Türkiyədə türk dillərinin öyrənilməsi və araşdırılması çərçivəsində Azərbaycan dilinə həsr olunmuş “Azerbaycan Türkçesi Grameri” monoqrafiyası işıq üzü görüb.
Elazığ şəhərində yerləşən Fırat Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Süleyman Kaan Yalçının müəllifi olduğu kitab Bakı Dövlət Universitetinin 100 illiyinə ithaf olunub: “Bu çalışmayı Türklük Biliminin önemli merkezlerinden biri olan “Bakü Devlet Üniversitesi”nin kuruluşunun 100. yılına ithaf etmekten onur duyarım”. Qeyd edək ki, əsər Azərbaycan dili haqqında türkiyəli alim tərəfindən qələmə alınmış ilk geniş monoqrafik tədqiqatdır.
Kitabın elmi redaktoru Fırat Universitetinin Çağdaş türk ləhcələri kafedrasının müdiri, professor Ahmet Buran, rəyçiləri həmin kafedranın professoru Ercan Alkaya, BDU-nun müəllimləri - Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova və Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili üzrə redaktoru “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazovdur.
Əsər iki hissədən ibarət olub, Azərbaycan dilinin fonetik və qrammatik quruluşundan bəhs edir. Müəllif monoqrafiyanın elmi strukturunu Türkiyə nəzəri dilçiliyinin məzmununa uyğunlaşdıraraq qələmə alıb. Kitabda Azərbaycan dilinin tarixi və müasir məsələlərindən bəhs edən çox sayda elmi mənbələrə və ədəbi-bədii dil nümunələrinə istinad olunub.

Kriteri.az

Daxil olundu: 03.11.2018 » Oxundu: 2055
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!