Masallı Dövlət Regional Kollecin direktoru Vidadi Nəzərov 1959-cu ildə Sabirabad rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Masallının Bədəlan kənd orta məktəbində müəllim kimi başlayan Vidadi müəllim daha sonra rayon partiya orqanlarında, komsomol, xalq nəzarəti və s. yerlərdə işləyib.
1990-cı ildə rayonun Dəmirçi kənd məktəbində müəllim işləyib. 2009-2011-ci illərdə Masallı rayon təhsil şöbəsində metodist vəzifəsində çalışıb.
2011-2014-cü illərdə Masallı «Dəfinə» məktəb-liseyin direktoru olub. 2014-cü ilə kimi burada işləyib. 2015-ci ilin sentyabr ayında isə Masallıda ilk dəfə fəaliyyətə başlayan Dövlət Regional Kollecinə direktor təyin edilib. 2013-cü ildə «Tərəqqi» medalına layiq görülüb.
Hazırda kollecdə 231 tələbə, 27 müəllim kontingenti var. 1 əməkdar müəllim, 1 filologiya üzrə fəlsəfə doktoru məktəbin müəllim heyəti arasındadır. Tələbələrdən ordu sıralarında xidmət edənlər də vardır. Kollecdə aqronom, baytar, meşə işi, tibbi xidmətin təşkili, məktəbəqədər, turizm – turizm işinin təşkili ixtisasları tədris edilir.
Kollecə 9-cu sinifdən qəbul edilmiş tələbələr 3 il 10 ay, 11-ci sinifdən qəbul olunmuş tələbələr isə 2 il təhsil alırlar. Kollec rayonun bütün tədbirlərində fəal iştirak edir. Ulu öndər Heydər Əliyevin anım gününə, Xocalı faciəsinə, 31 Mart Soyqırımı Gününə və s. həsr edilmiş rayon tədbirlərində kollec tələbələri xüsusi proqramla çıxış edirlər. Tələbələr hazırda ulu öndər Heydər Əliyevin ad günü yubileyinə hazırlıq işləri görürlər.
Qeyd etdiyimiz kimi, Masallı Dövlət Regional Kollecinin yaranması və inkişafında Vidadi müəllimin misilsiz xidməti vardır. O, həmçinin dövlətimizin yürütdüyü siyasətlə maraqlanan və onu özünün təfəkkür süzgəcindən keçirən bir ziyalıdır. Dövlətimiz və dövlətçilik ənənələrinə bütün varlığı ilə bağlı olan Vidadi müəllimin siyasi baxışları da onun nə qədər düzgün bir mövqedə olduğunu göstərir. Bu haqda danışarkən o deyir ki, «ulu öndərimizin yenidən siyasi hakimiyyətə gəlişi hər şeydən öncə xalqımızın varlığını və müstəqilliyini, milli dövlətçilik ənənələrini qoruyub saxladı. Bu da respublikamızı parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitlik yarandı. Ümummilli liderimiz eyni zamanda möhtərəm prezidentimiz İlham Əliyev cənablarının şəxsində Azərbaycanımızın müstəqilliyini, bütövlüyünü, sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini ömürlük təmin edəcək bir layiqli davamçısını müəyyənləşdirdi. Bu gün müstəqil Azərbaycanımız cənab İlham Əliyevin rəhbərliyi altında böyük, düşünülmüş düzgün bir yolla öz parlaq sabahlarına doğru addımlayır, yeni-yeni uğurlar əldə edir və dünyanın lider dövlətləri sırasında öz layiqli yerini tutmuşdur».

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.05.2019 » Oxundu: 2443
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!