Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsilin fəlsəfəsinin yenilənməsi, mənimsəmə kosepsiyasına keçidin həyata keçirilməsi zərurəti yaranmışdır. Ulu öndər Heydər Əliyev təhsil sahəsində islahatların əsasını qoymaqla milli təhsilimizin inkişaf parametrlərini müəyyənləşdirmişdir. Onun siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili müasir dövrün tələb və çağırışlarına uyğun inkişaf edir və yenilənir.
Ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi və təmiri, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, İKT avadanlıqları və tədris resursları ilə təminatı minlərlə müəllim və şagirdin təhsil şəraitini yaxşılaşdırmışdır. 2018-2019-cu dərs ilində rayonumuzun təhsil müəssisələrində bu sahədə xeyli iş görülmüşdür.
Təhsil Nazirliyinin xətti ilə 2018-ci ildə 4 təhsil müəssisəsində – Aran qəsəbə 1 nömrəli, Qaraməmmədli kənd tam orta və Aşağı Bucaq, Quşçu ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır. 2019-cu ildə Qoyunbinəsi kənd tam orta məktəbi üçün 434 yerlik yeni məktəb binasının tikilməsi, Xanabad kənd tam orta məktəbin əsaslı, şəhər 7 və 8 nömrəli məktəblərin cari təmir olunması, Ərəbbəsrə kənd ümumi orta məktəbi üçün 96 yerli «Modul» tipli məktəb binasının quraşdırılması nəzərdə tutulmuşdur.
Məktəblərin istilik sistemi ilə təminatı da xeyli yaxşılaşdırılmışdır. 10 şəhər, 11 kənd məktəbi fərdi istilik sistemləri ilə\, 4 kənd məktəbi qazla, 33 məktəb isə odunla qızdırılır. Bununla yanaşı şəhər Təhsil şöbəsi, şəhər 3 nömrəli məktəb, Yuxarı Qarxun kənd tam orta məktəbin istilik sistemlərinin qazlaşdırılmaması bəzi çətinliklər yaradır.
Ölkəmizdə müəllim əməyinə dövlət qayğısı günbəgün artır. Dövlət başçısının sərəncamları ilə son illər rayonumuzda 10 nəfər müəllimin «Əməkdar müəllim» adına, 10 nəfər müəllimin «Tərəqqi» medalına layiq görülməsi, Təhsil nazirinin əmri ilə 6 nəfərin «Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi» döş nişanı ilə təltif edilməsi müəllim əməyinə dövlət tərəfindən verilən qiymətin parlaq təzahürüdür. 2018-ci ildə Respublika Prezidentinin sərəncamı ilə 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədovaya «Əməkdar müəllim» fəxri adının verilməsini, şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Səkinə Səmədovanın «Tərəqqi» medalı ilə təltif olunmasını, Respublika Təhsil Nazirliyinin əmri ilə 8 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Solmaz Abdullayevanın, şəhər Təhsil Şöbəsi Metodiki kabinetin direktoru Xaləddin Niftəliyevin «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə, şəhər 3 nömrəli məktəbin biologiya müəllimi Könül Hüseynovanın və şəhər 5 nömrəli məktəbin riyaziyyat müəllimi Vəsilə İsayevanın Təhsil Nazirliyinin «Fəxri fərmanı» ilə təltif olunmasını rayonumuzun pedaqoji ictimaiyyətinin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirirəm.
2018-2019-cu tədris ili ərzində rayon üzrə 57 məktəbin 939 sinif komplektində 16402 nəfər şagird təhsil almışdır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 2078 nəfər müəllim məşgul olmuşdur. Dərs ilinin əvvəlində I-XI siniflər üzrə şagirdlərin sayı 16402 nəfər olmuşdur.
Bu ilin fevral ayında Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının rayon turu keçirilib. 8 fənn üzrə keçirilən olimpiadalarda rayonun bütün məktəblərindən 419 nəfər şagird iştirak etmişdir. Onlardan 61 nəfəri yarımfinal, 4 nəfəri final turunda iştirak etmək hüququ qazanmışdır. Şəhər 9 nömrəli tam orta məktəbin X sinif şagirdi Fuad Xəlilov tarix fənni üzrə Respublika turunda ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Ali məktəblərə qəbul ümumtəhsil məktəblərinin ən mühüm göstəricəsidir. 2019-cu ildə tam orta məktəbləri 984 nəfər şagird bitirmişdir. Onlardan 583 nəfəri ali məktəblərə sənəd vermiş, 324 nəfər məzun ali məktəblərə qəbul olmuşdur ki, onların 9 nəfəri müxtəlif ali hərbi məktəbələrə qəbul olanlardır.
Ümumiyyətlə, 2019-cu ildə rayon üzrə ali məktəblərə qəbul olan abituriyentlərin sayı 350 nəfər olmuşdur. Onlardan 324 nəfəri 2019-cu ilin, 26 nəfər isə əvvəlki illərin məzunlarıdır. 12 nəfər isə xarici ölkələrin ali məktəblərinə qəbul olmuşdur. Beləliklə, 2019-cu il məzunlarından ali məktəblərə qəbul olanların sayı 2018-ci ildən 9 nəfər çoxdur.
