1920-ci ildən təsis olunan Həmkarlar İttifaqı əvvəllər müxtəlif adlar altında fəaliyyət göstərib.1990-cı ildən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırılıb. 2025-ci ilin iyul ayından isə ittifaqın adı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq dəyişdirilib. Komitənin əsas fəaliyyət istiqamətləri ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərinin qorunması, sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması, mədəni-kütləvi, idman və intellektual inkişaf tədbirlərinin təşkili və s.-dir. Elm və Təhsil  İşçiləri Həmkarlar İttifaqı Şəmkir rayon komitəsi də məhz bu istiqamətdə fəaliyyət göstərir və hər zaman öz işinin öhdəsindən uğurla gəlməklə yanaşı, həm də daha mütərəqqi addımlar atmağa çalışır. Komitənin sədri Amin Alıyevdir. 1983-cü ilin 19 aprelində Qərbi Azərbaycanda dünyaya gələn Amin  müəllim məllum hadisələrlə bağlı ailəsi ilə öz doğma yurd-yuvalarından didərgin düşərək Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşıblar. Otra təhsilini də Çənlibel tam orta məktəbində alıb və Gəncə Dövlət Universitetinə qəbul olub. Universiteti riyaziyyat ixtisası üzrə bitirdikdən sonra isə bir il Ordu sıralarında xidmət edib. Amin müəllim 2005-2009-cu illərdə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə müəllim işləyib. 2025-ci ilin yanvar ayında isə ETİHİ Şəmkir rayon komitəsinə sədr seçilib. Komitə haqqında ətraflı məlumat verən Amin müəllim bildirdi ki, hazırda komitənin 6 mindən yuxarı üzvü vardır. Burada hər bir komitə üzvünə xüsusi həssaslıqla yanaşılır və komitənin səlahiyyətində olan bütün tədbirlər həyata keçirilir. Komitə üzvlərinin hayatının daha rəngarəng və maraqlı keçməsi üçün burada ölkəmizə aid olan bütün bayramlar  xüsusi təntənə ilə qeyd edilir. Novruz bayramı, Milli Müstəqillik Günü, Müəllim Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, dini bayramlar olan Qurban və Ramazan bayramlarının daha möhtəşəm qeyd edilməsi isə artıq bir ənənə  halını alıb. Həmçinin yaş məhdudiyyəti ilə bağlı təqaüdə çıxan təhsil işçiləri təntənəli şəkildə və xatirə hədiyyələri ilə yola salınır. Maraqlı və çal-çağırlı şəkildə keçirilən ad günü yubileyləri də yaddalan olması ilə fərqlənir və onlara hədiyyələr təqdim edilir. Amin müəllim onu da qeyd etdi ki, bu il Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərovun yaxından köməkliyi sayəsində şəhid ailələrinə və maddi durumu aşağı olan ailələrə məktəbli forması verilib. Həmçinin onu da vurğulamaq yerinə düşərdi ki, şəhid ailələri, qazilər və veteranlar hər zaman komitənin diqqət mərkəzindədir. Rayonun təhsil şöbəsində çalışan hər bir şəhid ailələsinə, qazilərə həmişə maddi və mənəvi yardım göstərilir. Şəhidlərin ruhu daima ehtiramla yad olunur, qazilərin, veteranların keçdiyi şərəfli döyüş yolu ilə bağlı xatirələri dinlənilir. Bu isə gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də xalqımızın torpaq, vətən uğrunda canını fəda edən qəhrəman oğullarımıza, igidlərimizə olan hörmət və ehtiramının, unudulmazlıqlarının bariz nümunəsidir. Amin müəllim onu da bildirdi ki, təhsil işçilərinə qarşı göstərilən xüsusi diqqət və qayğı əslində cəmiyyətə, onun inkişaf və tərəqqisinə göstərilən bir münasibətdir. Çünki təhsil və elm bütün dövrlərin ən vacib və aktual məsələlərindən biri olub və hər zaman da belə olacaq. Unutmaq olmaz ki, həyat məhz elmin, təhsilin üzərində bərqərardır. Bu sahədə çalışmaq isə insandan xüsusi məsuliyyət, bacarıq və istedad tələb edir. Ona görə də belə insanlara qarşı xüsusi həssaslıqla yanaşılmalı, onların arzu və istəkləri mövcud şəraitin imkan verdiyi dərəcədə nəzərə alınmalıdır. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir rayon komitəsinin məqsəd və məramı da məhz budur. 

Gülağa Cəfərov

Keçmiş SSRİ və Azərbaycanın Jurnalistlər 

Birliyinin uzvu

Daxil olundu: 13.01.2026 » Oxundu: 1227
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!