə alaraq 2022–ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan etdi. Prezidentimiz Şuşanı işğalçılardan azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752–ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai–siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70–ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il bundan öncə 1992–ci il mayın 8–də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020–ci il noyabrın 8–də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey–məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev–muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Aprelin 22–si və 23–də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – “Zəfər Qurultayı”nda 65 ölkədən 400–dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Böyük siyasi əhəmiyyət kəsb edən bu tədbiri ilk öncə Azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilən bu toplantı bir daha sübut etdi ki, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının ürəyi hər zaman doğma Vətənin nəbzi ilə bir vurur. Bu, dünyaya verilən bir ismarıcdır. Biz hər zaman öz milli mənliyimizə və qürurumuza sahib çıxa biləcək böyük və qalib xalqıq. Milli həmrəylikdən söz düşərkən ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır.
Heydər Əliyev məhz soydaşlarımızın “azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması istiqamətində göstərdiyi ölçüyəgəlməz xidmətləri sayəsində “Ümummilli lider” zirvəsinə yüksəlmişdir. Ona görə də “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir. Bu mənada “Zəfər qurultayı”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində baş tutması həm də Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir. Ən əsası, sonuncu prezident seçkilərindən sonra 2018–ci il aprelin 18–də keçirilən andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyinə bir daha toxunan cənab İlham Əliyev qətiyyətli Lider, cəsur Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi fəaliyyətini davam etdirərək ali məqsədə nail olaraq strateji hədəfə çatdı və torpaqlarımız işğaldan azad edildi. Sözsüz ki, bu, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsidir. Bu, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir.

Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d.

Daxil olundu: 09.05.2022 » Oxundu: 495
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!