Məzunların orta ixtisas təhsili müəssisələrinə qəbulunda da xeyli irəliləyiş vardır. 2017-ci ilin məzunlarından 73 nəfəri irta ixtisas məktəblərinə qəbul olmuşdursa, 2018-ci ildə bu rəqəm 118 nəfərə, 2019-cu ildə 124 nəfərə çatmışdır.
Ali məktəblərə qəbul olanlardan 6 nəfəri 600-dən yuxarı, 37 nəfəri 500-dən yuxarı bal toplamışdır. Bu il 600-dən yuxarı bal toplayanların 4 nəfəri şəhər 5 nömrəli, 1 nəfəri şəhər 1 nömrəli, 1 nəfəri Gülöyşə kənd tam orta məktəbin məzunları olmuşdu. Onlardan rayon üzrə ən yüksək – 633 balı şəhər 5 nömrəli tam orta məktəbin məzunu Quliyev Sədi İkram oğlu toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə, Gülöyşə kənd tam orta məktəbin məzunu Cəfərli Leyla Nasif qızı mümkün balların 98 faizini toplayaraq Türkiyə Respublikasının Gülhanə Tibb Universitetinə qəbul olmuşdur.
500-dən yuxarı bal toplayanların 7 nəfəri şəhər 8 nömrəli, 5 nəfəri şəhər 2 nömrəli, 4 nəfəri şəhər 1 nömrəli, hər birindən 2 nəfər olmaqla şəhər 4 nömrəli, şəhər 5 nömrəli, Qaraoğlan, Əkşəm kənd tam orta məktəblərin hər birindən 1 nəfər olmaqla şəhər 7 nömrəli, Aran qəsəbə 2 nömrəli, Qoyunbinəsi, Kövər, Aşağı Qarxun, Xaldan, Salamabad kənd tam orta məktəblərin şagirdləri olmuşdur.
Ali məktəblərə qəbulda Yevlax şəhər 5 nömrəli məktəb xeyli yüksək nəticə əldə etmişdir. Məktəbin 74 nəfər məzunundan 59 nəfəri sənəd vermiş, 41 nəfəri tələbə adını qazanmışdır. O cümlədən məktəbin texniki və təbiət təmayüllü XI sinfini bitirən 21 nəfər məzunundan 20 nəfəri müxtəlif ali məktəblərə qəbul olmuş, onlardan 4 nəfəri 600-dən artıq bal toplamışdır. Təmayül siniflərin məzunlarından 12 nəfəri 500-dən artıq bal toplamışdır. Şəhər 2, 7, 8, 9, 10 nömrəli, Qaraməmmədli, Gülöyşə, Salamabad məktəblərinin məzunları da yüksək nəticə göstərmişlər. Təəssüf ki, şəhər 6 nömrəli, Balçılı, Rüstəmli, Tanrıqulular kənd tam orta məktəbin məzunları rayon üzrə zəif nəticə göstərmişlər.
Məktəblərdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi daima diqqət mərkəzində olmuşdur. Şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilən ardıcul, məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2018-2019-cu dərs ilində tələbə adını qazanan məzunlardan 9 nəfəri müxtəlif ali hərbi məktəblərə daxil olmuşdur. Onlardan Dövlət Sərhəd Xidməti Akademiyasına 2 nəfər, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 1 nəfər, Ali Hərbi Məktəbə 3 nəfər, Daxili Qoşunların Akademiyasına 1 nəfər, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasına 1 nəfər, Tibb Universitetinin hərbi həkim fakültəsinə 1 nəfər qəbul olmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 3 nəfər şəhər 5 nömrəli, hər birindən 2 nəfər olmaqla şəhər 2 nömrəli, Hürüuşağı, hər birindən 1 nəfər olmaqla şəhər 8 nömrəli, Salamabad kənd tam orta məktəbin məzunları olmuşdur.
C.Naxçıvanski adına hərbi liseyə 2018-ci ildə 1 nəfər qəbul olduğu halda 2019-cu ildə 8 nəfər qəbul olmuşdur. Onlardan 2 nəfəri şəhər 9 nömrəli, hər birindən 1 nəfər olmaqla şəhər 7 nömrəli, şəhər 6 nömrəli, Balçılı, Salahlı, Qaraoğlan, Aran qəsəbə 2 nömrəli məktəblərin şagirdləri olmuşdur. Son on ildə hərbi məktəblərə qəbul olan məzunların sayı 192 nəfərə çatmışdır. Onlardan 93 nəfəri ali hərbi məktəblərə, 99 nəfəri isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur.
2018-2019-cu dərs ilində 45 məktəbdə 1333 şagird məktəbəhazırlıq qruplarına cəlb olunmuşdur ki, bu da rayon üzrə olan 5 yaşlı uşaqların 75 faizi deməkdir. Yeni dərs ilində 1376 nəfər uşağın məktəbəhazırlıq qruplarında dərslər diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş, IV sinifdə dərs aparan ibtidai sinif müəllimlərinə həvalə edilmiş, həmin müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişlər.
Xaləddin NİFTƏLİYEV
Yevlax Rayon Təhsil Şöbəsinin müdir əvəzi