Gənc dilçi tədqiqatçı Qismət Cəfərovun Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının 100 illiyi münasibətilə tərtib etdiyi «Ümumi dilçilik müntəxəbatı» (Bakı, «Elm və təhsil», 2020, 320 s.) kitabı nəşr olunmuşdur. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Məmmədov, rəyçiləri filologiya elmləri doktoru, professor Məmmədəli Qıpçaq, filologiya elmləri doktoru, professor Tofiq Müzəffəroğlu, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktoru isə Dəyanət Osmanlıdır.
Azərbaycanda ümumi dilçiliyin əsası Bəkir Çobanzadənin “Türk-tatar lisaniyyatına mədxəl” (1924) əsəri ilə qoyulmuşdur. Azərbaycan dilçiliyində ilk dəfə olaraq bu əsərdə dilçiliyin predmeti, tarixi, dilin daxili quruluş məsələləri, dilin mənşəyi, dillərin tipoloji və genealoji təsnifi və s. haqqında yığcam, lakin o dövr üçün əhəmiyyətli olan məlumat verilmişdir. Bundan sonra bu sahədə yaranmış boşluğun doldurulmasında N.Məmmədovun 1961-ci ildə nəşr edilmiş “Dilçiliyin əsasları” adlı dərs vəsaiti, ilk nəşri 1966-cı, ikinci nəşri isə 1980-ci ildə olmuş “Dilçiliyə giriş” (həmmüəllifli) dərsliyi mühüm rol oynamışdır.
Azərbaycanda ümumi dilçilik sahəsinin formalaşmasında A.Qurbanov və A.Axundovun da xidmətləri böyükdür. Onların “Ümumi dilçilik” dərslikləri Azərbaycanda ümumi dilçilik məsələlərinin tədrisi baxımından indi də öz əhəmiyyətini saxlamaqdadır. Bundan sonra A.Babayevin, Z.Verdiyeva, F.Ağayeva və M.Adilovun, Ə.Rəcəblinin, F.Veysəllinin, A.Məmmədovun, N.Cəfərovun və adını çəkmədiyimiz bir çox dilçilərin bu sahədə gördüyü işlər ümumi dilçilik sahəsinin daha da inkişafına xid¬mət etmişdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycanda ümumi dilçiliyin ayrıca ənənəsi olmayıb. Azərbaycandakı ümumi dilçilik dərslikləri də vahid bir ideologiyanın təsir dairəsində olan sovet dilçiliyində formalaşmış dərsliklərdəki sistemdən kənara çıxmayıb. Buna görə də belə dərsliklər, əsasən, informativ, ya da icmal xarakterli olub. Azərbaycanın filologiya yönümlü ali məktəblərində dilçilik tarixi məsələləri “Ümumi dilçilik” fənninin tərkib hissəsi kimi öyrədilir. Dilçilikdə mövcud olan əsərlərin böyük əksəriyyətinin Azərbaycan dilinə tərcüməsi olmadığı üçün tələbələr bu əsərlərdəki dilçilik fikri ilə ilk mənbələr əsasında deyil, onlar haqqında yazılmış əsərlər və ya sadəcə olaraq dərsliklər vasitəsi ilə tanış olurlar. Lakin ədalət naminə demək lazımdır ki, son zamanlar bu sahədə də müəyyən işlər görülmüşdür.
Oxuculara təqdim olunan bu “Müntəxəbat” “Ümumi dilçiliy”in tədrisi işinə yardımçı vəsait kimi nəzərdə tutulmuşdur.
Müntəxəbat Por-Royal qrammatikası haqqında məlumatla başlayır və sonra “Ümumi və rasional qrammatika”dan seçmələrin tərcüməsi verilir. Müxtəlif rasional qram¬matikalar yazılsa da, onların heç biri “Por-Royal qrammatikası” qədər məşhurlaşa bilməmişdir. F. de Sössür bu əsəri F.Boppun qrammatikasından da üstün tutmuşdur. Hətta bəzən bu əsərlə ümumi dilçiliyin yarandığı göstərilir. Əlbəttə, bu fikirlə razılaşa bilməsək də, “Por-Royal qrammatikası”ndan seçmələrin müntəxəbata daxil edilməsini məqsədəuyğun sayırıq.
XIX əsrin əvvəllərində bir neçə dilçi bir-birindən asılı olmadan dillərin qohumluğunu sübutetmənin, müqayisə əsasında dillərin tarixini öyrənməyin, ilkin formaları bərpa etmənin prinsiplərini müəyyənləşdirirlər, beləliklə, müqayisəli-tarixi metod kəşf olunur, müqayisəli-tarixi dilçilik bu elmin əsas istiqamətlərindən birinə çevrilir. Müqayisəli-tarixi dilçiliyin nəzəri-ümumi dilçiliyin formalaşmasında da rolu olmuşdur. “Müntəxəbat”a Frans Boppun, Rasmus Raskın tədqiqatlarından seçmələrin tərcüməsi daxil edilmişdir.
