Astara rayonu Nizami Əliyev adına Maşxan kənd tam orta məktəbi rayonun sayılıb-seçilən təhsil ocaqlarından biridir. Məktəb 1936-cı ildən fəaliyyətə başlasa da, tam orta məktəb kimi 1976-cı ildən fəaliyyət göstərir. Məktəbə Bəylər Həsənov rəhbərlik edir. Bəylər müəllim 1958-ci il may ayının 6-da elə bu kənddə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji institutuna qəbul olub. 1985-ci ildə ali təhsilini bitirərək təyinatla rayonun Lovayın kənd orta məktəbinə göndərilib. Orta məktəbdə pedaqoji fəaliyyətə başlayan Bəylər müəllim daha sonra təşkilatçı müəllim və direktor vəzifəsinəcən yüksəlib. 1995-ci ildən sonra isə pedaqoji fəaliyyətini Maşxan kənd orta məktəbində davam etdirib. Burada əvvəl müəllim, daha sonra isə dərs hissə müdiri işləyib. 2004-cü ildə məktəbə direktor təyin edilib.
Bəylər müəllim məlumat üçün bildirdi ki, Maşxan kən orta məktəbində hazırda 625 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. Məktəbin 2 müəllimi – Müzəffər Hacıyev və Rövşən Bağırov «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibidir. Məktəbin nümunəvi müəllimləri sırasında Fatma Məmmədovanın, Xədicə Məmmədovanın, Leyla Qafarovanın, Dövlətağa Kərimovun, Əlibaba Məmmədovun və digərlərinin adını çəkmək olar. Bu müəllimlər diaqnostik qiymətləndirmədə qənaətbəxş bal toplayıblar.
Məktəbin məzunlarının hər il 50 faizi müxtəlif ali təhsil ocaqlarına qəbul olurlar. Ötən il bir nəfər 624 bal, 5 nəfər isə 500-dən artıq bal toplayıb. Əkbərova Səbinə isə 663 bal toplayaraq Prezident Yanında İdarəçilik Akademiyasına daxil olub.
Məktəbdə hər il məzunların görüşünü təşkil etmək artıq bir ənənə halını alıb. Məktəbin tanınmış məzunları çoxdur. Onlardan Lənkəran Dövlət Humanitar kollecin direktoru olan Ruslan Həmidovun, hərbçi Murad Həmidovun, Amerikada ali təhsil almış Rauf Məmmədovun, AzərTAc-ın müxbiri olmuş Üzeyir müəllimin və digərlərinin adını çəkmək olar.
Bəylər müəllim həm də məsuliyyətli ata, qayğıkeş ailə başçısıdır. Bir qızı, iki oğlu var. Qızı atasının yolu ilə gedərək müəllimlik sənətini seçib. Bu isə Bəylər müəllimə əsl qürur hissi bəxş edir.
Bəylər müəllim öz söhbətində respublikada təhsilin inkişafından da söz açdı. Qeyd etdi ki, bu gün təhsilə böyük dövlət qayğısı vardır. Təhsil hər zaman ölkə başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı təhsilə aid çoxsaylı layihələrlə bağlıdır. Onun prezidenti olduğu Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Bütün bunlar bir daha onu göstərir ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.01.2020 » Oxundu: 1427
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!