Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraq zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir.

Rayonun əkin torpaqları Türyançay və Kür çayları, həmçinin Yuxarı Şirvan kanalı vasitəsilə suvarılır. Ağdaş Suvarma Sistemləri İdarəsi il ərzində 25 min 230 hektardan artıq  əkin sahələrini suvarma suyu ilə təmin etmişdir. Suvarma kanallarında lildən təmizləmə işləri aparılmışdır. Daşqın və selə qarşı mübarizə tədbirləri çərçivəsində Türyançay çayında mexanizmlər vasitəsi ilə çay məcrasının təmizlənməsi aparılmış, Türyançay qəsəbəsi yaxınlığında sahilin yuyulmasının qarşısını almaq üçün ərazidə çay məcrasının təmizlənməsi işi aparılmışdır.

 «Respublikada Meliorasiya və su təsərrüfatı sahəsinə son illərdə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir.

Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur» – söyləyir Əhliman müəllim.

Ötən illər Ağdaş rayonunda qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Əhliman müəllim Azərbaycanımızın əldə etdiyi möhtəşəm zəfərdən də söz açdı və bu münasibətlə xalqımızı təbrik etdi. Qeyd etdi ki, torpaqlarımızın işğal altında olması suvarma sahəsinə də öz  təsirini göstərib. Belə ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Suqovuşan su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. 25 ildən artıqdır ki, su anbar­larının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb.

Suqovuşan su anbarı və kanallar işğal altına düşməzdən əvvəl Azərbaycanın iqtisadi inkişa­fında, xalqın rifahının yaxşı­laşmasında böyük rol oynayıb, bunun nəticəsində Qarabağın kənd təsərrüfatı sürətlə inkişaf edib.

Ermənilər torpaqlarımı­za və cəbhəyanı rayonların əhalisinə zərər vermək üçün Sərsəng və Suqovuşan su anbarlarının suyunu payızın sonunda və qış aylarında buraxıb, suya ehtiyac olan yaz-yay aylarında isə kəsiblər. Nəticədə əkin sahələrinin suvarma suyu ilə təminatında çətinlik yaranıb. Su torpaq məcralı kanallar vasitəsi ilə nəql edildiyinə görə itkinin miq­darı həddindən artıq çox olub.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyatında qənaətin yaranmasına səbəb olacaq.

Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Hacıyev

Daxil olundu: 05.12.2020 » Oxundu: 900
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!