Lənkəran şəhərinin Haftoni kəndində yerləşən Lənkəran İstisu və Sağlamlıq Mərkəzi ölkəmizin turizm və müalicəvi turizm sektorunda özünəməxsus yer tutur. Mərkəzin direktoru Elmar Ağayevdir.
Mərkəz 1958-ci ildən müalicəvi sanatoriya kimi fəaliyyət göstərir. Bu mərkəz öz unikal müalicəvi qaynaqlı «İstisu»yu ilə məşhurdur. Sanatoriya Xəzər dənizindən 10 dəqiqəlik məsafədə yerləşir. Onu da qeyd edək ki, buranın ərazisi 11 hektar olmaqla dağ meşə ərazisini əhatə edir. Kompleks rayonun turizm imkanlarını daha da genişləndirir. Onu da qeyd edək ki, bura 1958-ci ildən fəaliyyət göstərdiyinə baxmayaraq 1974-cü ildə bura 4 mərtəbəli sanatoriya tikilmişdir. 1990-cı illərdən sonra baxımsız qalan bu sanatoriyanın yeni inşasına 2016-cı ildən başlamış və 2019-cı ildə Beynəlxalq standartlara cavab verən müasir istirahət mərkəzi kimi tiklib istifadəyə verilmişdir.
Sanatoriyanın açılışında Respublikamızın Prezidenti İlham Əliyev və onun xanımı Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etmişdir.
Mərkəz haqqında ətraflə məlumat verən Elmar müəllim qeyd etdi ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin fəaliyyəti regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.
Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.
Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilirlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərir.
Mərkəzdə 12 aktiv su mənbəyi var. Həmin su mənbələrindən 7 quyu tipli və 5 bulaq tiplidir. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb. Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir.
Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri,
maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi aparılır.
Burada 46 avtomobil yerlik qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da yaradılıb. Ölkə vətəndaşlarının və xarici qonaqların xidmətinə verilən bu müasir kompleks respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına mühüm töhfədir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 09.08.2020 » Oxundu: 982
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!