Müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq, aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə mövqeləri daha da güclənib.
Cənab İlham Əliyevin prezidentliyi dövründə həqiqətən ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın cənab İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezidentin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda ölkənin yeni imicini formalaşdırıb. Azərbaycanın bu imici gündən-günə daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb.
Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda dövlət başçısının təşəbbüsü ilə reallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək.
Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub.
Əsl liderlik həm də kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək imkanı vermişdir.
Statusundan asılı olmayaraq insanın hansı ideyanın daşıyıcısı, hansı əməlin sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Bu mənada cənab İlham Əliyevin respublikada həyata keçirdiyi sosial-iqtisadi islahatlar həm də dövlət başçısının yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürlərindən biri kimi qiymətləndirilməlidir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Ölkəmizdə əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi möhkəmləndirib. İndiyədək keçirilmiş bütün yerli və xarici rəy sorğularının nəticələri Prezident İlham Əliyevin yüksək reytinqini dəfələrlə sübuta yetirib. Bunun əsas səbəbi cənab Prezidentin fəaliyyəti və bu fəaliyyətin xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır.
2003-2019-cu illərin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. Fəxarət doğuran digər məqam isə Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti, onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.

Aydın Cəfərov
Əmlak Məsələləri Dövlət Komitəsinin
Xaçmaz 13 saylı Ərazi Şöbəsinin rəisi

Daxil olundu: 17.10.2019 » Oxundu: 1493
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!