Ümumi dilçiliyin banisi böyük alman alimi V.Humboldtdur. İxtisasca hüquqşünas olan V.Humboldt dilçiliyə gec gəlmiş, dil haqqında on yeddi əsər yazmışdır. Geniş dünyagörüşünə malik olan V.Humboldt dövrünün fəlsəfi biliklərini, xüsusən alman fəlsəfəsini dərindən mənimsəmiş, dilçilik görüş¬lərini də bu əsasda formalaşdırmış, lakin dilçiliyi fəlsəfədən ayıraraq dil haqqında özünəməxsus konsepsiya yaratmışdır. Dilçilik tarixində V.Humboldt müstəsna bir yerə malikdir. Özündən sonrakı dilçilik fikrinə də onun böyük təsiri olmuşdur. V.Humboldt dili bütün ilmələri bir-biri ilə bağlı olan hörülmüş parçaya bənzədir, onu öz hissələri olan, hissələrindən təşkil olunan bir bütöv kimi qiymətləndirirdi. Dilin və nitqin bir-birinə qarşı qoyulması da V.Humbodtun adı ilə bağlıdır. Tədqiqatçıya görə, bir bütöv kimi mövcud olan dillə xalqın ağzındakı danışıq eyni şey deyil. V.Humboldt dili həm fəaliyyət, həm də fəaliyyətin məhsulu kimi qəbul etmiş, dilin fəaliyyətini onun mövcudluq forması kimi qiymətləndirmişdir. Dili bütün maddi və mənəvi sərvətlərinin məcmusu kimi qəbul etdiyi xalq ruhunun ifadəçisi kimi anlayan tədqiqatçı dünya dillərinin müxtəlifliyini xalqların ruhlarının müxtəlifliyində görür, dilin daxili və xarici formalarını bir-birinə qarşı qoyurdu. V.Humboldtun antinomiyalarında dilin çoxcəhətliliyi öz əksini tapmışdır.
“Müntəxəbat”a N.Cəfərovun tərcüməsində “İnkişaflarının müxtəlif dövrlərinə tətbiq edilməklə dillərin müqayisəli öyrənilməsi haqqında” (1820) məqaləsi və Ə.Rəcəblinin tərcüməsindən “Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafına təsiri haqqında” əsərindən bir neçə bölmə daxil edilmişdir.
Dilçilik tarixində A.Şlayxerin də özünəməxsus yeri vardır. Müqayisəli-tarixi dilçiliyin də görkəmli nümayəndəsi olan A.Şlayxer ulu hind-Avropa dilini bərpa edən ilk tədqiqatçıdır. O, naturalizm dilçilik cərəyanının da banisi sayılır. Müntəxəbatda onun “Darvin nəzəriyyəsinin dil haqqında elmə tətbiqi” əsərindən seçmələr və “Hind-Avopa dillərinin müqayisəli qrammatikasının kompendiumu” əsərinin ön sözü daxil edilmişdir.
Görkəmli dilçi B.de Kurtenenin “Fonem” məqaləsindən sonra “Müntəxəbat”da F. de Sössürün “Ümumi dilçilik kursu” əsərinin “Giriş” hissəsinin beş fəsli verilmişdir. F. de Sössür müasir dilçiliyin banisi hesab edilir. Bu dahi dilçi dil haqqında özünəməxsus bir konsepsiya yaratmışdır. O, dilin mahiyyətini aydınlaşdırmış, dilçiliyin obyektini müəyyənləşdirmiş, dili işarələr sistemi kimi qiymətləndirmiş, dil işarəsinin strukturunu açıqlamış, tədqiqatın sinxron və diaxron aspektlərini, sinxronik və diaxronik dilçiliyi fərqləndirmiş, daxili və xarici linqvistikanı bir-birindən ayırmışdır. XX əsrin əsas dilçilik cərəyanı olan strukturalizm dilçiliyin ümumi inkişafı fonunda formalaşsa da, F. de Sössürün dilə baxışı üzərində inkişaf etmişdir. Struktur dilçilik məktəbləri kifayət qədər müstəqil tədqiqat yönünə və tədqiqat üsullarına malik olan məktəblərdir. Lakin onları birləşdirən, bir cərəyan halına gətirən ümumi prinsiplər var və bunların içərisində F. de Sössürün “Ümumi dilçilik kursu”ndakı başlıca müddəalar xüsusi yer tutur:
1) dilçiliyin obyekti kimi dil; 2) dilin sistemliliyi; 3) dilin substansiya deyil, forma olması; 4) dildə hər şeyin münasibətlərə əsaslanması.
“Müntəxəbat”a N.Cəfərovun tərcüməsində “Praqa dilçilik dərnəyinin tezisləri”, Lui Yelmslevin “Dil və nitq”, “Dilçilikdə struktur təhlil metodu” məqalələri, Frans Boasın “Amerika hindu dillərinə dair əl kitabı”na giriş, E.Sepirin “Dil”, V.Ərəbov, Q.Heybətovun tərcüməsində L.Blumfildin “Dil” əsərindən “Dil kollektivləri” başlıqlı hissə və A.Məmmədovun tərcüməsində N.Xomskinin “Dil və təfəkkür” əsərindən “Təfəkkürün tədqiqinə linqvistik töhfə (Keçmiş)” fəsli daxil edilmişdir.
Ümumən, “Müntəxəbat”ın tərtibçisi BDU-nun Ümumi dilçilik kafedrasının magistri Qismət Cəfərov qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilmiş, dilçilik fikrinin ümumi inkişafı haqqında aydın təsəvvür verən seçmələr toplusu yarada bilmişdir. Mən bu fikirdəyəm ki, bu müntəxəbat “Ümumi dilçilik” fənninin tədrisinə əhəmiyyətli dərəcədə yardımçı, köməkçi vasitə olaraq, tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə kömək edəcək, yeni və daha mükəmməl topluların yaradılmasına da yol açacaqdır.

Məhəmməd Məmmədov
BDU-nun Ümumi dilçilik kafedrasının dosenti

Daxil olundu: 06.03.2020 » Oxundu: 194
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!