Teymur Hacıyev üç ildən artıqdır ki, Şəmkir rayon Kommunal Müəssisələr Kombinatının rəisi vəzifəsində çalışır. O, 1976-cı ildə Şəmkir rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda aldıqdaq sonra Azərbaycan Texnologiya Universitetinə qəbul olub. 1997-ci ildə ali təhsilini bitirən Teymur müəllim daha sonra ikinci ali təhsil olaraq Azərbaycan Dövlət Aqrar Universitetində oxuyub. 2012-ci ildə təhsilini başa vuraraq Şəmkir Aqroservis idarəsində iqtisadçı vəzifəsində işə başlayıb. Daha sonra əmək fəaliyyətini rayonun 2 saylı Şərab zavodunda davam etdirib. Teymur müəllim, həmçinin Şəmkir İnzibati ərazi dairəsində, 2010-2013-ci illərdə isə Şəmkir Bitki Mühafizə mərkəzində mütəxəssis işləyib, Şəmkir Mənzil İstismar kontorunun rəisi vəzifəsində çalışıb. 2018-ci ildən Şəmkir rayon Kommunal Müəssisələr Kombinatının rəisidir.
Müəssisə haqqında ətraflı məlumat verən Teymur müəllim bildirdi ki, idarənin 99 nəfər və «Dost iş» mərkəzindən isə 547 nəfər işçisi vardır. Burada fəhlələrin əmək haqqı 250-300 manat civarındadır. İdarənin nümunəvi işçiləri sırasında Teymur müəllim sahə rəisi Etibar Sarıyevin, Babək Qasımovun, Vüqar Məmmədovun, Natiq Mansurovun, Ceyhun Mansurovun, Sərxan Novruzovun, Ayazın və digərlərinin adını xüsusi qeyd etdi. Onu da qeyd etmək yerinə düşərdi ki, idarənin zibillik paliqonu şəhərdən 3 km aralıdır və buraya atılmış zibillər həftədə 2 dəfə torpağa basdırılır.
Teymur müəllim öz söhbətində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun adını xüsusi hörmət və ehtiramla çəkdi. Bildirdi ki, icra başçısı bütün işlərin keyfiyyətli və vaxtında aparılması üçün lazımi köməyini, diqqət və qayğısını əsirgəmir. Bu isə hər bir işçiyə mənəvi güc verir.
Müəssisə bütün lazımi texniki avadanlıqlarla tam təmin olunub.Bu, işin daha keyfiyyətli aparılması üçün əsas vasitədir. Hazırda dünyanı lərzəyə salmış pandemiya ilə əlaqədar şəxsi gigiyena ilə bərabər ətrafımızın təmizliyinə daha çox ehtiyacımız var. İndiki dövrdə təmizlik birbaşa insanların sağlamlığına xidmət deməkdir. Odur ki, Təmizlik idarələrinin məsuliyyəti daha da artır. Müəssisə isə bu məsuliyyətli işin öhdəsindən məharətlə gəlir.


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 07.09.2020 » Oxundu: 1070
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!