Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Arif Heydərov öz işini sevən, tutduğu vəzifəyə məsuliyyətlə yanaşan yüksək ixtisaslı bir mütəxəssisdir. Həqiqətən də insanların sağlamlığı, gözəlliyin mayası məhz təmizlik, səliqə-sahmandır. Hazırda bütün dünyanı başına alan pandemiya bəlası ilə əlaqədar olaraq gigiyenik qaydalara, təmizliyə daha çox diqqət artırılıb. Bu baxımdan Kommunal müəssisələrin üzərinə böyük məsuliyyət düşür. Bu barədə öz fikirlərini bildirən Arif müəllim qeyd etdi ki, müəssisədə məhz təcrübəli və öz işinə məsuliyyətlə yanaşan insanlar çalışır.
Bərk məişət tullantılarının daşınması, şəhərin sanitar təmizliyinin tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi, tullantıların müxtəlif özəl müəssisələr və fiziki şəxslər tərəfindən pərakəndə, texniki normativlərə cavab verməyən formada daşınaraq şəhərin qadağan olunan yerlərinə atılmasının qarşısının alınması, qeyri-qanuni zibil poliqonlarının yaradılması, eyni zamanda dövlət tərəfindən alınmış kommunal təyinatlı avtomaşınlardan daha səmərəli istifadə olunması müəssisənin gördüyü işlərdir.
Arif müəllim öz söhbətində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adını xüsusi minnətdarlıq hissi ilə çəkdi. Bildirdi ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın bütün bölgələrində yenidənqurma və abadlıq-quruculuq işləri aparılır. Dövlət başçısının diqqət və qayğısı sayəsində Qazax rayonunda da aparılan abadlıq və quruculuq işləri günü-gündən geniş vüsət alır. Şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. İşlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür və "Abad məhəllə”lərin sayı artır. Küçələrdə görülən işlər də onu deməyə əsas verir ki, quruculuq işləri bundan sonra da uğurla davm etdiriləcək. Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi istər su və kanalizasiya sisteminin çəkilişini, istərsə də görülən işləri daim diqqət mərkəzində saxlayır. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman abadlıq-quruculuq işləri aparılan ərazilərdə görülən işlərin mövcud vəziyyəti ilə maraqlanır. Görülən işlərlə yerində tanış olur, hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verir. Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərini yüksək qiymətləndirən rayon sakinləri bu işlərə görə ölkə başçısı İlham Əliyevə və rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxladığı üçün rayon rəhbərliyinə təşəkkürlərini bildirirlər.
Şəhərin sanitar təmizliyinin lazımı səviyyədə qorunması üçün bütün gərəkli tədbirlərdən istifadə edən Kommunal Müəssisələr kombinatı əlindən gələni əsirgəmir. «Təmizliyin qayğısına qalmaq birbaşa insanların sağlamlığının qayğısına qalmaq deməkdir» – deyən Arif müəllim bundan sonra da daha fədakarlıqla çalışacağını bildirir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 06.08.2020 » Oxundu: 1289
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!