Hər bir insanın ürəyində kök salmış bir uşaqlıq arzusu olur. O bəzən bu arzusunu gerçəkləşdirə bilir, bəzən isə alnına yazılmış tale qisməti müqəddəs sandığı bu arzunun həyata keçməsinə mane olur və bu istəyin səmtini dəyişir.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin sədri Flora Pənahovanın da qəlbində bir vaxtlar xəyalında qurduğu bir arzu olub. O, hələ uşaqlıqdan jurnalist olmaq, qəlbinin səsini, duyğularını, görüb-bildiklərini ağ kağıza köçürə bilmək, mətbuat səhifələrində imzasını qeyd etmək arzusu ilə yaşayıb. Lakin bu arzunun arxasınca getməyi anası məsləhət bilməyib və sevimli qızını öz ixtisasına yönəldib. Flora xanım anasının bu istəyini Allahın bir qisməti kimi dəyərləndirib və belə də edib. 

Bütün bunları Flora xanım onunla söhbətimiz zamanı söylədi. Müsahibə götürmək üçün otağına daxil olanda bizi çox xoş qarşıladı. Görüşüb hal-əhval tutduq. Deyəndə ki, məktəbin müəllimləri sizi çox tərifləyirlər, icazə versəniz bir mətbuat işçisi olaraq biz də sizin ömür yolunuza işıq salardıq. Cavab verdi ki, istəyinizə qarşı etirazım yoxdur, lakin bu təhsil ocağında məndən də yaxşı, layiqli pedaqoqlar var. Onun bu təvazökarlığı əslində düzgün ünvanda olduğumuza bir işarə idi. 

Flora xanımın bacarıqlı müəllim olması onu nəinki şagirdlərin, hətta müəllim kollektivinin də sevimlisinə cevirib, hörmət və ehtiramına layiq görüb. Məhz bu hörmət və ehtiramın nəticəsi olaraq pedaqoji fəaliyyətindən bir neçə müddət sonra onu TİAHİ Tovuz rayon komitəsinə sədr təyin ediblər. Flora xanım vətənpərvər ruhlu, milli köklərə, Vətənə, torpağa bağlı bir insandır. Bu yüksək xüsusiyyətlər onun iş fəaliyyətində də özünü büruzə verir. Bəlkə elə buna görə də Flora xanım bir komitə sədri olaraq Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə həmişə dəstək olub və onları ziyarət edib. Son günlərdə ziyarət etdiyi şəhid ailələrindən biri də 44 günlük Vətən müharibəsi şəhidi Tovuz rayonunun Hacılar kənd orta məktəbinin texniki işçisi Tural Sarıyevin ailəsi olub.

Flora xanımla söhbətimizdə bildirdi ki, komitə üzvlərinin sağlamlığı xüsusi ilə diqqət mərkəzindədir. Belə ki, sağlamlığı ilə bağlı problemi olan təhsil işçilərindən hər hansısı komitəyə ərizə ilə müraciət etdikdə onların istəyinə uyğun olaraq müxtəlif müalicə mərkəzlərinə istirahətə göndərilirlər və maddi durumu zəif olanlara isə yardımlar olunur. Komitə tərəfindən milli və dövlət bayramları, əlamətdar günlər qeyd edilir. Yeni il, 8 Mart, Novruz bayramı, Zəfər bayramı, Müəllimlər Günü isə xüsusi təntənə ilə keçirilir. Təqaüdə çıxanlar üçün də xüsusi yolasalma tədbiri keçirilir və onlar hədiyyə ilə təntənəli şəkildə yola salınır.

Təhsil müəssisələrində olan yeniliklərdən bəhs edərkən Flora xanım bildirdi ki, Heydər Əliyev Fondu tərəfindən "Təhsilə dəstək" layihəsinin uğurla həyata keçirilməsi, bu təhsil müəssisəsinin yeni dəstək və tədris vasitələri ilə təmin edilməsi təhsilin keyfiyyət səviyyəsinin artırılmasına və müəllimlərin öz peşələrinə daha da məsuliyyətlə yanaşmasına zəmin yaradır.

Gənc kadrlar Həmkarlar İttifaqı təşkilatında qeydə alınaraq "Gənc müəllimlər" birliyinə üzv olmaqla yaşadığı yerlərdə mənzil-məişət, əmək şəraitinin yaradılması, asudə vaxtların səmərəli təşkil olunması və s. məsələlərlə bağlı ATİAHİ-nın xidmətindən bəhrələnə bilirlər. Bu isə onların həyat şəraitlərinin daha da yaxşılaşması üçün lazımı bir təkandır.

Məktəbdə gördüklərimiz bizi inandırdı ki, Flora xanım pedaqoji sahəni seçməklə heç də səhv etməyib. Çünki hər kəsin uğuru onun öz peşəsinə necə böyük məsuliyyət və məhəbbət hissi ilə yanaşmasından çox asılıdır. Flora xanım isə seçdiyi peşəni çox sevir.

Gülağa

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 02.03.2024 » Oxundu: 520
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!