Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev 2017-ci ilin oktyabr ayından bu vəzifədə çalışır. İlk gündən özünü bacarıqlı və məsuliyyətli bir rəhbər kimi göstərməyi bacaran Zöhrab müəllim pedaqoji fəaliyyəti ilə də bu sahədə gərəkli bir mütəxəssis olduğunu sübuta yetirib. Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatlardan danışan Zöhrab Salayev deyir: «Təhsilin inkişafı hər bir ölkə üçün vacib amillərdən biridir. Respublikamızda da bu sahəyə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə şərait yaradır. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Aydın məsələdir ki, ölkəmizin sivil dünyaya inteqrasiyası və sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişafından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən və s. amillərdən asılıdır. Biz də öz işimizdə bunu əsas götürür və hər zaman dövlətimizin inkişaf tempinə uyğun olmağa çalışırıq».
Zöhrab müəllim məlumat üçün bildirdi ki, Lerik rayonunda ümumilikdə 106 məktəb var ki, bunlardan 36-sı tam orta, 47-si ümumi orta, 23-ü isə ibtidai məktəbdir. Burada 7282 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə1036 müəllim məşğul olur.
Qəzalı vəziyyətdə olan ümumtəhsil müəssisələrinin modul məktəblərlə əvəzlənməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2017-2018-ci tədris ilində bir çox bölgələrdə olduğu kimi, Lerikdə də yeni məktəb binaları tikilərək şagirdlərin ixtiyarına verilib. O cümlədən rayonun Əliabad, Almu, Qələbin, Bobla kəndində yeni məktəb binaları tikilərək istifadəyə verilib. Builki tədris ilində rayonda daha 10 məktəbin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Bütün məktəblər kompüter dəsti ilə təmin edilib. Yaranmış şərait təhsilin keyfiyyətinə müsbət təsir edir. Məhz bunun nəticəsidir ki, məzunların 50 faizi ali təhsil məktəblərinə qəbul olublar. Builki qəbul imtahanı zamanı 16 məzun 500-dən yuxarı bal toplayıb. Nücü məktəbinin məzunu isə 615 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi adını qazanıb.
Şagirdlərin yüksək səviyyədə təhsil almasında müəllimlərin əməyi böyükdür. Məhz belə uğurlu nəticələrə görə məktəb direktoru Validə Mədətova “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Hər zaman pedaqoji fəaliyyəti ilə qürur duyan Zöhrab Salayevin keçdiyi ömür yolu öz zənginliyi ilə diqqəti cəlb edir. O, 1960-cı ildə Lerik rayonunun Rvarud kəndində dünyaya göz açıb. Burada böyüyüb, boya-başa çatıb. Orta təhsilini başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya-biologiya fakültəsinə qəbul olunub. 1983-cü ildə universitetin coğrafiya-biologiya fakültəsini bitirərək təyinatla Lerik rayonuna göndərilərək Anzulu kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlayıb. Daha sonra Səxavət Hacıyev adına Rvarud kənd orta məktəbində coğrafiya müəllimi işləyib. 2009-cu ildən 2017-ci ilə kimi Rvarud orta məktəbin direktoru vəzifəsində çalışıb. Hələ tələbəlik illərində universitetin Tələbə-Elmi Cəmiyyətinin sədri olmuşdur. “Qızılağac Dövlət Qoruğunun biocoğrafi səciyyəsi və mühafizəsi” mövzusu üzrə diplom işi müdafiə etmişdir. Elə bu mövzu üzrə Gürcüstan Respublikasının Batumi şəhərindəki Dövlət Universitetində məruzə edərək fəxri diploma layiq görülmüşdür. 1988-ci ildə Azərbaycan müəllimlərinin IV qurultayında rayonda nümayəndə seçilmişdir. 1994-1995-ci illərdə Bakı Dövlət Universiteti nəzdində Elmi-pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlama institutunda Psixoloq ixtisasına yiyələnmişdir. 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda “Xüsusi istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətləri”nə dair ixtisasartırma kursunu bitirmişdir. YAP-ın üzvüdür.
Zöhrab müəllimin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülüb.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.03.2019 » Oxundu: 2092
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!